Maraq dünyası
Qorxduğumuz başımıza gəlir - Həqiqət, yoxsa mif?
Bəlkə də hər gün ətrafımızda onlarla insan qorxduğunun və ya ürəyinə damanın başına gəlməsi ilə bağlı hekayələr danışır. “Qorxduğum başıma gəlir” ifadəsi o qədər geniş yayılıb ki, az qala atalar sözlərinə çevrilib. Belə hadisələr hər birimizin həyatında bir dəfə də olsa, baş verib, məncə. Ən çox qorxduğun xəstəliyə yoluxursan, itirməkdən ən çox qorxduğun adamı itirərsən. Qorxular müxtəlifdir. Ümumiyyətlə, qorxu və stress insan ömrünü azaldır. Yaxud, tutaq ki, vacib bir iş görüşümüz var və tez-tez deyirik: “Bircə, gecikməyim, bircə, vaxtında çatım”. Amma həmin gün sən duşda olanda sular kəsiləcək, ən lazımlı sənədini evdə unudacaqsan, hələ bu da azmış kimi yolda tıxaca düşəcəksən və nəhayət gecikəcəksən. Mörfi qanunlarına görə, “hər hansı bir işdə tərslik yaşanması ehtimalı varsa, deməli, bu ehtimal yaşanacaq”. Təbii olaraq öz-özünüzə “mənimlə bu fələyin iddiası nədir?, “demişdim axı belə olacaq, ürəyimə dammışdı axı, qorxduğum başıma gəldi” deyəcəksiniz.
Arzuolunmaz hadisələr, neqativ informasiya və pis hadisələrdən qaçmaq ta qədimdən insanın beynində ən çox yer tutan məsələ olub. Amma insan pis hadisədən nə qədər çox qorxursa, tərs kimi o da gəlib onu tapır. Bu sindrom haqqında Fransız psixoloq Emile deyir ki, “xəyal və iradə ziddiyyət təşkil edəndə, istisnasız olaraq həmişə təsəvvür qalib gəlir”. Ronda Bernin “The secret” kitabında deyilir: “Buna inan, nə düşünürsənsə, onu da cəlb edirsən”, “hər bir mənfi hiss və düşüncə yaxşı şeylərin sizə gəlməsini əngəlləyir”.
Bəs bu mexanizm necə işləyir?
Psixoloq Fərqanə Mehmanqızı Publika.az-a açıqlamasında deyir ki, bunlar hamısı həyat kəfgirinin fitnəsidir.
“Belə bir psixoloji inam var: insan qorxularından ibarətdir. Qorxular enerji göndərir və pis hadisələr, yaxud da çəkindiyin insanlar səni maqnit kimi özünə çəkir. Bu, sırf enerji ilə bağlıdır. Qorxduğumuz zaman, sanki kainata mesaj göndəririk ki, bu hadisə mənim başıma gəlsin. Oxuduqlarımızdan, öyrəndiklərimizdən belə bir nəticə hasil olur ki, kainat “ma-mə” inkar şəkilçiləri qəbul etmir. Yəni əgər biz bir şeyin olmamağını istəyiriksə, sondakı inkar şəkilçisi silinir və kainat onun olmağını istəyirmişik kimi qəbul edir. Ona görə də, özümüzü nə qədər pozitivə yükləsək, enerjimiz bir o qədər pozitiv enerjilərlə birləşər. Çünki hər kəs bilir ki, insan enerjidir. Və həmin enerjilər bir-birini çəkir. Əks enerjilərə məxsus insanlar isə bir-birilərini itələyir. Bizi yoran vampir enerjili insanlardan uzaq durmalıyıq”.
Budda: “Hazırki vəziyyətimiz, bir zamanlar fikirləşdiyimiz düşüncələrin nəticəsidir”
Psixoloq vurğulayıb ki, həyat duyğu və düşüncələrdən ibarətdir. Necə baxsaq, qarşımıza elə hadisələr çıxacaq.
Mövzu ilə bağlı Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov isə deyir ki, qorxduğumuz hər hadisənin başımıza gələcəyi inancı mifdir.
“Çünki biz çox şeydən qorxuruq, amma onlar həmişə bizim başımıza gəlmir. Bu hadisələr gəlib bizi tapanda isə “elə mən bundan qorxurdum, bu da başıma gəldi” deyirik. Tutalım, biz avtomobil qəzasına düşməkdən qorxuruq. Bu hadisə başımıza gələnə qədər ona adi bir hal kimi baxırıq. Başımıza gəldikdə isə qorxularımız yadımıza düşəcək.
Qorxu təkcə insana yox, bütün canlılara xasdır. Qorxu insanın həyatda qalmasını təmin edən bir siqnalizasiyadır. Hər hansı bir təhlükəli hadisənin baş verə biləcəyini əvvəlcədən bizə deyən xəbərdarlıq sistemidir .
Atom enerjisi var, istilik enerjisi var, elektrik enerjisi var, amma müsbət və mənfi enerji yoxdur. Müsbət enerjili adamlar mövzusuna gəlincə, əgər o adamdan xoşumuz gəlirsə, dünyagörüşümüz, düşüncələrimiz üst-üstə düşürsə, gözəllik etalonumuza uyğundursa, normal olaraq bizi çəkir. Eyni şey yanında sıxıldığımız adamların mənfi enerjili olması iddiasına da aiddir. Adamdan yalnız istilik enerjisi çıxa bilər”.
Başınıza pis hadisələr gələndə, həmin an düşünəcəksiniz ki, necə bəxtsiz, necə ayağıağır adamam. Ya da elə hesab edəcəksiniz ki, sizə cadu ediblər, bəlkə də düşmənlərinizin çox, hamının gözünün üzərinizdə olmasından şikayətlənəcəksiniz".
İlahiyyatçı Elşad Miri isə bunun batil bir inanc olduğunu söyləyir:
“Belə inancların insanların həyata daha nikbin baxması və ya bədbinlikdən qurtulması üçün təsiri ola bilər. Amma dində belə bir şey yoxdur. Faktiki olaraq Quranda belə bir ayə var: “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz”. Ona görə də həmin anda pis görünən məsələni müsbət tərəfə yoza bilərik. Bu, insana həm motivasiya verir, həvəsləndirir, həm də insanın həyata olan baxışını dəyişir. Yoxsa ki, “xeyir fikirləşim xeyir olsun, şər fikirləşim şər olsun” deyə bir prinsipiallıq yoxdur . Lakin yenə də, istənilən halda, xeyir haqda düşünsək, daha yaxşı olar. Ümumiyyətlə, pis hadisə anlayışı nisbi anlayışdır. Məsələn, bir uşağı, hər səhər məktəbə getsin deyə erkən saatlarda oyadırıq. Bu, həmin uşağa görə pisdir. Amma zaman keçdikcə, nizam-intizama öyrəşdikcə, bizə təşəkkür edəcək. Yəni bu baxış bucağı ilə əlaqəli bir şeydir.
Hələ bəzi “işbazlar” dua yazıb verirlər və insanları aldadırlar ki, “bunu boynunda gəzdir, səni qoruyacaq”. Demək istəyirəm ki, bu, tamamilə absurd və faydasızdır”.
Belə bir yanaşma var: əslində pis və yaxud yaxşı hadisə yoxdur. Sadəcə hadisə var. Hadisələrə şəkil vermək baxış bucağımızdan asılıdır. Başımıza pis, ağlasığmaz hadisələr gəldiyi zaman güclü iradə ilə faciəni də müsbət vəziyyətə çevirə bilərik.
Ayşən Rəhim
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO