Erməni nazirdən azərbaycanlılarla bağlı tarixi ETİRAF: “Onlar...” - - FOTO
Bizi izləyin

Tarix

Erməni nazirdən azərbaycanlılarla bağlı tarixi ETİRAF: “Onlar...” - - FOTO

Ermənilərin tarixi Azərbaycan ərazilərinə qarşı növbəti iddiası, bədnam qonşularımızın Qarabağla bağlı yeni-yeni planları ötən əsrin 40-cı illərinin ortalarında gizli şəkildə baş qaldırdı.

Ermənilərin tarixi Azərbaycan ərazilərinə qarşı növbəti iddiası, bədnam qonşularımızın Qarabağla bağlı yeni-yeni planları ötən əsrin 40-cı illərinin ortalarında gizli şəkildə baş qaldırdı. Stalinin əlaltılarından olmuş Anastas Mikoyanın gizli dəstəyi ilə yaradılmış və fəaliyyəti leqallaşdırılmış “Qarabağ hərəkatı”nın, “Qarabağ komitəsi”nin əsas hədəfi respublikamzın dilbər guşəsinin ölkəmizdən qopardılması məqsədi daşıyırdı.

Publika.az bildirir ki, 1945-ci ilin payızında Ermənistan rəhbərliyi növbəti dəfə Moskva qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi məsələsini qaldırır. ÜİKP Mərkəzi Komitəsinin katibi Georgi Malenkov Azərbaycan SSRİ-nin o zamankı rəhbəri M.C.Bağırova yazdığı məktubunda bu məsələ ilə bağlı məlumat verir və onun rəyini soruşur. Lakin Bağırov Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu əsas gətirərək ermənilərin bu istəyini rədd edir.

Lakin Moskva ermənilərin digər arzusunu reallaşdırdı. Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 1946-cı ilin oktyabrında xarici ölkələrdə yaşayan ermənilərin - axbarların Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı fərman verdi. Bununla da azərbaycanlıların Ermənistan SSR-dən qovulmasının növbəti mərhələsinə start verildi. 1947-ci il dekabrında isə SSRİ Nazirlər Soveti "Ermənistan SSRİ-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Qərara əsasən, 1948-1950-ci illərdə 100 min soydaşımızın, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1 il sonra isə 50 min azərbaycanlının "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülməli idi. Əslində isə söhbət heç bir “könüllülük” prinsipindən getmirdi. Bunu həmin vaxtlar Ermənistan SSR daxili işlər naziri vəzifəsində çalışmış general-mayor Xoren Qriqoryanın arayışındakı etirafları da sübut edir:

Azərbaycanlıların Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında hökumətin qərarının rəsmi elan edilməsinə hələ çox qalmış Ermənistan SSR-in əhalisi arasında bu barədə məlumatlar dolaşmağa başladı və bu tədbirin məqsədlərinin hər cür düzgün olmayan şərhləri törəyirdi. Bizim tərəfimizdən azərbaycanlıların yeni yaşayış yerinə köçmək istəmədikləri barədə çoxsaylı mülahizələri, onların bəzilərinin qəbiristanlıqlara gedərək orada doğmalarının qəbirləri üstündə ağlamaları və köçürülməmələri üçün dua etmələri faktları müəyyən edilib.

Habelə kolxozçuların tarla işlərinə çıxmaması, öz meyvə bağlarını qırması, yaşayış evlərini və yardımçı tikililərini dağıtması faktları da qeyd olunub. Düşmən elementlər bu mənfi əhval-ruhiyyədən istifadə edir, antisovet təşviqatı aparır və köçürülməni SSRİ ilə Türkiyə arasında müharibə olan halda, sovet hakimiyyətinin azərbaycanlılara etibar etməməsi hərəkəti kimi şərh edirlər.

Hökumətin əhalinin azərbaycanlı hissəsinin Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında qərarı rəsmi elan ediləndən və sovet-partiya təşkilatları tərəfindən həmin tədbirlərin məqsədləri aydınlaşdırılandan sonra vəziyyət xeyli yaxşılaşıb, xüsusən, ovalıqda yerləşən Vedi və Zəngibasar rayonlarında azərbaycanlıların mümkün qədər tez Azərbaycan SSR-ə köçmək arzuları müşahidə edilir.

Lakin bizə daxil olan xüsusi qaydalı məlumatlardan bəlli olur ki, Ermənistan SSR-in əhalisinin azərbaycanlı hissəsi arasında mənfi əhval-ruhiyyə davam edir, bu xüsusilə respublikanın izahat işləri qeyri - qənaətbəxş aparılmış dağ rayonlarında: Basarkeçərdə, Amasiyada, Sisyanda və digərlərində müşahidə olunur. Sərhədin arxasında qohumluq əlaqələri olan bəzi antisovet əhval-ruhiyyəli elementlər köçürülməyə öz narazılığını bildirərək qeyri-qanuni Türkiyəyə keçmək niyyətlərini söyləyirlər”.

Arayışda qeyd olunur ki, qarşıdakı köçürülmə barədə elan edilən və bu tədbirin məqsədləri aydınlaşdırılan zaman kolxozçuların yığıncaqlarında iştirak edənlər şəxsi söhbətlərdə çoxları öz əhatəsində bu tədbirə narazılığını bildiriblər: “Bu əhval-ruhiyyə, bir tərəfdən, qeyri-qənaətbəxş izahat işləri nəticəsində davam etməkdədir və digər tərəfdən ona görə ki, Ermənistanın yüksək dağlıq rayonlarında yaşayan azərbaycanlılar Azərbaycan SSR-in ovalıq rayonlarına köçmək istəmir. Bundan əlavə, köçürülməsi nəzərdə tutulan azərbaycanlıların daşınmaz əmlakının dəyərinin ödənilməsi yaxud onlara həmin əmlakı fərdi qaydada satmaq üçün icazə verilməsi məsələsi indiyə kimi həll edilməyib.

Bu və bir sıra digər məsələlərin həll edilməsi üçün çoxları rayonlardan Yerevana gəlirlər, lakin cavab ala bilmirlər, çünki Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi Məmmədov yoldaşın xəstəliyilə əlaqədar olaraq Ermənistan SSR-də Köçürmə İdarəsinin işi demək olar ki, özbaşına gedib”.

O, arayışda azərbaycanlıların qarşıdakı köçürülmələrilə bağlı söylədikləri narazı fikirləri və həmin tədbirə əhalinin erməni hissəsi tərəfindən münasibətin bəzi səciyyəvi faktları da göstərib. Habelə Amasiya rayonu üzrə soydaşlarımızın yaz əkini məhsullarından onlara bu məhsuldan heç nə çatmayacağı, soydaşlarımızın təsərrüfatının isə xarici ermənilərə veriləcəyi barədə fikirlərini də qeyd edib: “Quzukənd kəndinin sakini İsmayılov Xan Əhməd oğlu kolxozçularla söhbətində deyib: "Deyirlər ki, köçürülmə könüllü surətdə olacaq. Bu, doğru deyil. Bizimlə də Axalkalakidəki azərbaycanlılarla etdikləri kimi rəftar edəcəklər: dəmir yolu vaqonlarına mindirəcək və Qazaxıstana göndərəcəklər. Qəfildən olmaması üçün hazırlaşmaq lazımdır…”

Kiçik Təpəköy kəndinin sakini İsmayıl Əhmədov öz həmkəndlilərilə söhbətdə deyib: "Leninakanda (indiki Gümrü) deyirlər ki, bizi, - azərbaycanlıları - 24 saat ərzində Qazaxıstana sürgün etməlidirlər, lakin nə vaxt - hələ heç nə məlum deyil…"

Çivinli kəndinin sakinləri: Məmmədov Knyaz Məmməd oğlu, Əliyev Mirzə Qurban oğlu və Aşırov Məmməd kolxozçularla söhbətdə demişlər: "Tezliklə bizi köçürəcəklər, lakin nədənsə bu barədə bir dəfəyə deməkdən qorxurlar. Görünür, düşünürlər ki, kolxozçular Türkiyəyə gedərlər…Nə etməli, bilmirəm. Mən axmaq oldum, çoxdan Türkiyəyə getmədim, indi isə sən istədiyin yerə yox, sənə haranı desələr, oraya köçməlisən".

Adı çəkilən kəndin kolxoz idarə heyətinin sədri Kərimov Əli kolxozçularla söhbətdə deyib: “Azərbaycanlıların Ermənistandan Azərbaycana köçürülməsi barədə əbəs yerə məsələ qaldırılırdı. Kolxozçuların çoxu getmək istəmir”.

Arayışda Zəngibasar, Vedi, Basarkeçər rayonu üzrə soydaşlarımızın köçürülmə ilə bağlı fikirləri qeyd edilib. Qeyd edək ki, dağlıq ərazilərdən Azərbaycanın Aran bölgəsinə köçürülmüş soydaşlarımızın hər üçündən biri məişət çatışmazlığı, xəstəliklər, susuzluq və yerli şəraitə uyğunlaşmayaraq dünyalarını dəyişdilər. Bütün bunlar bir yana, Ermənistandan köçürülmə üçün ayrılmış vəsaitin 52-54 faizi erməni məmurlarının cibinə axdı.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm