"Azərbaycan türklərinə Ermənistanda məsul vəzifələr nadir hallarda verilirdi"
Bizi izləyin

Tarix

"Azərbaycan türklərinə Ermənistanda məsul vəzifələr nadir hallarda verilirdi"

"Burdan min atlı keçdi", yaxud tarixləşən ömür-gün

Tarix təkcə kitabələrdə, salnamələrdə, yazılı abidələrdə deyil, tarixi özü yaşayaraq yazanların abidə əsərlərində də gələcəyin mənəvi dövriyyəsinə buraxılır. Elə Hidayətin "Burdan min atlı keçdi" əsəri kimi…

İstedadlı şair, dramaturq, publisist və tərcüməçi Hidayətin sözügedən əsəri səksəninci illərin sonlarında "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" jurnalında və nəhayət, 1990-cı ildə kitab kimi nəşr olunub. Lakin nə qəzet, nə jurnal variantı, nə də 1990-cı ilin kitab nəşri müəllifi tam qane etməmirdi. Odur ki, o, həmin əsərin üzərinə yenidən qayıdaraq - sovet senzura qadağalarının parçalayıb qırağa qoyduğu hissələri, həmçinin yeni əlavələrini 2016-cı il nəşrinə qatmaqla daha təkmil bir kitab ərsəyə gətirdi. Əsəri oxuduqca tarixi torpaqlarımızda sonradan süni şəkildə qurulmuş erməni dövlətinin hakimiyyəti illərində Azərbaycan türklərinə şovinist münasibəti, milli toponimiyamızın - şəhər, kənd, qəsəbə, dağ, çay və s. adlarının erməniləşdirilməsini, Kreml qəyyumçuluğundan istifadə etməklə soydaşlarımızın necə sıxışdırlmasını yazıçının real fakta söykənən təsvir və təhlillərində olduqca aydın görürük.

Ömrünün böyük bir hissəsini Qərbi Azərbaycanda yaşayan, çətin və dolaşıq bir mühitdə müxtəlif vəzifələrdə çalışan Hidayətin bu əsəri indi bizlər üçün önəmli olduğu qədər gələcək nəsillər üçün də dəyərli tarixi mənbədir. Bunu yaxşı bilən müəllif özü də qeyd edir ki, "bu kitaba yenidən qayıtmaqda məqsədim Qərbi Azərbaycanda təxminən 40 il müddətində gedən prosesləri, lap başlıcası - 18 ildə gördüklərimi, duyduqlarımı qələmə almaq, oxucuya həqiqəti, yalnız həqiqəti (!) çatdırmaqdır".

Əslində, bütün memuarlarda olduğu kimi, bu əsərin də baş qəhrəmanı müəllifin özüdür. Onun uşaqlıq illəri, doğulduğu Maralzəmi, oxuduğu Lök kəndi, ilk müəllimləri, şagird yoldaşları, kənd cavanları, ağsaqqal, ağbirçəklər, bir sözlə, o illərin həyat və məişəti, daha sonralar həmin kəndə müəllim kimi qayıtmağı, "Sovet Ermənistanı" qəzetinə işləmək üçün dəvət olunmağı, müəyyən vaxtdan sonra İrəvan Dövlət Azərbaycan Teatrına direktor təyin olunmağı, bu illər ərzində müxtəlif insanlarla ünsiyyətdə olmağı maraqlı detallarla verilir.

Uşaq vaxtlarından bədii ədəbiyyata dərin marağı olan, lakin digər fənləri də eyni səviyyədə öyrənən, sevən Hidayətin orta məktəb illərində yazdığı şeirlər sonradan - universitet illərində mətbuat vasitəsilə geniş (həm də kütləvi) auditoriyaya çıxarıldı. Doğma kəndə müəllim kimi işləməyə qayıdanda o, istər şeirlərini, istərsə də publisistik yazılarını "Sovet Ermənistanı" qəzetinə yollayardı. Bu yazıların bir qismi dərc olunanda gənc yazarın özünə inamı artardı. Və günlərin birində "Sovet Ermənistanı" qəzetinin dəvətilə İrəvana getməyi Hidayətin gələcək taleyində dönüş yaratdı. Bir neçə il həmin qəzetdə əməkdaşlıq edən, jurnalistikanın sirlərinə bələd olan, bu sahədə püxtələşən şair-publisist o zaman qəzetin redaktoru olan Həbib Həsənova minnətdarlığını mənəvi borcu hesab edir: "İndi o gecəni, o həm qısa, həm də uzun yolu xatırlayanda, İrəvanda yaşadığım 18 ilin aylarına, günlərinə, anlarına nəzər salanda inamla bu qənaətə gəlirəm ki, əgər Qərbi Azərbaycanda, indi "Ermənistan" deyilən respublikada Azərbaycan mədəniyyətinin, ədəbi mühitinin, teatrının inkişafında azca da olsa xidmətim varsa, ilk növbədə o kişiyə - Həbib Rəhim oğlu Həsənova minnətdaram.

Təbii ki, o illərdə Azərbaycan türklərinə Ermənistanın hakimiyyət dairələrində məsul vəzifələr nadir hallarda verilirdi. Ancaq vəzifədə olan soydaşlarımız belə zəhərli, erməni havalı bir mühitdə xalqının və yurdunun naminə dönmədən, sarsılmadan mübarizə aparırdı. Dilimizin, dinimizin, milli dəyərlərimizin uğrunda bütün enerjisini qoyan belə ziyalılardan biri heç şübhəsiz, Həbib Həsənov olub.

Bu kitabda yazıçı uzun illər İrəvanda, ümumən Qərbi Azərbaycanda mədəni, mənəvi mühitimizin formalaşmasında çox böyük xidmətləri olan ziyalılarımız barədə, məsul vəzifələrdə çalışan dövlət xadimlərimiz haqqında portret yazılara ayrıca yer ayırıb. Belə insanlardan Rza Vəlibəyovun, Cəfər Vəlibəyovun, Əli Məmmədovun, Talıb Musayevin, Sidiqə Qədimovanın, Hüseyn Məmmədovun, Tapdıq Əmiraslanovun, Əli Həsənovun, Yunis Rzayevin, Qəşəm Aslanovun, Sabir Rizayevin adlarını xüsusən çəkmək istərdik. Onların hər biri öz ömrünü millətinin, xalqının yolunda şam kimi əridən əbədiyyət müsafirləridir.

Tələbəlik illəri, doğma kəndə müəllim kimi qayıdış nə qədər oxunaqlı olsa da, kitabın ən həyəcanlı hissələri erməni məkri, erməni xəyanəti ilə bağlıdır. İrəvanda yaşadığı 18 il ərzində bu xalqın iç üzünə dərindən bələd olan yazıçı təmasda olduğu erməni yazarlarının "əsərlərindəki" şər-böhtan paradiqmalarının canlı şahidi olmuşdur. "Türksüz Ermənistan" ideyası ətrafında sıx birləşən erməni "ziyalılarının" canfəşanlığı onun gözləri önündə baş verirdi. Avetik İsahakyanın, Gevork Eminin "qardaş Azərbaycan xalqı" sözünün arxasındakı böyük düşmənçilik duyğuları 1988-ci ilin Qarabağ olaylarında çılpaq şəkildə üzə çıxdı. Kitabda İsahakyanın Dağlıq Qarabağla bağlı qeydlərinin olduğu kimi verilməsi də gələcək nəsillər üçün tarixi mənbə dəyərindədir.

"Burdan min atlı keçdi" sadəcə bir memuar nümunəsi deyil. Bu əsər milli münaqişə və ictimai-siyasi ziddiyyətlər dövründə baş verən olayları şəxsən duymuş, yaşamış bir yazıçının tarixə çevrilən ürək çırpıntılarıdır. Əsərin leytmotivi budur ki, biz hökmən o yerlərə - dədə-baba yurdlarımıza qayıtmalıyıq!

İnanırıq ki, Azərbaycan türklərini dəfələrlə soyqırıma, deportasiyaya məruz qoyan xəbis, mənfur bir millətin "qulaqburmasını" yaxınlaşmaqda olan tarix özü verəcəkdir. Biz yenə doğma vətən torpaqlarımıza qayıdacağıq!..

Adil Cəmil

Ədəbiyyat qəzeti

27 yanvar 2017

Oxumağa davam et
Reklam
Reklam

Gündəm