Abgül Mirzəliyevin aktyorluğu da varmış...- MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Abgül Mirzəliyevin aktyorluğu da varmış...- MÜSAHİBƏ

Muğam aləminə ildırım kimi düşdü. Son dərəcə orijinal zəngulələri, təkrarsız ifa tərzi, cana sarı yağ kimi yayılan səsinin qabarmaları və çəkilmələri ilə muğamsevərləri sehlədi. Abgülü sevdilər və hər oxusunu intizarla gözləməyə başladılar. Onu biz də soraqladıq.

- Abgül Mirzəliyev kimdir? İstərdim oxucu səni öz təqdimatında tanısın.

-1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşam. Elə həmin kənddə də orta məktəbdə təhsil almışam. 2005-ci ildə isə Mədəni-Maarif Texnikumuna-Camal Dadaşovun sinfinə daxil olmuşam. İki il orada təhsil aldıqdan sonra yerimi Asəf Zeynallı adına musiqi kollecinə dəyişdim. 2007-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən "Muğam müsabiqəsi"ndə iştirak etdim və ikincici yeri tutdum. 2009-u ildə isə Musiqi Akademiyasına qəbul olundum. Hazırda 3-cü kursda oxuyuram. Müəllimim Azərbaycanın xalq artisti Zabit Nəbizadədir.

-Ailənizdə oxuyan, yaxud yaxşı səsi olan kimsə varmı?

-Babamın gözəl səsi olub. Əmim oğlanlarının yaxşı səsi var. Amma oxumurlar. Kiçik qardaşımın da səsindən işıq gəlir və artıq muğam oxumağa başlayıb.

-Müsabiqədən sonra həyatında və sənətində nələr dəyişdi?

-Muğam müsabiqəsi təkcə mənə yox, bütün iştirakçılara böyük stimul verdi. Az müddət ərzində tanındıq. Bu müsabiqəyə qatılmasaydım, yenə də oxuyacaqdım, sənətimi davam etdirəcəkdim. Bəlkə muğamla bərabər müəyyən ara mahnıları var ki, onları da oxuyacaqdım. Amma indi bu barədə fikirləşmirəm. Çünki müsabiqədə iştirakım daha məsuliyyətli olmağa məcbur etdi. Eyni zamanda muğama, milli musiqiyə dəyər verən insanlar məni müxtəlif məclislərə çağırdılar ki, bu da xalq arasında daha yaxşı tanınmağıma və sevilməyimə kömək etdi.

-Müsabiqədən sonra xeyli populyarlaşdın. Eşitdiyimə görə, artıq ayağın xarici ölkələrə də açılıb...

-Hə, bir neçə xarici ölkədə olmuşam. Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada və s. ölkələrdə çıxış etmişəm. Bu günlərdə isə Krasnoyarsk şəhərinə yola düşürəm. Orada solo konsertim olacaq. Həmçinin bu yaxılarda çəkilişləri başa çatan "Mirzə Fətəli Axundov" adlı filmdə Xətai rolunda çəkilmişəm...

-Aktyorluq bacarığın da var?

-Hesab edirəm ki, var. Yenə təklif etsələr, məmnuniyyətlə qəbul edərəm.

-Səncə, muğam oxumaq üçün təhsil almaq vacibdir?

-Çox vacibdir. Səsi olsa da təhsil almağa imkanı olmayan, istedadlarının üzə çıxmasına, tanınmalarına şərait yaradılmayan gənclərimiz çoxdu. Fikirləşirəm ki, sanballı ustadı olmayan kəsin sənətkar kimi yetişməsi mümkün deyil.

- Müsabiqənin gedişində sənin birinci yeri tutacağına inananlar çox idi...

-Bilmirəm. Ustat sənətkarlarımız ikinci yerə layiq gördülər.

-Bəs sən özünü qalib iştirakçıdan az istedadlı hesab edirsən?

-Qətiyyən, özümü zəif saymıram. Xalq arasında, konsertlərdə, el şənliklərində xalqın dəstəyini hər an hiss edirəm. Elə onlar da məni birinci yerə layiq bilirlər.

-Müsabiqədən sonra sürətlə uğurlar qazanmağa başlamışdın. Amma indi elə bil fəaliyyətində bir durğunluq yaranıb. Niyə diskini buraxdırmırsan?

- Nicat Qafuroğlunun rejissorluğu ilə "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişəm. Çəkilişlər Ağsu və Şamaxıda aparıldı. Düzü, yüksək səviyyəli disk çıxarmaq üçün həm də maddi durum imkan vermir. Bəzən də səs yerində olmur. Buna baxmayaraq bir çox muğamları, mahnıları lentə yazdırmışam.

-Toylara gedirsən?

-Hə, gedirəm. Çoxları toylarda oxumağa pis baxır. Amma getməmək mümkün deyil. Çünki oxumaqdan başqa bacardığım iş yoxdur. Başqa yerdən pul gəlmirsə, toylara getməkdən savayı yol qalmır. Əgər pulun yoxdursa, nə efirə çıxa, nə də konsert verə biləcəksən.

-Toyu neçəyə eləyirsən?

-Dəqiq qiymət yoxdu. Kasıb adamlara, ümumiyyətlə, qiymət demirəm, imkanı nəyə çatır onu da verir.

-Ənənəvi sual olsa da gələcək planların barədə soruşmaq istəyirəm...

-İlk növbədə muğamı daha dərindən öyrənməyi düşünürəm. Muğam dəryadı. Çabbar Qaryağdıoğlu, Xan Şuşinski, Arif Babayev, Alim Qasımov və başqa ustad muğam ifaçılarımızın lent yazılarına həmişə qulaq asıram. Onlardan öyrənəcəyim çox şey var. Və əlbəttə ki, disk çıxarmağı planlaşdırıram. Bunu indi də edə bilərəm. 19 yaşımdan bu sənətlə məşğulam. Ancaq bu gün oxuduğum hansısa muğamı bir müddət sonra daha yaxşı oxuduğumu görürəm. Ona görə də hələ tam məqamı yetişməyib. Xalqımız tərəfindən sevilə bilər,amma mənim ürəyimcə olmaz...

Söhbətləşdi: Türkan Zamanova

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm