Vaqif İbrahimoğlunun yeganə qızı: “Atamın başqa varisləri də var“
Bizi izləyin

Müsahibə

Vaqif İbrahimoğlunun yeganə qızı: “Atamın başqa varisləri də var“

Həm fiziki, həm də mənəvi enerjini vurğunu olduqları işdən, yaradıcılıqdan alır, eşq dolu bir həyat sürürlər. Vaqif İbrahimoğlunu tanıdığım son 10 il ərzində həmişə məhz bu durumda, bu ovqatda gördüm – sənətinə, peşəsinə vurğunluğu bir-biri ilə uzlaşdırmaq dərəcəsində olan pedaqoq, rejissor, aktyor və teatr rəhbəri.

"YUĞ" Teatrı həmişə yüksək nöqtələrdə yerləşib – sözün həm də hərfi mənasında. Əvvəllər Akademik Milli Dram Teatrının 4-cü mərtəbəsində, sonra isə şəhərin yuxarı məhəllələrindən biri, M.Muxtarov, 83 ünvanda. Qəribədi, eləmi? Yox...

Hər şey çox sadə və deməli, dahiyanədi – "YUĞ"a aparan yol Vaqif İbrahimoğlunun rəhbərlik etdiyi tədris teatrından başlamış və beləliklə, teatr sənətimizdə Vaqif İbrahimoğlu məktəbinin əsası qoyulmuşdu. Vaqif müəllimin həyat yolu erkən qırıldı, sənət yolu isə davam edir...

Mayın 12-si görkəmli aktyor və rejissor, "YUĞ" Dövlət Teatrının yaradıcısı və baş rejissoru, əməkdar incəsənət xadimi, professor Vaqif İbrahimoğlunun vəfatından 1 il ötür. Bu ərəfədə sənətkarın qızı, teatr rəssamı Umay Həsənova (Minnur) Publika.az saytına müsahibə verib razı oldu.

- Deyirlər, torpaq itkinin acısını soyudur. Bunun doğrudan da belə olduğunu hiss etdinizmi? Ümumiyyətlə, bu bir il sizə nəyi öyrətdi?

- Heç kim inana bilmir ki, ölümdən bir il keçib. Atamı tanıyanlar, sevənlər ya onu tez-tez yuxuda görürlər, ya da düşüncələrində onunla söhbət edirlər. Elə olur, onun hansısa sərrast sözünü xatırlayıb gülürəm, elə bilirəm yenə də yanımdadı. Çox vaxt nəyisə götür-qoy edəndə mütləq xəyalən onunla məsləhətləşirəm. Yuxuma da tez-tez gəlir.

- Necə görürsüz, nə deyir? Bəlkə bir ismarış çatdırmaq istəyir?

- Düzü, yuxulara o qədər də inanan adam deyiləm. Yuxularımın təsiri, təəssüratı ovqatdan asılı olur. Hərdən danlayır məni, hərdən məsləhət verir. Əsas odu, arxayınıq ki, atamın ruhu şaddı – ailəsi mehribandı, yaratdığı teatr yaşayır, onun ideyalarını davam etdirənlər var. O bu dünyadan xoşbəxt getdi.

Doğrudu, həyata keçirmək istədiyi ideyaları, niyyətləri, axtarışları bitib-tükənməz idi, amma atam seçdiyi yola axıradək sadiq qaldı, nəzərdə tutduğu yaradıcılıq fəaliyyətini tam dolğunluğu ilə yaşadı.

- Yadımdadı, son aylar ölümdən tez-tez söz salırdı. Amma bu, həyatdan, fəaliyyətdən doymuş, qüvvəsi tükənmiş ovqatın ifadəsi deyildi. O dövrdə evdə hansı əhvalda olurdu?

- Atamı tanıyanlar yaxşı bilirlər ki, müdrik adam idi. O heç vaxt ölümdən qorxmayıb. Həkimlərin dəhşətli diaqnozundan açıq şəkildə xəbəri olmasa da, səhhətinin durumunu təbii ki, anlayırdı. Bunu nə davranışında, nə də sözlərində bildirmirdi, heç bir vida, yekun tərzi yox idi. Aqibətini çox cəsarətlə qarşıladı. Təkcə onu deyirdi ki, yaradıcı gənclər üçün bir mərkəz yaratmaq yaxşı olardı. Elə bil, "YUĞ"un daha geniş forması kimi.

Atam cavan vaxtı o yolu keçib, çətinliklərin nə demək olduğunu görüb, ona görə həmişə cavanlara dayaq olurdu, kömək edirdi ki, özlərini ifadə edə bilsinlər. "YUĞ" axı məhz belə teatr idi. Buna görə "YUĞ" mənim üçün sanki qardaşdı, atamın daha bir övladıdı.

- "YUĞ" teatrının gələcəyini necə təsəvvür edirsiniz?

- Rahatam, atamın varisləri qalıb. Teatrda yeni nəfəs var, həmişə də olacaq. Bu isə "YUĞ"un yaşaması deməkdi. Vaxt gələcək, indi orda adi rejissor kimi çalışan gənclər "YUĞ"un nəzdində teatr-studiyalar açacaqlar. Torpağa düşən toxumun vaxtında cücərib keyfiyyətli bar verməsi üçün toxum da saf olmalıdı, torpaq da. "YUĞ"da və "yuğ"çularda bu saflıq var.

- Vaqif müəllimin quruluşunda baxdığınız ilk tamaşa hansı id?

- İlk tamaşanı xatırlamıram, amma ən güclü təsir edən ilk tamaşa Şəhriyarın "Heydərbabaya salam" əsəri əsasında hazırladığı "Salam" tamaşası idi. Onda mənim altı yaşım var idi, təbii ki, çox şeyi anlamamışdım, amma tamaşanın dekorasiyası məndə çox güclü təsir buraxmışdı.

- Dahi insanın övladı olmaq nə deməkdi?

- Mənim üçün o, birinci növbədə ata idi. Hansısa bir xüsusi əda ilə dahi olduğunu hiss elətdirmirdi. Bununla belə, sözsüz, biz fərqindəydik ki, dahi insanın ailə üzvləriyik.

- Hansı vərdişləri vardı?

- Səliqə-səhmanı çox sevirdi. Masasının üstü heç vaxt qarmaqarışıq olmazdı. Telefonla danışa-danışa masanın üstündəki əşyaları bir sıraya düzərdi.

- Vaqif müəllim haqqında çox vaxt deyirlər ki, onu anlamaq, nə vaxt zarafat etdiyini, nə vaxt ciddi danışdığını da təyin etmək o qədər asan deyildi...

- Biz onu çox gözəl anlayırdıq. O dərəcədə ki, sözünü başlayanda tamamlaya bilərdik. Ümumilikdə dahi adamları tarix boyunca müasirləri anlamayıblar. Atam Azərbaycanı özünəməxsus həssaslıqla sevirdi. Vaqif İbrahimoğlu barəsində danışanda bir şeyi unutmaq lazım deyil ki, onu yalnız Azərbaycan prizmasından nəzərdən keçirmək mümkünsüzdü. Onu anlamaq üçün onillər keçməlidi. Atamın dahiliyini başa düşən ilk insanlardan biri anam (Nelli Sadovskaya – red.) olub. Hələ ikisi də gənc aktyor kimi Gənc Tamaşaçılar Teatrında çalışanda.

Birinci görüşləri "Dartanyan və üç muşketyor" tamaşasında baş verib. Anam Konstansiya rolunda çıxış edirmiş, atam isə Bekinhem rolunda. Anam teatr təhsilini doğma şəhəri Omskda alıb. Öz istəyi ilə Bakı teatrını seçib, uzun illər Gənc Tamaşaçılar Teatrında, son on ili isə təqaüdə çıxana qədər Rus Dram Teatrında çalışıb. Onlar atamla ömrü boyu ruh yoldaşı olublar.

- Rejissorla aktyorun bir ailədə olması özünü nədə göstərirdi, işləri ilə bağlı düşüncələrini evə gətirirdilər?

- Deyərdim ki, ev onların işinin əlavəsi idi. Əslində "iş" sözü burda düzgün səslənmir, çünki peşələri onların həyat tərzi olub həmişə. Atam heç vaxt istirahətə getməyib. Həmişə ya tərcümə ilə məşğul olurdu, ya tələbələri ilə məşğələlər aparırdı, məşqlər də ki öz yerində.

- Gün ərzində heç fasiləyə çıxmırdı?

- Bəli.

- Bəs siz aktrisa olmaq istəməmisiniz ki?

- Yox, utancaq olduğum, kamera qarşısında, səhnədə sıxıldığım üçün belə bir istəyim olmayıb.

- Yəqin ki, atanızın portretini çəkmisiniz?

- Bəli, dəfələrlə. Amma akvarellə çəkdiyim birinci portret heç yaxşı alınmamışdı. Sonrakıları isə bəyənirdi. Bilirsiz, atamın portretini çəkən digər rəssamlar onun xarakterini çox vaxt tuta bilmirlər. Əmim əməkdar rəssam Rəşid Şerif cavanlıq vaxtında atamın portretini işləmişdi. Atamın 25 yaşı var idi o portret çəkiləndə. Onda onun xarakterini çox gözəl tuta bilmişdi. O portret indi də evimizdədi.

Mən də həmişə onun xarakterini çox dəqiq tuturdum. Hazırda elmi iş üzərində çalışdığım üçün rəssamlığa bir qədər ara vermişəm, amma rəngkarlıq həmişə mənim üçün əsas yerdə olacaq.

- Uşaqlıq dövründən atanızla bağlı yadınıza düşən ilk xatirə nədi?

- Həftənin birinci günləri onun istirahət günü olduğu üçün həmin vaxt mənimlə gəzməyə çıxırdı. Özü də yolla gedəndə valideynlərlə uşaqlar arasında adətən olduğu kimi nələrisə başa salmırdı, məndən soruşurdu ki, məsələn, həyat nədi, günəş nədi? Sonralar bildim ki, o, mənim cavablarımı gündəliyinə yazırmış. Oxuyanda məəttəl qaldım ki, bu cavablar mənimdi.

- Həmişə gündəlik yazıb?

- Bəli. Ümumiyyətlə, həmişə müşahidələrini, düşüncələrini qeyd edirdi. Çünki məlum deyil ki, onların hər biri hansı məqamda lazım ola bilərlər. Çox gözəl xətti, səliqəli yazı tərzi var idi. Özü də mürəkkəbli qələmlə yazmağı xoşlayırdı. Qələmlərini də atmazdı. O qələmlərin hərəsi bir yazının xatirəsi ilə bağlı olduğu üçün onları lazımsız əşya hesab edə bilmirdi.

- "YUĞ" teatrını onun adı ilə hansısa şəkildə bağlamaq və rəsmiləşdirmək mümkündürmü?

- Atama ən yaxın adamlarla bu məsələni müzakirə etmişik. Amma düzü, məsələnin hansı formada həll oluna biləcəyindən ötrü ilk növbədə nə etməli olduğumuzu hələ bilmirik.

Samirə Behbudqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm