Müsahibə
Mirsənanın tamaşa zamanı başına gələnlər: Elə qışqırdım ki, hamı səhnə arxasına yığışdı

Teatr, səhnə, tamaşaçı alqışı həmişə başqa bir dünyanın işığı olub. O işıq insana ya verilir, ya verilmir. Müsahibimiz bu işıqla dünyaya gələn Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Mirsənan Kazımlıdır.

“Müsbət obrazları çox da sevmirəm”
– Teatr sizin üçün nədir? Sənət, alın yazısı, missiya?
– Teatr mənim üçün bir pəncərədir. Mən teatrdan kənarda yaşadığım gündəlik həyatdan daha çox səhnədə oluram. Səhnədə özümü daha azad hiss edirəm. Təbii ki, obrazın çərçivəsi daxilində. Bu səbəbdən müsbət obrazları çox da sevmirəm. Halbuki Gənc Tamaşaçılar Teatrında canlandırdığım rolların əksəriyyəti elə müsbət obrazlardır. Amma mənfi rollar mənə daha doğmadır. O rollarda özümü daha rahat ifadə edə bilirəm. Çünki o obrazlar daha detallı və mürəkkəb olur. Aktyorun özünü göstərməsi üçün imkanlar yaradır.
– Zaman da dəyişir, tamaşaçı da. Sizcə, teatr da bu dəyişikliyə uyğunlaşmalıdırmı?
– Teatrın klassik ruhu var, ona toxunmaq olmaz. Amma indiki dövr üçün uzun tamaşaların tərəfdarı deyiləm. Əgər bir tamaşa 3-4 saat davam edirsə, bu, tamaşaçı üçün çox yorucudur. Müasir tamaşaçını zalda oturtmaq və diqqətdə saxlamaq çətindir. Çünki o daim telefonla məşğuldur, sosial şəbəkələrə baxır, zənglər gəlir, fikri dağılır. Zaman dəyişib – sürət tələb edən bir dövrdəyik. Bu reallığı nəzərə almalıyıq. Məncə, müasir tamaşaların maksimal müddəti iki saat olmalıdır.

“Teatr qapıdan başlayır”
– “Tamaşa asılqandan başlayır” fikri ilə razısınızmı?
– Məncə, teatr qapıdan başlayır - mühafizəçidən, xadimədən... Mühafizəçi də, xadimə də teatrın bir parçası olmalıdır. Əgər "teatral" deyillərsə, onların salamı belə insana yad gəlir. Məsələn, əgər o adam mənə “çayxana üslubunda” salam verirsə, artıq əhvalım pozulur. Teatrın ab-havası birliyin içində yaranır.
– Tamaşa bitəndən sonra nə baş verir?
– Əgər tamaşa yaxşı alınıbsa, o zaman içində bir şirin yorğunluq yaranır. Səhnənin, alqışların ləzzəti başqadır. Tamaşaçının zalı tərk etməməsi, ayaq üstə alqışlaması – bu, aktyor üçün böyük xoşbəxtlikdir. Aktyor alqışın səmimiliyini hiss edir.

– Uşaqlar üçün oynamaq asandır, yoxsa böyüklər üçün?
– Hər ikisinin həm çətin, həm də gözəl tərəfləri var. Amma uşaqlar böyüklərdən fərqli olaraq, tamaşaya heç bir neqativ yüklə gəlmirlər. Safdırlar, təmizdirlər. Onlardan gələn enerji də tamam başqadır. Bu, tamaşa zamanı çox aydın hiss olunur. Amma çətin tərəfi də var: uşaqları sakitləşdirmək bəzən mümkün olmur. Bütün o səs-küyün içində sən səhnədə oynamağa davam etməli, onun diqqətini tamaşaya çəkməlisən.
“Yaxşı rejissorlar azdır”
– Kefiniz olmayanda səhnəyə necə çıxırsınız?
– Tamaşaçı bilet alıb gəlib. Sənin şəxsi problemin, kədərin, yorğunluğun varsa, onu teatrın qapısında qoymalısan. Səhnəyə yalnız aktyor olaraq çıxmalısan.
– Sizcə, bu gün teatrda nə çatışmır?
– Yaxşı rejissorlar azdır.
– Niyə yeni nəsil yaxşı rejissorlar yetişmir?
– Çünki bəziləri birdən-birə hər şeyi dəyişmək istəyir. Elə bil on mərtəbəni bir nəfəsə qalxmaq istəyirlər. Böyük üslub dəyişiklikləri etməyə can atırlar. Amma aktyor da, tamaşaçı da bu cür radikal dəyişikliklərə həmişə hazır olmur. Teatrın öz üslubu var. Mən şəxsən teatrların öz janrından kənara çıxaraq başqa üslubda tamaşalar təqdim etməsinin əleyhinəyəm. Hər teatr öz sahəsində inkişaf etməlidir.

– Bəs klassikaya toxunmaq olarmı? Dekonstruksiyaya münasibətiniz necədir?
– Teatrda klassik üslubu çox sevirəm. Amma rejissor və dramaturq ortaya yaxşı, əsaslandırılmış bir iş çıxaracaqlarsa – niyə də yox? Dekonstruksiya da mümkündür. Sadəcə, mən klassika ilə yeni üslubun qarışmasını o qədər də bəyənmirəm. Əgər sən etdiyini əsaslandıra bilirsənsə, yaxşı iş ortaya çıxar. Məsələn, xarici ölkələrdən birində "Romeo və Culyetta" tamaşasına baxmışdım. Orada bütün rolları oğlanlar oynayırdı. Tamaşanın sonuna qədər bu qəribə gəlir, amma finalda məlum olur ki, əslində hadisələr bir gəmidə baş verir. Matroslar əsəri oxuyub, öz aralarında səhnələşdiriblər. Bu ideya çox maraqlı idi.

“Düşünmədən teatrı seçirəm”
– Kamera, yoxsa canlı tamaşaçı?
– Mən düşünmədən teatrı seçirəm. Amma bu yaxınlarda Elxan Cəfərovun Mirzə Qədim İrəvani haqqında çəkdiyi bədii-sənədli filmdə çəkildim. Orada İrəvaninin gəncliyini canlandırırdım. Düzdür, tam bədii film deyildi, amma çəkiliş prosesi mənə böyük zövq verdi. Nə qədər yorulsam da, işin içində dincəlirdim, zövq alırdım.
– Səhnədə çıxılmaz vəziyyət yaşadığınız olub?
– Əlbəttə, çox olub. 15-16 yaşım vardı, Bəhram Osmanovun “Gəncə qapıları” tamaşasında oynayırdım. Sol qolum qırılmışdı, amma tamaşaya gəlmişdim, gipsi geyimin altında gizlətmişdim. Bir səhnədə atam məni bellə vurur və mən uçuruma yıxılıram. Tərəf müqabilimə dedim ki, “möhkəm vurma, qolum sınıb.” Amma tamaşanın ab-havasına o qədər girmişdik ki... Elə vurdu ki, sınmış qolumun üstünə yıxıldım. Qışqırmamaq üçün dişlərimi sıxdım, özümü birtəhər kulisə atdım. Sonra elə qışqırdım ki, hamı səhnə arxasına yığışdı.

– Teatrda hədəfiniz nədir?
– Vicdanlı aktyor olaraq qalmaq. Bir də yaşım hansı rola uyğundursa, onu oynamaq. Məsələn, 20 yaşımda 45, 45 yaşımda 20 yaşlı bir adamı oynamaq istəmirəm. Bundan başqa, hədəflərim daim dəyişir. Bu gün bir obrazla maraqlanıram, sabah başqa bir obrazla. Amma hər bir rolun öz zamanı və yaşı var.
– Şəxsi xoşbəxtliyinizi də teatrda tapdınız...
– Bəli. Teatr mənim üçün xoşbəxtlik idi, amma indi xoşbəxtliyim birə-beş artıb...("Kaspi" qəzeti)
-
Nida Xəbər 16:20
Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Ankara İrəvana nə deyib? – Mirzoyan açıqladı
-
Maraq dünyası15:22
"Poverbank" sərnişin dolu təyyarəni necə məhv edə bilər? - VİDEO
-
MDB14:02
Rusiyanın aparıcı ideoloqlarından olan məşhur Kara-Murza vəfat etdi
-
MDB10:25
Putini Macarıstan səmasında belə qoruyacaqlar: General detalları açıqladı
-
Avto10:13
Məşhur şirkət 700 min avtomobilini geri çağırdı
-
MDB09:52
Zelenski: "Putin mənə nifrət edir!"
-
Ekologiya09:34
Bəzi ərazilərə leysan, Şahdağa qar yağdı
-
ABŞ09:00
Bu ölkədəki ABŞ səfirliyinə oxlarla hücum etdilər - 4 polis yaralandı