Müsahibə
Zəngəzur dəhlizi dalanda: İrəvan Moskva-Vaşinqton məngənəsində - Bakı nə etməlidir?
Ermənistan dəmir yollarının Rusiyanın nəzarətində olması rəsmi İrəvan üçün ciddi problem olaraq qalır. Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələni dəfələrlə gündəmə gətirib, hətta dəmir yollarına nəzarətin Rusiya və Ermənistana dost olan üçüncü ölkəyə verilməsini təklif edib. Lakin bu təklif Rusiyada narazılıqla qarşılanıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Serqey Şoyqu Ermənistanı belə bir addımdan çəkinməyə çağıraraq, “qurduqları sistemin bir gecədə çökə biləcəyini” bildirib.
Publika.az-ın mövzu ilə bağlı həmsöhbəti Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdur.
- Tofiq müəllim, Ermənistan dəmir yollarının Rusiya nəzarətində olması Zəngəzur dəhlizinin açılması üçün hansı təhlükələri yarada bilər?
- Qeyd etmək lazımdır ki, Ermənistan bu zolaq üzərində suveren hüquqlarının bir hissəsini hələ 1992-ci illərdə faktiki olaraq təhvil verib. O zaman belə bir siyasi konsepsiya irəli sürülmüşdü ki, MDB-nin xarici sərhədləri birgə qorunmalıdır. Nəticədə Rusiya sərhədçiləri Ermənistan sərhədlərini qorumağa başladı. Ermənistan MDB ölkələri arasında yeganə dövlətdir ki, onun sərhədlərini xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri qoruyur.
2008-ci ildə isə Ermənistan “Rusiya Dəmir Yolları” ilə saziş imzalayaraq dəmir yollarının idarəçiliyini həmin şirkətə verdi. Halbuki sovet dövründə həmin dəmir yolları Azərbaycanın mülkiyyəti idi. Orada çalışan həm azərbaycanlılar, həm də ermənilər əməkhaqqını Azərbaycan Respublikasından alırdılar.
Ümumiyyətlə, dəmir yollarının mülkiyyət baxımından bizdən alınması qəbuledilməzdir. Beynəlxalq praktikada bir ölkənin mülkiyyəti başqa ölkə ərazisində yerləşə bilər və bu hüquq tanınır. Məsələn, Belarusun Latviyada sanatoriyası var və həmin obyekt Belarusun mülkiyyəti sayılır.
Əgər Alma-Atı deklarasiyasının prinsiplərini əsas götürsək, bu məsələ müəyyən aspektlərdə qaldırıla bilər. Ermənistan bizim mülkiyyətimizi Rusiyaya verib. İndi isə “Vaşinqton razılaşması” çərçivəsində hüquqları Amerika şirkətinə ötürmək niyyətindədir. Razılaşmaya görə, səhmlərin 76 faizi Amerika şirkətinə, 24 faizi isə Ermənistana məxsus olacaq.
Lakin burada məntiqi ziddiyyət var. Əgər Ermənistan dəmir yollarını Amerika şirkətinə vermək istəyirsə, əvvəlcə Rusiyadan geri almalı, sərhədçilərin çıxarılmasını təmin etməli və mülkiyyət məsələsini hüquqi müstəvidə həll etməlidir. Bu prosesləri isə görmürük.
Hətta maraqlı bir hadisə də baş verib: Amerika şirkətinin nümayəndələri bölgəyə gələndə rus sərhədçiləri onları saxlayaraq səfərlərinin səbəbini soruşublar. Bu isə göstərir ki, faktiki nəzarət Ermənistanda deyil.

- Ermənistan dəmir yoluna nəzarəti Rusiyadan almaq üçün nə etməlidir?
- Ermənistan rəhbərliyi “Vaşinqton razılaşmasına” uyğun olaraq məsuliyyətini dərk etməli və siyasi addımlar atmalıdır. Sual yaranır: bu addımları atmamağın səbəbi qorxudur, yoxsa Moskvanın təzyiqi?
Ən azı ictimaiyyətə aydın mövqe təqdim olunmalıdır. Çünki hazırda ziddiyyətli vəziyyət yaranıb. Təhlükəsizliyin təmin olunması Amerika şirkətinin öhdəliyidirsə, bu proses rus sərhədçilərlə birlikdə necə həyata keçiriləcək?
Ermənistan nəhayət qərar verməlidir: nə istəyir və nəyə razıdır? Baş nazirin konkret addım atmasının vaxtı çoxdan çatıb. Lakin görünən odur ki, seçki riskləri səbəbindən proses ləngidilir.
- Əgər dəhlizin açılması gecikərsə, bölgədə hansı proseslər baş verə bilər?
- Ermənistan beş il əvvəl Rusiya və Azərbaycan qarşısında öhdəlik götürüb ki, dəhliz açılacaq. Lakin proses uzadılır. İndi isə ABŞ qarşısında da öhdəlik götürülüb və yenə gecikmə müşahidə olunur.
Bu vəziyyət artıq Azərbaycan üçün problem yaradır. Dəhliz yalnız Azərbaycan üçün deyil, digər ölkələr üçün də əhəmiyyətlidir. Ermənistan isə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla bağlı süni maneələr yaradır.
Azərbaycan strateji təmkin nümayiş etdirir və danışıqlar prosesində bu məsələni daim gündəmdə saxlayır. İctimai müstəvidə hər zaman açıq şəkildə müzakirə olunmasa da, dövlət öz milli maraqlarının təmin edilməsi üçün bütün zəruri addımları atmağa hazırdır.
Adəm Abbaslı
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq



































