“Radikal addımı atanlar hansısa sifarişi yerinə yetirirlər”
Bizi izləyin

Nida.az

“Radikal addımı atanlar hansısa sifarişi yerinə yetirirlər”

“Qarşıdurma yaranması yolverilməzdir. Hətta kimsə əsassız olaraq polis məntəqəsinə aparılsa belə, bunun həlli yolu aksiya keçirmək, polis idarəsinin qabağına insanları çağırıb toplamaq, hay-küy salmaqdan keçmir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə Sabunçu rayon polis idarəsinin qarşısında baş verən hadisəni şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələnin həlli üçün daha yüksək orqanlara müraciət oluna, yaxud da kəndin bir-iki ağsaqqalı polis idarəsinə gələrək insanların xahişini çatdırıla bilərdi: “Amma bu cür aqressivlik və qayda pozuntusu ilə dövlət orqanının qarşısına toplaşmaq, kimlərinsə azad edilməsini tələb etmək doğru deyil. Kimsə öz hüquqlarını qorumaq istəyirsə, bu sivil və hüquq çərçivəsində olmalıdır. Düzdür, daha pis radikallığın şahidi olmuşuq. Amma hər halda son baş verən hadisə də qanun pozuntusudur. Dindarlar tərəfindən dövlət orqanlarının qarşısında mütəşəkkil və qanuna zidd formada bu cür aksiyaların keçirilməsi yolverilməzdir. Azərbaycan hüquqi dövlətdir və hər şey qanuna bağlıdır. İnsanların polis orqanı qarşısında toplaşaraq nəyisə tələb etməsinin qəti əleyhinəyəm”.

Hadisəni şərh edən millət vəkili Fəzail Ağamalı bildirib ki, Azərbaycan qanunları çərçivəsində həmin şəxslərə sərt münasibət ifadə olunmalıdır. Azərbaycanın dünyəvi və hüquqi dövlət olduğunu deyən millət vəkili kimliyindən asılı olmayaraq, hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb: “Kimlərinsə polis tərəfindən saxlanılmasına bu şəkildə reaksiya göstərmək yolverilməzdir. Qanunu pozan şəxslərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və dindirilməsi qanunla müəyyən olunub. Bu cür radikal addımlarla onlar bəlkə də hansısa sifarişi yerinə yetirirlər. Əminəm ki, dövlət orqanı qarşısında bu cür radikallıq nümayiş etdirənlər qanun çərçivəsində cəzalandırılacaqlar. Dindarlar o insanlardır ki, Allahın və peyğəmbərin yolunda milli-mənəvi dəyərlərə söykənərək ibadət edirlər. Radikallıq, döymək, öldürmək heç bir halda İslam dini ilə bir araya sığmır. Bunlar tamamilə başqa-başqa şeylərdir. İslam dini insanlara sülh, qardaşlıq və köməyə ehtiyacı olan insanlara kömək etmək kimi yüksək dəyərləri özündə birləşdirən dindir. Ona görə də dünənki hadisə qəbuledilməzdir və düşünürəm ki, bu cür radikalizmin qarşısı alınmalıdır”.

Qeyd edək ki, dünən özlərini dini hərəkatın tərəfdarları adlandıran bir qrup şəxs Sabunçu rayonu polis orqanının inzibati binasının qarşısında toplaşaraq Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibovun azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb.

Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm