Bakı üçün “yol xəritəsi” və müharibə planı: NATO səfiri niyə gəlib?
Bizi izləyin

Nida.az

Bakı üçün “yol xəritəsi” və müharibə planı: NATO səfiri niyə gəlib?

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda səfərdədir.


Publika.az xəbər verir ki, səfər çərçivəsində xüsusi nümayəndə Xarici İşlər Nazirliyində və Müdafiə Nazirliyində görüşlər keçirəcək.


Rusiya mediası Ceyms Appaturayın Bakıya özü ilə Azərbaycanın NATO ilə əməkdaşlığını genişləndirmək üçün “Yol xəritəsi” gətirdiyini iddia edir.


“İmperor.net” analitik portalı diplomatik mənbələrə istinadən yazır ki, NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycan Müdafiə Nazirliyində Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi ilə bağlı danışıqlar aparıb.


Lakin portal iddia edir ki, Appaturayın səfərinin əsas hədəfi başqadır.

“Əsas hədəf Dağlıq Qarabağda gərginliyin artırılmasıdır. NATO bununla Rusiyanın münaqişə prosesində əsas üstünlüyünü aradan qaldırmaq niyyətindədir”, - deyə portal iddiasında qeyd edir.


Portal, həmçinin, Dağlıq Qarabağda yaxın dövr ərzində müharibənin başlayacağını da iddia edib.

“Bununla yanaşı, Appaturay Azərbaycanın NATO-ya inteqrasiyası üçün yeni “Yol xəritəsi” ilə də Bakıya gəlib. Hesab etmək olar ki, Alyans Azərbaycanı öz ailəsinə daxil etmək üçün prosesə start verib”, - portal digər iddiasında bu haqda yazır.

“Tiflisin Soçidə Rusiya ilə gizli sövdələşmələri Azərbaycanın nüfuzunu artırdı”

NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov Publika.az-a açıqlamasında C. Apaturayın Bakı səfərini şərh edib.


F. Məmmədov bildirir ki, Azərbaycan-NATO münasibətləri həm siyasi, həm də hərbi sahədə hər zaman inkişaf edib: “NATO üçün Azərbaycan strateji önəm daşıyır. Bakı həm Əfqanıstan məsələsində, həm də Cənubi Qafqazda gedən proseslərdə aktiv iştirak edir. Təbii ki, Gürcüstanın NATO-ya yaxınlaşdığı bir vaxtda Apaturayın Bakıya səfəri təsadüfi deyil. Qərb də yaxşı anlayır ki, Cənubi Qafqazda etibar ediləcək tərəfdaş nə Gürcüstan, nə də Ermənistan yox, məhz Azərbaycandır”.

İnstitut rəhbəri qeyd edir ki, rəsmi Tiflisin 2014-2015-ci illərdə Soçidə Rusiya ilə gizli sövdələşmələri hərbi və strateji baxımdan Azərbaycanın regionda nüfuzunu daha da artırdı.


“Bütün bunlar Qərbə bir daha mesaj idi ki, Azərbaycan regionun ən etibarlı tərəfdaşıdır. Apaturayın səfəri də mütləq şəkildə hansısa mesaj kəsb edir. Bu gün artıq siyasi proseslər sürətlənib, dünya yeni hərbi prosesin başlanmasına şahid olur. Bu, həmçinin, tərəf seçmə zamanıdır”, - deyə o diqqəti bu istiqamətə çəkir.


“Bakı və NATO arasında arxa planda qalan strateji sənədlər var”


F. Məmmədov Rusiyanın narahatlığının anlaşılan olduğunu düşünür: “Çünki Moskva da anlayır ki, Azərbaycan etibarlı tərəfdaşdır və istənilən an onu itirə bilər. Bu Rusiya üçün kabus ssenarisidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün iki gün öncə “Azərbaycanla Rusiya arasına heç kim girə bilməz” mesajı da təsadüfi deyildi. Yəni narahatlıqlarını açıq şəkildə dilə gətirirlər”.


F. Məmmədov hesab edir ki, bütün proseslər Azərbaycandan keçdiyi üçün Bakı siyasi durumu analiz edərək, prosesdən qalib çıxmalıdır.

“Bakı və NATO arasında arxa planda qalan strateji sənədlər var. Rusiyanın narahatlığı da məhz budur. Azərbaycanın hərbi və siyasi çəkisi ona sərf etmir. Səbəb regionu itirmək təhlükəsidir. Buna görə də Rusiya son ana qədər bütün vasitələrdən istifadə edərək, Azərbaycan-NATO münasibətlərini soyutmağa çalışacaq. Lakin bunun baş tutacağını hesab etmirəm”, - deyə institut rəhbəri bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm