Qorbaçov və Sarkisyanın oxşarlığı: “Dəllal və cəlladlar...”
Bizi izləyin

Nida.az

Qorbaçov və Sarkisyanın oxşarlığı: “Dəllal və cəlladlar...”

“Mixail Qorbaçov və Serj Sarkisyanın son günlər verdiyi bəyanatlar onların oxşar düşüncəli olduğunu ortaya çıxardı”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, SSRİ-nin keçmiş lideri bir neçə gün əvvəl gənclərlə görüşündə ilk dəfə olaraq SSRİ-nin dağılmasında öz günahını etiraf etdi: “Ancaq bu etiraf da ənənəvi olaraq “qorbaçovsayağı” baş verdi. Belə ki, o bildirdi ki, ittifaqın son illərində öz komandasının müqavimətini qıra bilməyib. Bu tip izahatlar bir qayda olaraq ambisiyalı və yarımçıq adamlara xas olan xüsusiyyətdir. Son sovet lideri nədənsə bütün fikirlərini ancaq ittifaq dövlətinin dağılması faktı üzərində qurur. SSRİ-nin keçmiş çar Rusiyasının işğal etdiyi torpaqlar üzərində qurulduğunu və həmin torpaqların tarixi sahibləri olan xalqların müqəddəratını təyin etmə və müstəqil dövlət qurmaq hüququna malik olması həqiqətini isə bu uğursuz siyasətçi qəbul etmək istəmir. Eyni zamanda Qorbaçov düşünülməmiş və avantürist eksperimentləri nəticəsində SSRİ-ni dərin böhrana saldığını, 250 milyon əhalini aclığa düçar etdiyini, Azərbaycana 20 yanvar 1990-cı il, Gürcüstana 9 aprel 1989-cu il, Özbəkistana 1989-cu il Fərqanə, Litvaya 13 yanvar 1990-cı ilə faciələri yaşatdığının məsuliyyətini boynuna almaq istəmir. Bir sözlə Qorbaçov bütün məsələlərdə özündən başqa hər kəsi günahkar bilir və real həqiqəti qəbul etmək istəmir”.

A. Mirzəzadə qeyd edib ki, eyni yanaşmanı bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan da nümayiş etdirir.

“2-5 aprel 2016-cı il Ermənistan-Azərbaycan cəbhəsində yaşanan hərbi əməliyyatları, nəticədə Ermənistandan 300 nəfər insanın həlak olmasını və bütün Ermənistanın fəlakət yaşaması məsuliyyətini o özündən başqa hər kəsdə görür. Dünən verdiyi sərəncamla ölkəsinin müdafiə nazirliyinin maddi-texniki təchizata məsul generalını, rabitə rəhbərini və hərbi kəşfiyyat rəhbərini işdən azad edib. Bununla da hərbi məğlubiyyətinin təchizat və rabitənin pis olması ilə izah edib. Xarici mətbuata verdiyi müsahibələrdə isə Azərbaycanı işğal altında olan torpaqlarının bir hissəni azad etdiyinə görə ittiham edir. Qorbaçov kimi Sarkisyan da öz şəxsi məsuliyyətini etiraf etmək istəmir. Özünün bilavasitə iştirakı ilə ötən əsrin 90-cı illərdə xaricdəki bəzi dairələrin dəstəyinə arxalanaraq Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının öz yaşadıqları yerdən çıxarılması, əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsini nədənsə Ermənistan rəhbəri yada salmaq istəmir. Eyni zamanda etiraf etmək istəmir ki, Azərbaycan və Türkiyə torpaqlarına iddia və düşünülmüş siyasət nəticəsində Ermənistanın dərin böhrana düçar olmasının, 1991-ci ildə 3,5 milyon əhalisi olan Ermənistan əhalisinin 2016-cı ildə rəsmi şəkildə 2, 8 milyon nəfərə düşməsinin, əhalisinin 35 faizinin kasıbçılıq həddindən aşağı yaşamasının məsuliyyəti birbaşa onun üzərindədir”, - deyə o qeyd edib.

Milli Məclisin deputatlı bildirib ki, Sarkisyan və sarkisyanların “Böyük Ermənistan” nağılına təkcə sadə ermənilər deyil, elə özünün yaratdığı elitası da inanmır: “Bir neçə ilə əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin kadrlar idarəsinin keçmiş rəisinin birdən-birə ABŞ vətəndaşlığı alaraq ölkəni tərk etməsi, ötən il isə İrəvan polis rəisinin “yaşıl kart” udaraq vəzifəsindən imtina edib Amerikaya köçməsi Sarkisyan siyasətinin real nəticələrdir. Bir faktı yada salaq ki, Sarkisyan məhz Qorbaçovun SSRİ rəhbəri olduğu dövrlərdə, 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində hərbiləşdirilmiş dəstələr yaradaraq gələcək işğala hazırlaşırdı. Həm Qorbaçov, həm Sarkisyan tarixin ədalətli olduğunu heç cürə dərk etmək istəmirlər. Ancaq ədalətin bərpa edilməsi məsələsində tarix heç də bu siyasət dəllallarından və cəlladlardan icazə almaq fikrində deyildir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm