Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami
Cəfərov, deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva
Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA)
komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 14-dən
17-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə
olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, qurumun Beynəlxalq əlaqələr komissiyasında "Türkdilli
ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri"
mövzusunda məruzə dinləniləcək, tövsiyələr veriləcək. Məruzəni
Milli Məclisin deputatı, komissiyanın sədri Ə.Əmiraslanov təqdim
edəcək.
Millət vəkilləri N.Cəfərov və S.Vəliyeva isə təşkilatın Sosial,
mədəni və humanitar məsələlər komissiyasının iclasında "Türk dili
günü" mövzusuna həsr olunmuş müzakirələrə qatılacaqlar. Toplantıda
türk dilinin tarixi, inkişafı, tədrisi və tədqiqi ilə bağlı fikir
mübadiləsi aparılacaq.
Səfər çərçivəsində, həmçinin ekspertlərin iştirakı ilə "Elm,
təhsil və mədəniyyət sahəsində əməkdaşlıq" mövzusunda "dəyirmi
masa" keçiriləcək.
|