Konstitusiya islahatları vətəndaşların maraqlarını ifadə edir
Bizi izləyin

Nida.az

Konstitusiya islahatları vətəndaşların maraqlarını ifadə edir

Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq Azərbaycan Konstitusiyasının təsbit etdiyi ali məqsədlərdir. Əsas Qanunun təxminən üçdə iki hissəsinin insan hüquq və azadlıqları ilə bağlı olması onun beynəlxalq səviyyədə mükəmməl ali qanun kimi qəbulunu şərtləndirmişdir.

Hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi, ilk növbədə, dövlətin konstitusion quruluşunun mütərəqqi mahiyyətindən asılıdır. Əsas qanun olmaq etibarilə Konstitusiya digər qanunvericilik aktlarına nisbətən daha statik sənəd hesab olunduğu üçün yalnız ictimai-siyasi, hüquqi zərurətdən irəli gələn və xalqın iradəsini ifadə edən islahatlar prosesi belə dəyişikliklərə haqq qazandıra bilər. Cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması bütün demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Yeni ictimai-iqtisadi formasiyaya keçidlə bağlı cəmiyyəti dövlətin iqtisadi inkişaf tempinə adekvat olaraq müəyyən pozitiv yeniliklərə hazırlamaq, iqtisadi və siyasi islahatları paralel şəkildə həyata keçirmək müəyyən vaxt tələb edir.

2002-ci ilin 24 avqustunda və 2009-cu ilin 18 martında referendum yolu ilə Konstitusiyaya edilmiş bir sıra mutərəqqi dəyişikliklər də, bu mənada, obyektiv sosial zərurətdən irəli gəlmişdir. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin hüquqi qüvvəyə minməsini təmin edən ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil Avropa dəyərlərinə sadiqliyini bir daha təsdiqləmişdir.

Sonuncu konstitusiya islahatından ötən 7 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında müşahidə olunan dəyişikliklər – iqtisadi, siyasi, hüquqi islahatların dərinləşdirilməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, Avratlantik məkana inteqrasiya prosesinin dinamizmlə davam etdirilməsi, ən başlıcası, sosial tələbatı əhəmiyyətli dərəcə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasına yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdi.

2016-cı il iyulun 18-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzaladı. Referendum Aktının layihəsinə rəy verilməsi üçün layihə Konstitusiya Məhkəməsinə göndərildi və müsbət rəy aldı. Bu layihədə əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün tələblərini cavablandıran islahatların həyata keçirilməsini təmin edəcək və sadalanan istiqamətlərdə yeni dəyişikliklər yaradacaq.

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə dəyişiklər edilməsi üçün ümumxalq referendumu keçiriləcək. Referendum Aktının layihəsinə əsasən Konstitusiyanın 23 maddəsinə dəyişiklik, həmçinin 6 yeni maddənin əlavə edilməsi təklif olunur. Şübhəsiz bu dəyişikliklər bir sıra reallıqlarla şərtlənir. Azərbaycan Prezidenti İlham Əliyevin son 13 illik rəhbərliyi dövründə respublikamız bir çox inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə geridə qoymuş, ümumi daxili məhsulun sürətli artımı, cəmiyyətdə orta təbəqənin mövqelərinin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə, habelə müasirləşdirilməsinə xidmət edən məhkəmə-hüquq, ədliyyə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, ən başlıcası, siyasi-hüquqi və iqtisadi islahatların şəkildə, biri-birindən təcrid edilmədən həyata keçirilməsi Konstitusiya islahatının hansı səbəblərlə şərtləndiyini bir daha əyani şəkildə göstərir. Referendum aktı layihəsində nəzərdə tutulan dəyişikliklər mütərəqqi xarakter daşıyır, beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Bu dəyişiklik və əlavələrin aktuallığını və əhəmiyyətini nəzərə alaraq şərh etmək istərdim.

Təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması Azərbaycanın hər 5 ildə 3 ilinin seçkilərlə bağlı olması reallığından irəli gəlir. Bu cür praktika digər ölkələrdə də mövcuddur (Avstriya, Finlandiya, 2000-ci ilədək - Fransa). Prezidentin səlahiyyət müddətinin uzadıldığına görə Azərbaycan Respublikası Prezidentinin etimad votumu üçün müraciət imkanı da nəzərdə tutulur (növbədənkənar prezident seçkiləri elan etmək).

Digər dəyişikliklərdən biri də yeni vitse-prezidentlər institutunun yaradılmasıdır. Bu addım Azərbaycanda icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi zərurəti ilə bağlıdır. Bu institutun təsis edilməsi həmçinin, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə də xidmət edəcəkdir. Vitse-prezidentlik institutu ölkəmiz üçün yeni olsa da, dünyada geniş tətbiq olunur. Azərbaycanda ali mərkəzi hakimiyyət mənsublarının sayının artırılması dövlət idarəçiliyində daha səmərəli fəaliyyəti təmin etməyə, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına, ümumilikdə isə yeni çevik, effektiv icraçılıq funksiyasının yaranmasına rəvac verəcək. Həmçinin Prezidentin öz səlahiyyətlərini icra edə bilməməsi təqdirində bu vəzifənin icrası əvvəllər Baş nazirə keçirdisə, indi bu iyerarxik silsilədə öncə Birinci vitse-prezident və vitse-prezidentlər olacaq.

Konstitusiya Aktı layihəsində passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunan yaş həddi ilə eyniləşdirilməsi mühüm müddəalardan biri kimi qeyd olunmalıdır. Məsələn, Konstitusiyanın hazırda qüvvədə olan 85-ci maddəsinin I hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı üçün aşağı yaş senzi müəyyən edilmişdir – 25 yaşına çatmamış heç bir vətəndaş deputat seçilə bilməz. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Bu o deməkdir ki, Konstitusiyanın 56-cı maddəsinə əsasən 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı (fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslərdən başqa) deputat seçilə bilər. Bu yenilik aktiv və passiv seçku hüquqları üçün nəzərdə tutulan yaş senzinin bərabərləşdirilməsinə, beləliklə hüquqi ədalətsizliyin aradan qaldırılmasına xidmət edir. Əlbəttə, deputat seçilməsi üçün şəxsin 25 yaşında olması deyil, onun kifayət qədər savada, intellektə, dünyagörüçünə malik olması əsas götürülməlidir.

Konstitusiyanın 100-cü maddəsinə təklif edilən dəyişiklik isə prezidentliyə namizədlər üçün yaş senzini (35 yaş) aradan qaldırır. Bu düzəlişə əsasən Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Referendum aktı layihəsinə təklif olunan 98-1 əlavəsi də (Azərbaycan Respublikası Milli Məclisinin buraxılması) parlamentin səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Layihəyə əsasən "Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır". Görüntüyü kimi, bu müddəa Milli Məclisin səlahiyyətlərini Konstitusion çərçivədə məhdudlaşdırmaqla, əsassız olaraq hansısa ədalətli qərarın, qanunun və təyinatın reallaşdırılmasına mane olmaq cəhdlərinin qarşısını alır.

Əsas Qanuna təklif olunan 23 dəyişikliyin 16-sının, yəni dörddən üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması 26 sentyabr referendumunun mütərəqqi mahiyyətini qabarıq üzə çıxarır. Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, bank-maliyyə sisteminin idarə olunması və sair kimi məsələlər əks olunub. Bu layihə geniş sferanı əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir. Konstitusiyaya edilən əlavə və dəyişikliklər daha çevik və effektiv idarəetmənin təmin olunmasında əsaslı dayaq olacaq, nəticə olaraq ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı qoyulacaq.

Baba Tağıyev,

"İrəli Azərbaycan" İctimai Birliynin sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm