Rusiya bu məsələyə müsbət yanaşır - Tofiq Abbasov
Bizi izləyin

Nida.az

Rusiya bu məsələyə müsbət yanaşır - Tofiq Abbasov

Ötən gün Brüssel şəhərində Avropa ittifaqının təşkilatçılığı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü keçirildi. Görüşdən sonra bəyanat qəbul olundu. Ekspertlər bəyanatı şərh edərək bildiriblər ki, bu razılaşma Bakı və İrəvan arasında imzalanacaq sülh müqaviləsinin başlanğıcıdır.

Mövzu ilə bağlı Publika.az-a müsahibə verən politoloq Tofiq Abbasov qeyd edib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolu yoxdur.

Müsahibəni təqdim edirik:

- Tofiq bəy, sizcə, Brüssel görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı?

- Müharibədə məğlubiyyətə uğrayan Ermənistan sülh müqaviləsinin imzalanmalı olduğunu çox gözəl başa düşür. Ancaq çalışır ki, bu məsələləri ləngidərək vaxt qazansın. Ermənilər bununla hər hansısa bir vəziyyətdən özlərinə pay çıxarmaq niyyətindədirlər, ancaq bunun olma ehtimalı sıfıra bərabərdir. Rusiyanın da bu məsələyə müsbət yanaşdığının şahidi olduq. 10 noyabr və 11 yanvar bəyanatlarında da sülhə doğru addımlamaq lazım olduğu vurğulanıb. Ermənistan hakimiyyətinin əsas problemlərindən biri odur ki, onlar müstəqil siyasət həyata keçirə bilmir. Adıçəkilən ölkənin daxilində çox ciddi etirazlar var və bunları edənlər radikal qruplardır. Həmin şəxslər istənilən şəraitdə Paşinyan və onun ətrafına maneə törədirlər ki, bu proseslərdə irəliləyiş olmasın. Ancaq onlar nə qədər problem yaratmağa çalışsalar da, biz istəklərimizə nail olduq. Müharibədən əvvəl Qərb ölkələri və Rusiya bəyan edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Amma biz bu problemi güc yolu ilə həll edərək torpaqlarımızı işğalçılardan təmizlədik və bütün dünyaya göstərdik ki, məsələnin hərbi yolla həlli var. Ermənistanın beynəlxalq səviyyədə aldığı yardımlar da zəifləməyə başlayıb. Çünki bütün ölkələr ermənilərin artıq yük olduğunu başa düşüb. Məğlub olmuş ölkə özü gərək maraqlı olsun ki, düşdüyü ağır vəziyyətdən çıxsın. Ermənistan əvvəl-axır bizim dediklərimizlə razılaşmalı idi və belə də oldu. Ermənistan daxilində əldə olunmuş razılığa problem yaratmaq istəyənlər olacaq, ancaq Paşinyan gərək bu mövzularda qətiyyətli olsun və dağıdıcı mövqedə çıxış edənlərin qarşısını alsın.

- Sərhədlərin demarkasiya və delimitasiya olunması prosesi yaxın zamanda gerçəkləşə bilərmi?

- Ermənistan sərhədlərin demarkasiya və delimitasiya olunmasına əvvəl-axır razılaşmalı idi. Adıçəkilən ölkənin daxilində olan müxalif qüvvələr söyləyirdilər ki, sərhədlər dəqiqləşdirildikdən sonra ermənilər Qarabağdan əl çəkəcəklər. Ermənilər Qarabağla bağlı olan məsələlərin Azərbaycanın daxili işləri olduğunu bilməli və bu cür sərsəm düşüncələrdən əl çəkməlidirlər. Biz o torpaqların həqiqi sahibləriyik və orada yaşayan ermənilər də Azərbaycan qanunvericiliyinə tabe olub Qarabağda yaşamalıdırlar. Hətta biz bilirik ki, həmin ərazilərdə yaşayan ermənilərin bəziləri bizim imkanlarımızı çox yaxşı bilirlər. Onlar həmin ərazidə bizim hakimiyyət orqanlarımızın fəaliyyət göstərməsini istəyirlər. Ancaq həmin şəxslərə də separatçılar mane olur. Yəni Qarabağ məsələsinin Ermənistana heç bir aidiyyəti yoxdur. Azərbaycan illər ərzində elə bir siyasət apardı ki, ermənilər bizim dediklərimizlə razılaşmaq məcburiyyətində qaldılar.

- Qərb ölkələri Azərbaycanın yaratdığı reallığı qəbul etdi?

- Həm ötən görüşdə, həm də indiki Brüssel görüşündə Qarabağla bağlı heç bir fikir səslənmədi. Bu o deməkdir ki, Azərbaycanın regionda yaratdığı reallıq bütün ölkələr tərəfindən qəbul olunur. Yəni bütün bunlar öz həllini tapmış məsələlərdir. Qarabağ məsələsi heç bir halda gündəmdə ola bilməz. Ordumuz 44 günlük müharibədə bu problemi kökündən həll etdi. Artıq münaqişə bitib, sərhədlərimiz bərpa olunub və bundan sonra Ermənistanın heç bir şansı yoxdur ki, həmin proseslərə qarışsın. Torpaqlarımızda olan separatçı qüvvələr isə ya məhv olacaq, ya da təslim olacaqlar. Fərrux dağı ətrafında baş verən proseslər də bundan xəbər verir. Separatçılar çalışdılar ki, oranı yenidən ələ keçirsinlər, ancaq alınmadı. Biz onları həmin ərazidən çıxardıq. Düzdür, Vaşinqton və digər ərazilərdən bu məsələ ilə bağlı fikirlər səsləndi, ancaq biz öz mövqeyimizdən əl çəkmədik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm