İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlər əlavə olunacaq
Bizi izləyin

Səhiyyə

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlər əlavə olunacaq

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlər əlavə olunacaq

Cari ilin ilk doqquz ayında dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 75 milyondan çox tibbi xidmət göstərilib. Xidmətlərin 88 faizi ambulator, 12 faizi isə stasionar qaydada həyata keçirilib.

Publika.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Məhərrəmov deyib.

O bildirib ki, hesabat dövründə dövlət tibb müəssisələrinə müraciət edən vətəndaşların sayı 4,8 milyon olub. Onlardan 1,5 milyonu uşaqlardır. Ümumi müraciətlərin sayı isə 20 milyona çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciət edən vətəndaşların sayında 3,8 faiz, ümumi müraciətlərin sayında 8,4 faiz, göstərilən tibbi xidmətlərin sayında isə 9 faiz artım qeydə alınıb.

Rəşad Məhərrəmov qeyd edib ki, agentlik vətəndaşların ehtiyac duyduğu tibbi xidmətlərin müəyyənləşdirilməsi və icbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqinə başlanılan dövrdə Xidmətlər Zərfinə 1839 xidmət daxil olduğu halda, hazırda bu göstərici 3318-ə çatıb.

Sədr müavini 2027-ci ildən etibarən Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunmasının planlaşdırıldığını bildirib. O, xüsusilə arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman preparatlarının resept əsasında vətəndaşlara təqdim edilməsi ilə bağlı nəzərdə tutulan işləri diqqətə çatdırıb.

Bundan başqa, koxlear implantasiya əməliyyatı keçirilmiş vətəndaşlar üçün üç yeni xidmət Xidmətlər Zərfinə əlavə olunub.

Rəşad Məhərrəmov sümük iliyinin transplantasiyası ilə bağlı xidmətlərin sayının da artırıldığını vurğulayıb. Bildirib ki, bu istiqamətdə xidmətlərin sayı 20-dən 50-yə çatdırılıb. Beləliklə, müvafiq xidmətlərin sayı 2,5 dəfə artırılıb.

O əlavə edib ki, gələcəkdə də Xidmətlər Zərfinə mütəmadi baxılacaq, vətəndaşların ehtiyaclarına uyğun yeni xidmətlərin əlavə olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm