Alan Kasayev: “Qarabağdan sonra bölgədə yeni “kvazidövlət”lər yarana bilər”
Bizi izləyin

Nida.az

Alan Kasayev: “Qarabağdan sonra bölgədə yeni “kvazidövlət”lər yarana bilər”

“Bir parça torpaq üçün ermənilər çoxminli qurbanlara bais oldu və Azərbaycan torpaqlarında “kvazidövlət” “DQR” yaradıldı. Onda heç kim güman edə bilmirdi ki, 22 il keçəcək və yalnız erməni və Azərbaycan ordusu arasında atəşkəsin əməl edilməsinə çalışılacaq, münaqişə isə unudulmuş olaraq qalacaq”.

Publika.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Alan Kasayev deyib.


Qarabağ münaqişəsi ilə paralellik aparan Kasayev Ukraynanın Şərqindəki böhranın da 20 il davam etməsi ehtimalını yüksək qiymətləndirib.


“Əgər bu baş verəcəksə, təəccüblənmək olmaz. Çünki post-sovet ölkələrinin inkişaf tarixində bu tamamilə dəqiq yaşanmış nümunələrdir. Bu gün qondarma “DQR” kağız üzərində mövcuddur. Bu “kvazimoda” tipli struktur atəşkəsin dayandırılması nəticəsində peyda olub. Halbuki, BMT Təhlükəsizlik Şurasının qətnamələri var və bu sənədlərdə yüzlərlə səhifə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli üçün müəyyən formatlar var. Azərbaycan və Ermənistan olmaqla iki tərəfli, Rusiya qoşulursa, üçtərəfli format olur, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vaxtında dördtərəfli format var idi. Burda Türkiyə və İranın da vasitəçiliyi ilə əlavə formatlar da mövcuddur. Lakin münaqişə hələ də həll edilməmiş qalır”, - deyə o bildirib.


A. Kasayev qeyd edib ki, qondarma “DQR” 20 ildən artıqdır ki, mövcuddur. Onun sözlərinə görə, bu əndrabadi strukturun mövcudluğunu əsaslandırmaq üçün müxtəlif nümunələr gətirilir: “Münaqişənin ən dramatik anları bu ilin yayında oldu. Ehtimal olunurdu ki, müharibə olacaq, lakin tərəflər buna getmədi. Buna paralel olaraq Ukrayna münaqişəsi də davam edirdi. Buna görə də dünya gücləri Qarabağda müharibəyə imkan verməzdilər”.

Onun fikrincə, hər şey SSRİ imperiyasının dağılmasından sonra baş verdi.


“Eyni ssenari Gürcüstanda da baş verdi. Lakin post-sovet məkanının transformasiyası başa çatmayıb. Eyni ssenari Ukraynada da baş verir. Güman ki, bu bölgədə yeni “kvazidövlət” peyda olacaq. Lakin o da istisna olmur ki, Rusiya Federasiyasının öz ərazisi də buna məruz qala bilər. Xoşbəxtlikdən, bu tendensiya görünmür, amma bu o demək deyil ki, baş verə bilməz. Rusiya Qarabağda bəlkə də böyük səhvini etdi. Məhz Qarabağdan sonra Moldova, Gürcüstan ssenarisi oldu, indi də Ukrayna baş verir və bu bir gün Rusiyaya qarşı geri dönə bilər. Moskva bunu anlamalıdır və lap əvvəldən, Qarabağdan başlamalı, problemin həllinə çalışmalıdır”, - deyə A. Kasayev vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm