“Qubad İbadoğlunu təkləmək istəyirlər” – Arif Hacılıya “yox” deyildi
Bizi izləyin

Nida.az

“Qubad İbadoğlunu təkləmək istəyirlər” – Arif Hacılıya “yox” deyildi

Müsavat Divanı narazılarla bağlı yeni qərar qəbul edib. Qərara görə, başqan Arif Hacılının legitimliyini tanımayan Səxavət Əlisoyla Əlövsət Talışxanlı qərargaha dəvət olunublar.

Narazı qrupa Qubad İbadoğlunun rəhbərliyi altında Vurğun Əyyub, Tural Abbaslı və bir sıra tanınmış müsavatçının daxil olduğunu nəzərə alsaq, onların arasında bu iki şəxsin dəvət edilməsi də diqqət çəkir.


Arif Hacılının dəvətini qəbul etmədi


Səxavət Əlisoy Publika.az-a açıqlamasında dəvəti qəbul etməyəcəyini bildirib: “Mən getməyəcəm. Nə qurultayın nəticələrini, nə Arif Hacılının başqanlığını, nə Divanı, nə Məclisi, nə də MNTK-nın legitimliyini tanıyıram. Onlarla üzbəüz oturub nədən danışa bilərik?”


“Qubad bəyi təkləmək istəyirlər”


Onun fikrincə, seçilən taktika fraksiya yaratmaq istəyən qrupu bölmək məqsədi daşıyır: “Burda Qubad İbadoğlu, Vurğun Əyyub, Tural Abbaslı və digərləri də var. Nə üçün ancaq mənimlə Əlövsət bəyi dəvət edirlər? Deməli, Qubad bəyi təkləmək istəyirlər. Mən bunu qəbul edə bilmərəm. Kim onları legitim sayırsa, onları çağırıb danışsınlar”.


“Mənə biət etmirsənsə, deməli, cəzalanmalısan”


S. Əlisoy indiyə qədər heç bir bölücülüklə məşğul olmadığını bildirib. O, sadəcə, fərqli düşündüyünü deyib: “Ortada siyasi fikir ayrılığı var. Mən onların dediklərini qəbul etmirəm, amma necə düşünməli olduqları da mənə aid deyil. Özləri bilərlər. Hər şey saxtakarlıqdan irəli gəlir. Hansı bölücülükdən danışırlar? Bizim heç birimiz partiyadan çıxmaq haqqında düşünməmişik. Partiyada qalıb mübarizəmizi aparacağıq. Ömrümüzün 20-25 ilini Müsavata qurban vermişik. Nəyə görə getməliyəm? Onlar orta əsr düşüncəsi ilə yanaşırlar. Hesab edirlər ki, mənə biət etmirsənsə, deməli cəzalanmalısan”.


“Arif Hacılı neçə adama hədə-qorxu gəlir”


Fraksiya tərəfdarı qurultaydan sonra saxtakarlığın davam etdiyini, bir sıra rayon təşkilatları adından saxta bəyanatların yayıldığını deyib.


“Beş-altı nəfər “facebook”da toplaşıb Səbail rayon təşkilatına sədr seçiblər. Bu biabırçılıqdı. Özləri də bu biabırçılığı qəbul etmədilər və Arif Hacılı tərəfindən nəticələri ləğv edildi. Halbuki, Hacılının belə bir səlahiyyəti yoxdur. Buna yalnız MNTK-a baxa bilər. Bundan başqa, Ağcabədi rayon təşkilatı guya bunlara dəstək verən bəyanat yaydı. Üstündən bir neçə gün keçmiş oradan bəyanat gəldi ki, dəstək məsələsi yalandır. Eyni məsələ Mingəçevirdə də baş verdi. Özləri saxta bəyanatlar hazırlayıb legitimliklərini qəbul etdirmək istəyirlər. Bütün bu saxtakarlığın başında da Arif Hacılı dayanır. Bunlar qurultayda da, ondan sonrakı dövrdə də ancaq saxtakarlıqla məşğul olublar. İndi bu saxtakarlar hay-küy salıb özlərini təmizə çıxmaq istəyirlər. Arif Hacılı etdiklərini ört-basdır etmək üçün bir neçə adama hədə-qorxu da gəlir”, - deyə o bildirib.


S. Əlisoy fraksiya tərəfdarlarının bölməyə hesablanan bu dəvəti gülünc siyasi gediş adlandırıb.


Əlövsət Talışxanlı da “yox” dedi: “Guya siyasi gediş edib bizi parçalayacaqlar”


Digər dəvətli Əlövsət Talışxanlı da Arif Hacılının qəbuluna getməyəcəyini bildirib.


Publika.az-a açıqlamasında o, yeni rəhbərliyin legitimliyini tanımadığını deyib: “Mənə bölücü deyirlər. Mən müsavatı quranlardan biriyəm. Əsl bölücülər onlardır? Onlar hər şeyi nizamnamədən kənar edirlər. Qurultay keçiriləndən iki gün sonra başlayaraq ciddi pozuntulara yol veriblər. İşləmək istəyirlərsə düz yola gəlməlidirlər. İndi özlərinin ağılı ilə guya siyasi gediş edib bizi parçalayacaqlar. Hər kəs baş verənləri gözəl bilir”.


Ə. Talışxanlı yeni rəhbərliyin rayon təşkilatlarında da qəbul edilmədiyini bildirib: “Onları etiraz edərək rayonlardan geri qaytarırlar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm