Hasan Kanpolat: “İrəvan sülh danışıqları gündəmə gələndə təxribatlara start verir” – Müsahibə
Bizi izləyin

Nida.az

Hasan Kanpolat: “İrəvan sülh danışıqları gündəmə gələndə təxribatlara start verir” – Müsahibə

Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli analitik Hasan Kanpolat Publika.az-a müsahibəsində Ermənistan helikopterinin Azərbaycan səmasına müdaxiləsi və vurulmasının səbəblərdən danışıb.


- Hasan bəy, bir neçə gün öncə Ermənistana məxsus helikopter Azərbaycan hava məkanını pozduğu üçün vuruldu. Sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistanın təmas xəttində helikopterlərini havaya qaldırması sizcə nə ilə bağlı idi?


- Helikopter olayında Azərbaycan sona qədər haqlıdır. Çünki Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonlar Azərbaycan torpaqlarıdır və bura daxil olan hava məkanı da sizin sərhədlərinizdir. Ermənistan helikopterinin Azərbaycan torpaqlarında olması doğru deyil. Amma İrəvan bu torpaqlarda hərbi təlimlər keçirir. Azərbaycan da haqlı olaraq özünü qorumaq məcburiyyətindədir. Bu baxımdan, helikopterin vurulması təbiidir. Burda diqqət çəkən xüsusi bir məqam da var. Ermənistan Dağlıq Qarabağla bağlı sülh danışıqları nə vaxt irəliləsə, o vaxt bu tipli təxribatlara əl atır. Bunu əvvəlki illərdə də görmüşük. Çünki sülh istəyən tərəf Bakıdır. İrəvan isə mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Belə təxribatların törədilməsində məqsəd də sülhü olmaması və status-kvonun dəyişməməsidir.


- Helikopterin vurulmasından narahatlığını dilə gətirən Minsk qrupu və beynəlxalq tərəflərin Azərbaycanın hava məkanının pozulması haqda heç nə deməmələri maraqlıdır.


- Bu ikili standartlardan irəli gələn məsələdir. Belə yanaşma əvvəllər də olub, bu gün də var və gələcəkdə də olmayacağını demək çətindir. Halbuki, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlərin keçirilməsinin özü böyük təxribat idi. Minsk qrupu və beynəlxalq güclər əvvəldən bu təlimlərə qarşı çıxsaydılar, bu olay da baş verməzdi.


- Minsk qrupunun 20 ildən artıq bir müddət münaqişənin həllində heç bir irəliləyişə nail olmaması, əvəzində bu cür hadisələrdə yanlış mövqelər sərgiləməsi bu formatın dəyişməsini gündəmə gətirmirmi?


- Razıyam. Minsk qrupunun formatının dəyişməsi lazımdır. Əsas məsələ sülhdür, amma bu əldə edilmir. Format dəyişsə, ən azından sülh danışıqlarına yeni nəfəs gələ və müəyyən ümidlər yarana bilər.


- Format dəyişərsə, Türkiyə münaqişənin həllində daha yaxın formada təmsil oluna bilərmi? Bakıda belə arzular var.


- Türkiyənin münaqişənin həllində daha yaxından iştirakı müsbət olar. Amma bunun üçün yeni formatlara ehtiyac var. Misal üçün, 2008-ci ildə Gürcüstan savaşında Qafqaz birliyi platforması var idi. O vaxt Türkiyə Cənubi Qafqazda müharibənin bitməsi üçün fəaliyyət göstərib. Bu nümunə Dağlıq Qarabağ münaqişəsində də tətbiq edilə bilər. Türkiyə, Rusiya və münaqişə tərəfləri birgə həll yollarını axtara və daha təsirli nəticələr əldə edə bilər. Amma dediyim kimi bunun üçün formatın dəyişməsi lazımdır.


- Helikopter olayında Azərbaycanda təəssüflə qarşılanan bir hadisə də oldu. Türkiyənin böyük media orqanı helikopterin qondarma “Dağlıq Qarabağ Respublikasına” aid olduğunu bildirdilər. Bu Türkiyədə bəzilərinin erməni sevgisindən irəli gəlir, yoxsa...?


- Mən burdakı yanlışlığın başqa səbəblərinin olduğunu düşünürəm. Türkiyədə bəzilərinin erməni sevgisi məlumdur. Amma bu sırf xəbər situasiyası idi. Türkiyədə böyük media orqanları xəbərləri Amerika mediasından alır. Çox vaxt da bu xəbərlərin üzərində dəyişiklik edilmir, olduğu kimi təqdim olunur. Bu zaman biz bəzi xəbərlərin yanlış şəkildə təqdim edildiyi ilə qarşılaşırıq. Media çox vaxt belə xəbərləri düşünmədən yayır.


- Amma bunun olmaması daha yaxşıdır.


- Təbii ki, bunun olmaması yaxşı olardı. Çünki bunlar həssas məsələlərdir. Bəzən adi bir informasiya böyük siyasi təsirlərə malik ola bilər. Ermənistan helikopterinin “DQR”-ə aid olduğu xəbəri də belədir. Ermənistan da daxil olmaqla bu qondarma “respublikanı” dünyada heç kim tanımayıb. Türk jurnalistlərinin, xüsusilə böyük media orqanlarında çalışanların belə təqdimatı təəssüfedicidir. Onlar bununla böyük siyasi səhv etdiyini anlamalıdırlar. Bu həm də Azərbaycan və Türkiyə ictimaiyyətinin bir-birinə qarşı etibarının zədələnməsi deməkdir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm