MTN-in mətbuat xidməti: "Heç bir rəqəm deyə bilmərik..."
Bizi izləyin

Nida.az

MTN-in mətbuat xidməti: "Heç bir rəqəm deyə bilmərik..."

Mətbuat nümayəndələri informasiya almaq, məlumatı dəqiqləşdirmək üçün gün ərzində saysız-hesabsız zənglər etməli olur. Məmurlarla və ya cavabdeh orqanlarla əlaqə saxlamaq isə heç də asan başa gəlmir.

Bəzən mətbuat xidmətlərinin rəhbərləri gileylənirlər ki, gün ərzində onlara həddindən artıq zənglər gəlir. Bu da istər-istəməz hər kəsə cavab vermək məsələsində problem yaradır.

Açığını deyək ki, bu məqam jurnalist üçün maraqlı deyil. Jurnalistin əsas istəyi onun sorğusuna vaxtında cavab verilməsidir.

Publika.Az olaraq nazirliklərin mətbuat xidmətlərinin KİV nümayəndələri üçün əlçatanlığını, bir gündə qəbul etdikləri zənglərin sayını, media nümayaəndələri ilə aralarında problemin yaşanıb-yaşanmadığını öyrənməyə çalışdıq.

Gün ərzində mütəmadi olaraq bir neçə nazirliyin mətbuat xidmətinin rəhbərinə zəng etdik.

Rabitə və İnformasiya Texnalogiyaları Nazirlinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovla həm sosial şəbəkədə, həm iş, həm də mobil telefonu ilə əlaqə saxlamaq mümkün oldu. Müşfiq Əmirov bildirdi ki, həftə ərzində 50-60 dəfə müxtəlif mətbu orqanlardan zənglər qəbul edir. O bildirdi ki, indiyə qədər ona zəng edən heç bir jurnalistlə problem yaşamayıb.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, mətbuat xidmətinin rəhbəri Namiq Həsənov xəstə olduğu üçün işdə deyil. Onu heç kim əvəz etmir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin telefonuna zəng çatmadı. Nazirliyin mətbuat xidmətinin telefon nömrələri isə bütün günü məşğul oldu.

Müdafiə Sənayesi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxlaya bildik:

"Dəqiq rəqəm deyə bilməsəm də, onu deyim ki, bizə mətbuatdan kifayət qədər zənglər olur. Mətbuat nümayəndələrini maraqlandıran suallara vaxtında cavab veririk. İndiyə qədər heç bir mətbu orqanla problemimiz olmayıb".

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə yarada bilmədik.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov bildirdi ki, gün ərzində 30–40 zəngə cavab verir:

"Bəzən olur ki, hansısa qəzet və ya xəbər portal nazirlik daxilində hansısa məsələ ilə bağlı doğru olmayan xəbər yayır. Əlaqə saxlayıb iradımızı bildiririk. Lakin heç bir mətbuat nümayəndəsi ilə qalmaqalımız məhkəmə həddinə çatmayıb".

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Qasımov bildirdi ki, onlara ünvanlanan müraciətlər əsasən gündəmlə bağlı olur:

"Bəzən gündəmdə olan bir məsələnin birbaşa nazirliklə əlaqəsi olur. Həmin vaxtlarda gün ərzində 100-ə yaxın zəng alırıq. Zənglərin sayı dəyişkən olur".

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəisi Arif Babayev dedi ki, məlum səbəblərə görə, rəqəmlərlə bağlı açıqlama verə bilməzlər:

"Onu deyə bilərəm ki, hansısa mətbu orqanda yalnış məlumat gedirsə, problemsiz şəkildə məsələni həll edirik. Bəzən təcrübəsiz jurnalistlər olur ki, bizim səlahiyyətlərimiz çərçivəsində olmayan suallarla müraciət edirlər. Bizim məqsədimiz odur ki, mətbuat nümayəndələri məlumatları dəqiq, qərəzsiz əldə etsinlər".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev gün ərzində ən azı 150-200 zəng aldıqlarını söylədi:

"Bəzən vəziyyətə uyğun olaraq bu rəqəm artır. Heç bir media orqanı ilə problem yaşamamışıq. Hansısa məlumatın yayımında yalnışlıq olursa, zəng edib səhvi düzəltmələrini xahiş edirik".

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirdi ki, bu quruma gün ərzində ən az 30-40 zəng daxil olur:

"Mətbuatla sıx işləyən nazirliklərdən bəlkə də ən birincisiyik. Vaxtında informasiya vermək, doğru məlumatlandırmaq bizim əsas iş prinsipimizdir. Başqa bir prinsipimiz isə ictimaiyyətin güvəndiyi, işində professional mətbuat orqanları və nümayəndələri ilə işləməkdir. İndiyə qədər mətbuatla problemimiz olmayıb. Yalnışlıqlara rast gələndə isə aradan qaldırmağa çalışırıq".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm