Nida Təhlil
İslam Kərimovu qəbrində xəncərlədilər: Brutun Qızılqum çöllərində DOĞULUŞU
Brutun Sezarı xəncərləməsi ilə dünyanın siyasi tarixində “xain
ən yaxınımızdadır” aksiomasının əsası qoyuldu. Sezarın yüksəlişində
ən yaxın dostu Brutun müəyyən rolu olmuşdu, amma Brutun yüksəlişi
birbaşa Sezardan asılı idi. Dahi romalını taxtının yanında
əyləşənlər öldürdü.
Sezarın qanına bulaşmış xəncər bu gün Qızılqum çöllərində yenidən
peyda olur. Ölümündən sonra patriarxı qəbrində xəncərləyirlər.
Ötən ilin isti yay günlərində - avqustun 29-da 27 il Özbəkistana
rəhbərlik etmiş İslam Kərimov öldü. Onun qəfil ölümü yaşının çox
olmasına baxmayaraq, sui-qəsd nəzəriyyəsinə də meydan vermişdi. Axı
Kərimovun ölümündən cəmi bir neçə ay öncə Qərb texnoloqlarının
Mərkəzi Asiya üçün hazırladığı “xəyali ssenari”də Qazaxıstan
prezidenti Nursultan Nazarbayevin ölüm tarixi göstərilirdi.
“Mərkəzi Asiyada liderlərin qətli” kimi konspriloji fikrini gündəmə
gətirən bu qəribə təsadüf özbək liderin əvvəlcə yatağa düşməsi,
ardından bir neçə gün sonra ölümünün rəsmi şəkildə açıqlanmasına
şübhə ilə yanaşmağa əsas verirdi. Lakin ölümdən bir il keçməsinə
baxmayaraq, sui-qəsd nəzəriyyəsi həyata vəsiqə almadı. Kərimov çox
yaşlı idi, içkini çox sevirdi və “Allah verdi, Allah aldı” dini
deyimlə yanaşsaq, ölüm haqqdır.
Bu gün məsələ Kərimovun ölümündə lupa ilə nəsə axtarmaq da deyil.
Əslində qumlu səhrəların “əkə”si (özbəklərdə böyük qardaş – red.)
yavaş-yavaş unudulurdu da. Lakin Kərimovdan sonra Özbəkistana
rəhbərlik edən prezident Şövkət Mirziyoyevin “ata”nı (özbəklər
sağlığında xoş-naxoş Kərimovu ata adlandırırdı) qəbrində Brutcasına
xəncərləməsi nəzərləri qumlu səhralarda üfüqə doğru yönəldir.
İyulun 30-da Özbəkistanın rəsmi televiziya kanalının “Tahlilnoma”
verlişində mərhum prezident İslam Kərimovun adı çəkilmədən onun
bütün siyasəti tənqid olundu. Bu, Özbəkistanın 27 illik müstəqillik
dövründə, elə ondan da əvvəl də daxil olmaqla, rəsmi televiziyanın
şəriksiz liderin siyasətini pisləməsi kimi nadir hadisədir. 27 il
ərzində həmin televiziya Kərimovun hər addımını yüksək səviyyədə
dəstəkləyib və “ən doğru addım” adlandırıb. İndi isə aparıcının
“Bütün vaxt öz üstünlüyünü sübut etmək və liderlik statusu üçün
qonşu ölkələrlə yarışırdı” sözləri təkcə Kərimovun deyil, həm də 27
illik epoxadan qalan hər şeyin üstünü torpaqlamaqdır.
Verişlişdə iştirak edən ekspertlər danışırlar ki, Kərimovun yanlış
siyasəti nəticəsində Özbəkistanın qonşu ölkələrlə münasibətləri pis
olub. Bundan isə ölkə əhalisi əziyyət çəkib. Lakin prezident Şövkət
Mirziyoyevin siyasəti nəticəsində problemlər yoluna qoyulur.
“Tahlilnoma”da Özbəkistanın bütün sferaları – siyasətdən tutmuş
kənd təsərrüfatına qədər - təhlil edilib və keçmiş dövr
pislənilib.
Verlişin məğzi bundan
ibarətdir:
- Qonşu ölkələrlə ciddi problemlər
yaşanıb.
- Sərhədlər məsələsi həll olunmayıb.
- Özbəkistanda bütün sahələr böhranla üzləşib.
- Prezident Şövkət Mirziyoyevin ölkəyə rəhbərlik etdiyi 8 ayda
bütün problemlər bir-bir aradan qaldırılır.
Mirziyoyev Brut kimi Kərimovu xəncərləyir, lakin Sezardan fərqli
olaraq, lider artıq torpağın altındadır. Xəncər canlı bədənə yox,
cəsədin çürüdüyü qəbrə saplanır və bu, heç də təsadüfi deyil.
Kərimov öləndən sonra onun yerinə özünün hazırladığı, baş nazir
postuna gətirdiyi və ən yaxın adamı hesab olunan Mirziyoyevin
gələcəyi üfüqdə görünürdü. Hətta iddialar var idi ki, Kərimov
sağlığında Mirziyoyevi “varisi” elan edib. Bunun da əsas səbəbi
təkcə oğlan övladının olmaması deyildi. Özbək liderin iki qızından
biri – Gülnarə Kərimova şəxsi həyatı ilə atasının nüfuzuna xələl
gətirmişdi, hər halda Daşkənddə belə hesab edirdilər. Digər qızı
Lola Kərimova siyasət həyatından uzaq idi, kürəkəninə isə etibar
etmirdi. Kərimov Şövkət Mirziyoyevə həm də ölümündən sonra ailəsinə
baxacağına görə inanırdı. Yəni Mirziyoyev Kərimov üçün Sezarın
Brutu idi. Lakin hər şey patriarxı torpağa tapşırana qədər davam
etdi.
Gülnarə Kərimova sosial şəbəkədə gizli ad altına “oğul ataya
xəyanət etdi” sözlərini elə-belə yazmamışdı. “Üsyankar
Kleopatra”nın bir neçə gün öncə həbsi də əslində Kərimovlar
ailəsinin özbək tarixində basdırılmağının başlanğıcıdır. Lakin Lola
və anası Mirziyoyev idarəçiliyilə razılaşdığı üçün onlara
toxunulmur, yaxud bu, hələ ki belədir. Gülnarə isə yeni hakimiyyət
üçün əsas başağırısıdır. Təkcə ona görə yox ki, o, sağlığında onu
ev dustağı edən atasının taxtına iddia edəcək, həm də Daşkənddə
hakimiyyət çevrilişi etmək istəyən Qərb və özbək klanları (Kokand
və Daşkənd klanları) ondan istifadə edə bilər.
Özbək klanları: “Səmərqənd” klanının üzvü olan
Mirziyoyev digər klanlarla uzlaşaraq, hakimiyyətə gəldi. Əslində
Kərimovun ölümünün vəfatından üç gün sonra rəsmi şəkildə elan
edilməsi də məhz klanlar arasında razılığın əldə olunması üçün bu
vaxta ehtiyacdan irəli gəlirdi. Lakin bu, gələcəkdə həmin klanların
Mirziyoyevə qarşı çıxmaması və Gülnarədən istifadə etməyəcəyi demək
deyil. Buna görə də yeni lider taxtını möhkəmləndirmək üçün
“Üsyankar Kleopatranı” zindana atdı.
Qərb: Amerikanın Mərkəzi Asiyaya daxil olması,
Rusiyanı “yumşaq qarnı”ndan vurması, həmçinin, Çinlə uzaq
dənizlərdə deyil, sərhədlərinin dibində vuruşması planlarının
tarixi uzaqlara qədər gedib çıxır. Əslində qonşularla problemləri
olan, Rusiyaya inteqrasiyaya isti baxmayan, Putinin ittifaqlarında
yer almayan Özbəkistan Vaşinqton üçün əla “Troya atı” idi, təbii
ki, Kərimovun zamanında. Vaxtilə ABŞ-ın Özbəkistanda hərbi bazası
da fəaliyyət göstərirdi, Əndincan hadisələrindən sonra isə Kərimov
Vaşinqtona üz çevirdi. Amma bu, onun Rusiyanın yanında yer alması
ilə də nəticələnmədi. Özbək liderin ölümündən sonra Gülnarə
Kərimovanın ABŞ tərəfindən Özbəkistanın başına keçirilməsi
ehtimalları olsa da, Rusiya Mirziyoyevə dəstək verərək, taxta
çıxardı. Gülnarənin həbsi həm də ABŞ-ın müdaxilə variantlarını
sıradan çıxarmaqdır.
Qızını həbs edəndən sonra dövlət televiziyasında Kərimovun tənqidi
Mirziyoyevin hədəfləri ilə bağlı müəyyən təsəvvürlər yaradır.
Burada daxili və regional olmaqla iki hədəf görünür:
Daxili: 27 illik epoxa basdırılır və bütün
problemlər sovetlərdən qalmaq tipik üsulla keçmiş liderin üzərinə
yüklənir. Bu, yeni liderə - Mirziyoyevə təmiz libasda iqtidarını
qurmaq və gücləndirmək imkanı verir.
Regional: Mirziyoyevin xəncəri “ata”nın qəbrinə
saplamasında Rusiya faktoru də görünür. ABŞ-la “ölüm-dirim”
savaşına çıxan Moskva Mərkəzi Asiyada Kərimovun dövründə
“mərkəzdənqaçma” siyasəti yürüdən Özbəkistanı öz orbitinə
qaytarmağı hədəfləyir. Mirziyoyevin iqtidara gəlişinə verilən
dəstəyin də məqsədi bu idi. Hesab etmək olar ki, Mirziyoyev
Rusiyanın istəyinə uyğun olaraq, xarici siyasət kursunu dəyişir.
Proseslərin sonunda Özbəkistanın Kollektiv Təhlükəsizlik
Müqaviləsinə qayıtması, eləcə də Avrasiya İqtisadi İttifaqına üzv
olması perspektivləri görünür.
Bu hədəflərə nail olmaq üçün də təbii ki, ilk növbədə Kərimovla
yanaşı, ondan qalan hər şeyi də basdırmaq lazımdır.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq