Nida Təhlil
Yalanlar necə ortaya çıxdı? - Vidadi İsgəndərlinin fiasko SERİYASI
Müxalifətin radikal qanadının xaricdəki nümayəndələri Orduxan Teymurxan, Vidadi İsgəndərli və onların “tip”ində olan başqaları son hərəkətləri ilə müxalifətçiliyə ən böyük zərbəni vurmuş oldular. Məsələ heç də onların hansı tərəfdə olmasında deyil. Hər kəs siyasi əqidəsində azaddır. Amma onların “mübarizəsinə” heç bir ad qoymaq mümkün deyil. Söyüş, təhqir, şər, böhtan və daha nələr. Danışdıqlarında heç bir arqument, fakt və məntiq yoxdur. Azərbaycanlı olan, lakin Azərbaycan xalqına və dövlətinə qarşı erməni kimi davranan Vidadi İsgəndərlinin sonuncu addımları da bu tip insanların batdıqca batdığını, bir sözlə, fiaskoya uğradığını nümayiş etdirdi.
"Qəbir avantürası” fiaskoya uğradı
Vidadi İsgəndərli Azərbaycan hakimiyyətinə qarşı mübarizə üsulu olaraq çox çirkin bir yol seçdi. Çirkin niyyətinin həyata keçirilməsi üçün öz atasının qəbrini alət etməkdən belə çəkinmədi. Göyçayda atasının qəbri təhqir olunduğunu iddia edən İsgəndərlinin növbəti ittihamı ondan ibarət idi ki, bu əməli Yeni Azərbaycan Partiyasının (YAP) gənc üzvləri edib.
Hər halda insanlarda hakimiyyətə, o cümlədən YAP-a qarşı ikrah hissi oyatmaq üçün “qəbirin təhqir olunması” iddiasının ortaya atılmasından daha betər nəsə fikirləşmək mümkün olmazdı. Azərbaycan vətəndaşı bu hərəkəti edən və sifarişçisi olan şəxsləri heç vaxt bağışlamazdı. Amma, İsgəndərlinin iddia etdiyi kimi bir hadisə olmamışdı.
Obyektiv araşdırmalar özünü çox gözlətmədi. Müxtəlif səviyyələrdə - ittiham tərəfinin qohum-əqrəbasından tutmuş, vətəndaş cəmiyyəti institutları və jurnalistlərə qədər hər kəsin tərəfindən aparılan araşdırmalar bu yalanı üzə çıxartdı. Təkzibedilməz faktlarla sübuta yetirildi ki, Vidadi İsgəndərlinin atasının qəbri təhqir olunmayıb. Yutubda təqdim etdiyi kadrların heç bir halda onun atasının qəbri ilə əlaqəsi yoxdur. Söhbət fərqli qəbirstanlıq və fərqli qəbirlərdən gedir. Başqa sözlə, “Qəbir avantürası”ndan dar siyasi məqsədlər üçün istifadə sabun köpüyü effektini yaşamalı oldu.
İndi başqa suallar daha aktualdır. Bu, kimə lazım idi? Əsl məqsəd nə idi?
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, Göyçay rayonundan millət vəkili seçilən Elman Nəsirov hesab edir ki, bu hadisə ölkəmizdə mütəşəkkil şəkildə hazırlığın getdiyi, obyektivliyinə, şəffaflığına və demokratikliyinə heç bir şübhənin olmadığı mühüm siyasi hadisəyə - prezident seçkilərinə kölgə salmaq istəyən, tarixi nailiyyətimiz olan ictimai-siyasi sabitliyi və təhlükəsizlik mühitini pozmağa çalışan, xaos və anarxiya istəyi ilə yaşayan, “bəlkə də qaytardılar” xülyası ilə nəfəs alan xarici anti-Azərbaycan siyasi dairələrə və onların əlində alətə çevrilmiş “sapı özümüzdın olan baltalar”a lazım idi.
“Bu nailiyyətlərimizin əsasında hakimiyyət-xalq birliyi dayanır. Bax, bu birliyi pozmaq üçün həmin qüvvələr dəridən-qabıqdan çıxır, ölçüyəgəlməz səviyədə şər-böhtan kampaniyasına rəvac verir, tərbiyəsizlik, əxlaqsızlıq və şərəfsizliyin son nöqtəsinə enirlər”, - millət vəkili bildirib.
Amma Azərbaycan xalqının həssas nöqtəsinə toxunmaq cəhdi mümkün olmadı. "Qəbir avantürası” təkzibedilməz sübutlarda fiaskoya uğradı.
Milli Azadlıq Hərəkatının “İŞTİRAKÇISI”
Vidadi İsgərdərli videomüraciətlərdən birində 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Milli Azadlıq Hərəkatının iştirakçısı olduğunu iddia edib. “Utanmasan oynamağa nə var ki” deyirlər. Məhəllə uşaqlarını başına toplayaraq, onlara nağıl danışırmış kimi Milli Azadlıq Hərəkatının iştirakçısı olduğunu iddia edə bilərsən. Amma həmin hərəkatın iştiraklçılarının çoxu sağdır və onların gözlərinə baxaraq belə bir yalan söyləmək üçün arsız olmaq lazımdır.
YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sensasion müraciəti ilə İsgəndərlinin bu yalanı da faş oldu.
"Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər? Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciət edirəm”, - deyə S.Novruzov Milli Azadlıq Hərəkatının iştirakçılarına çağırış etdi.
Cağırışa cavablar özünü çox gözlətmədi. Cavablar birmənalı idi: İsgəndərli Milli Azadlıq Hərəkatında iştirak etməyib. Onların bir neçəsini təqdim edirik.
Xalq hərəkatının öncüllərindən olan, deputat Fəzail Ağamalı:
“Xalqımız azadlıq uğrunda mübarizəyə başlayandan bu günə qədər onun tam içərisində olanlardanam. Vidadi İsgəndərlini bu mübarizınin nə ortasında, nə də önündə görmüşəm".
Milli Azadlıq Hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:
“Adətən Milli Azadlıq Hərəkatında iştirak edən və üzdə olan insanların hamısı bir-birini tanıyır. Vidadi İsgəndərli o hərəkatda olsaydı, ən azından, adını eşitmiş olardım. Milli Azadlıq Hərəkatında yüz minlərlə insan iştirak edib. Əlbəttə, hamısını tanımaya bilərəm. Ancaq o hərəkatda iştirak edən Vidadi İsgəndərli adlı adam tanımamışam. Kim olduğunu da bilmirəm. Bu adda insanın Milli Azadlıq Hərəkatına qoşulduğunu eşitməmişəm”.
Milli Məclisin deputatı, Xalq Hərəkatının tanınmış isimlərindən olan Fazil Mustafa:
“Biz 35 ildən artıqdır ki, siyasi mübarizənin içərisindəyik və bu mühitdə xeyli sayda tanımadığımız insan var. Vidadi İsgəndərlini özünü tanımamışam, amma qardaşı İsfəndiyarı tanıyıram. İsfəndiyar bəy dəyərli, hörmət etdiyim şəxslərdən biridir. V.İsgəndərlini isə bir neçə il öncə həbsdən çıxandan sonra tanımışam".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev:
“Mən şəxsən Vidadi İsgəndərlini sonradan tanımışam. Hər halda, onun hərəkatın fəallarından olması barədə heç bir məlumatım yoxdur”.
Xalq Hərəkatının iştirakçısı, politoloq Zərdüşt Əlizadə:
“Vidadi İsgəndərli haqqında son 7-8 il ərzində eşitmişəm. Yəni, hüquq müdafiəçisi kimi həbs edildiyi zamanlarda tanımağa başladım. Ondan əvvəl isə ümumiyyətlə onun kim olduğunu bilmirdim”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə:
"Mən Vidadi İsgəndərli adını bu səhər (martın 9-da verilən açıqlamadadır –red.) sahat 8-də jurnalistlərdən eşitmişəm. Bu vaxta qədər belə bir insan haqqında heç nə eşitməmişdim”.
Həbsxanadan gizli məktublar
Vidadi İsgəndərli videomüraciətində bir çox başqa şəxslərlə yanaşı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin də ünvanına kəskin ifadələr işlətmişdi. İsgəndərli Qüdrət Həsənquliyevi satqınlıqda və xəyanətdə ittiham etmişdi.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Vidadi İsgəndərlinin həbsxanadan BAXCP sədrinə yazdığı məktubları açıqlayıb. Göründüyü kimi, məktublarda İsgəndərli deputat Q.Həsənquliyevə çox borclu olduğunu yazıb və ondan şəxsi səciyyəli xahişlər edib. Hər halda, sözügedən məktublar İsgəndərlinin necə bir mənəviyyat sahibi olduğunu açıq şəkildə göstərmiş oldu.
Son bir neçə gün ərzində baş verənlər, açıqlamalar və son olaraq dərc edilən məktublar İsgəndərlinin əsl kimliyini və məqsədini ortaya qoydu. Adam danışdıqca batır. “Qəbir avantürası”, Milli Azadlıq Hərəkatının iştirakçısı olduğu barədə iddia və həbsxanadan minnətdarlıq məktubları yazdığı bir insanı hədəfə çevirməsi açıq fiasko idi. Artıq Azərbaycan vətəndaşları da nəyin baş verdiyini, söyüş, təhqir və böhtanların nələrə xidmət etdiyini başa düşdü.
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO