Ev təsərrüfatlarının elektron uçotunun ünvanlı sosial yardıma təsiri: Nələr dəyişəcək?
Bizi izləyin

Nida Təhlil

Ev təsərrüfatlarının elektron uçotunun ünvanlı sosial yardıma təsiri: Nələr dəyişəcək?

Ev təsərrüfatlarının elektron uçotunun ünvanlı sosial yardıma təsiri: Nələr dəyişəcək?

Azərbaycanda 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotunun ilk dəfə tam elektron qaydada, “mygov” platforması üzərindən aparılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonasında uçotu həyata keçirəcək şəxslər üçün təlimlərə başlanılması bu prosesə hazırlığın mühüm mərhələsidir. Yeni sistem ailələrin sosial və iqtisadi vəziyyətinin daha dəqiq öyrənilməsinə, ehtiyacların müəyyənləşdirilməsinə və dövlət dəstəyinin daha ünvanlı təşkilinə imkan yaradacaq.

Publika.az mövzu ilə bağlı millət vəkili, iqtisadçı Vüqar Bayramovun fikirlərini öyrənib.

Deputat bildirdi ki, ev təsərrüfatlarının elektron uçot sisteminin yaradılmasında əsas məqsəd ailələrin tələbatını öyrənmək, əldə olunan məlumatlar əsasında sosial və iqtisadi siyasəti formalaşdırmaqdır.

Onun sözlərinə görə, ev təsərrüfatlarının uçotu əvvəllər də aparılırdı. Çünki ünvanlı sosial yardım, subsidiya və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi üçün ailələrin sosial vəziyyəti, istehsal fəaliyyəti və daşınmaz əmlakı barədə məlumatların əldə edilməsi vacib idi.

V.Bayramov qeyd etdi ki, yeniliyin əsas fərqi məlumatların “mygov” platforması üzərindən vahid pəncərə prinsipi ilə elektronlaşdırılmasıdır. Bu isə ailələrin sosial vəziyyətinin daha operativ qiymətləndirilməsinə və yardıma ehtiyacı olanların müəyyənləşdirilməsinə şərait yaradacaq.

“Burada məlumatların elektronlaşdırılması həm də hansı ailələrin sosial yardıma ehtiyacının olduğunu müəyyənləşdirməyə imkan yaradacaq və sosial dəstəyin daha ünvanlı şəkildə həyata keçirilməsinə gətirib çıxaracaq”, - deyə deputat bildirdi.

V.Bayramovun sözlərinə görə, elektron uçot sistemi sosial dəstəklə yanaşı, aqrar sektorda da yeni imkanlar yaradacaq. Məlumatların vahid bazada toplanması kənd təsərrüfatı üzrə uçot sisteminin təkmilləşdirilməsinə, mövcud güzəştlərin əhatə dairəsinin genişləndirilməsinə və dövlət proqramlarının daha səmərəli təşkilinə töhfə verə bilər.

Deputat vurğuladı ki, sistemin elektron formada qurulması ev təsərrüfatlarının fəaliyyətinə müdaxilə edilməsi məqsədi daşımır. Əsas hədəf ailələrin, xüsusilə sosial dəstəyə ehtiyacı olan təsərrüfatların vəziyyətini müəyyənləşdirmək və regional siyasəti real məlumatlar əsasında həyata keçirməkdir.

“Bir tərəfdən proses elektron olduğuna görə ev təsərrüfatlarının fəaliyyətinə hər hansı müdaxilədən söhbət gedə bilməz, digər tərəfdən isə əsas məqsədlərdən biri də dəstəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi və regional siyasətin buna uyğun həyata keçirilməsidir”, - deyə V.Bayramov qeyd etdi.

Deputat əlavə etdi ki, məlumatların elektronlaşdırılması gələcəkdə aktiv sosial proqramların da daha səmərəli icrasına imkan verəcək:

“Artıq elektron məlumatlar əsasında proqramların, xüsusilə aktiv sosial proqramların həyata keçirilməsi mümkün olacaq”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm