Avropa Parlamentində növbəti riyakarlıq: İrəvana dəstək, Bakıya təzyiq cəhdi
Bizi izləyin

Nida Təhlil

Avropa Parlamentində növbəti riyakarlıq: İrəvana dəstək, Bakıya təzyiq cəhdi

Avropa Parlamentində növbəti riyakarlıq: İrəvana dəstək, Bakıya təzyiq cəhdi

Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində (AFET) Dan Barnanın hazırladığı Azərbaycan-Avropa İttifaqı və Miriam Lexmannın hazırladığı Ermənistan–Avropa İttifaqı münasibətlərinə dair təqdim olunmuş tövsiyə layihələri iki faktı yenidən gündəmə gətirdi.

1. Avropa strukturlarında erməni maraqlarının müdafiəsi yanaşması dəyişmir;
2. Avropa İttifaqının Cənubi Qafqaz siyasətində ikilistandart və qərəzli mövqe yenidən ön plana çıxır.

Azərbaycan və Ermənistana həsr olunmuş layihələrdə yer alan detallar və iddialar bunu təsdiq edir.

Azərbaycana qarşı davam edən qərəz və anti-sülh layihəsi

Dan Barnan Azərbaycanla bağlı layihənin hazırlanmasında Ermənistanın Aİ yanındakı diplomatik nümayəndəliyi və xaricdə fəaliyyət göstərən anti-Azərbaycan mühacir qruplaşması (ASİMKOM) ilə rəsmi məsləhətləşmələr aparıb. Avropa Parlamentinin şəffaflıq reyestrində Dan Barnanın Ermənistanın Aİ yanındakı nümayəndəliyi ilə 6 noyabr, ASİMKOM ilə isə 12 noyabrda görüşlər keçirdiyi rəsmi şəkildə əks olunur.

Bu, Azərbaycanla bağlı layihənin Ermənistan diplomatiyasının, o cümlədən, ölkəmizə qarşı radikal təbliğat aparan şəbəkələrin birtərəfli və qərəzli rəyləri ilə hazırlandığını, buna görə də reallığı əks etdirmədiyini sübut edir.

Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer alması Avropa Parlamentinin post-münaqişə reallıqlarına qarşı təxribat cəhdidir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə əsas bəndlər razılaşdırılıb, delimitasiya prosesi davam etdirilir, ikitərəfli ticarət əlaqələri qurulur. Bunun fonunda AP-nin keçmiş münaqişə ritorikasından istifadəsi regional sülhü pozmaq cəhdidir. Aydındır ki, AP-də erməni lobbisi bununla regiondakı reallıqları qəbul etmək istəmədiklərini nümayiş etdirirlər.

AP-nin sülhü sabotaj etmək cəhdini göstərən nümunələrdən biri də
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbinin “sülhə maneə” kimi təqdim edilməsidir. Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsində bu müddəalardan imtina edib, lakin bu yanaşmanı revanşist qüvvələr dəstəkləyir. Avropalı deputatlarda bu yanaşma ilə əslində revanşistlərin mövqeyini müdafiə edirlər. Bu, bir daha sənədin regional sülhə qarşı təxribat olduğunu təsdiqləyir.

Sənəddə antiazərbaycan mühacir qruplaşmasına (ASİMKOM) maliyyə və siyasi dəstəyin artırılması, onların Avropa İttifının ərazisində xüsusi qorunması çağırışları xüsusilə diqqət çəkir. Bəhs olunan bu şəxslər Azərbaycan dövlətinə qarşı söyüş və təhqirlərlə “mənəvi terror” fəaliyyəti göstərir. Belə şəxslərin xüsusi mühafizə altına alınması istəkləri əslində onlardan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edilməsi niyyətindən qaynaqlanır.

AP Ermənistanda siyasi repressiyaları görmür

Miriam Lexmannın Ermənistanla bağlı hazırladığı layihəni Azərbaycanla bağlı layihə ilə müqayisə etdikdə Avropa Parlamentinin qərəzi açıq şəkildə ortaya çıxır. Ermənistanla bağlı layihədə bu ölkədə siyasi motivli həbslər, müxalifət liderləri, icimai fəalar və din xadimlərinə qarşı repressiyalar yer almır. Son parlament seçkilərindən sonra müxalifət liderlərini həbs edilməsi, bu günlərdə isə müxalifətin Stepanavan şəhərində bələdiyyə seçkilərinə qatılan namizədi Arsen Gevorgyanın həbsdə ölməsi Ermənistandakı real mənzərəni ortaya çıxarır. Lazımi tibbi yardımın göstərilməməsi ilə müxalifətçinin məqsədyönlü şəkildə öldürüldüyü deyilir. Lakin AP-də Ermənistanla bağlı layihədə bütün bunları heç biri əks olunmur. Əvəzində Azərbaycanda konkret cinayət əməllərinə görə həbs edilənlər “siyasi məhbus” kateqoriyasına daxil edilir. Bununla yanaşı, hərbi cinayətlərə və terrorçuluğa görə həbs edilmiş keçmiş qondarma rejimin rəhbərlərinin azad edilməsi çağırışları edilir. Bu çağırış da AP-də hazırlanan layihənin sifarişçilərinin erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan dairələr olduğunu deməyə əsas verir.

AP-də hazırlanan sənədlər Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Bu, nə Azərbaycanın müstəqil siyasətinə, nə də Azərbaycan-Avropa İttifaqı münasibətlərinə təsir edə bilməz. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi və Şərq-Qərb nəqliyyat əlaqələrində Avropa İttifqqının etibarlı tərəfdaşıdır. Lakin Avropa Parlamentinin qərəzli yanaşması bu təşkilatın lobbi və siyasi maraqların aləti olduğunu bir daha təsdiq edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm