
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbiçiləri
“Kamxurd” və “Alaqyaz” poliqonunda hərbi təlimlər keçirir.
Publika.az xəbər verir ki, təlimlər 23 iyuldan 28 iyula
qədər davam edəcək.
Təlimlərdə 3000-dən çox hərbi qulluqçu və 500 hərbi texnika iştirak
edir. Təlimlərin miqyası böyük qiymətləndirilir.
Ermənistan mediası Rusiyanın bu təlimlərini payızda Dağlıq
Qarabağda gözlənilən mümkün eskalasiya ilə bağlı olduğunu yazır.
Ermənilərin əsas qorxusu Paşinyan hakimiyyətinin Qərbə üz tutmasına
cavab olaraq, Kremlin mümkün müharibədə Ermənistan daxilindəki
hərbiçilərini erməni hərbi birləşmələrinə qarşı çıxarmasıdır.
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin
hərbi rəhbərliyi dünən sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda
müharibənin başlaya biləcəyi haqda açıqlama verdi. Bu açıqlama və
İrəvanda yeni hakimiyyətin populizm siyasəti işğalçı ölkənin hərbi
hərəkətləri yeniləyə biləcəyi ehtimalını artırır. Bu hadisələr
fonunda rus hərbiçilərinin Ermənistanı daxildən vura biləcəyi də
istisna deyil. Xüsusilə Panik kəndində baş verən hadisə və
Ermənistanın müdafiə naziri David Tonoyanın “rus sərhədçilərinin
Ermənistan sərhədini qoruması məsələsinə yenidən baxa bilərik”
açıqlaması proseslərin Moskvanın ürəyincə davam etmədiyini
göstərir.
Rusiyalı hərbi ekspert Pavel Felqenqauerin “Qarabağ münaqişəsinin
olduğu gərgin regionda belə təlimlərin keçirilməsi “odun üzərinə
yağ tökə bilər” açıqlaması da baş verənlər fonunda diqqətdən
yayınmır.
Asif