Qarabağda hücum gözlənilir, Azərbaycan ORDUSU... - MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

Qarabağda hücum gözlənilir, Azərbaycan ORDUSU... - MÜSAHİBƏ

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın lideri olduğu Respublikaçılar Partiyası 2019-cu ilin may ayına kimi növbədənkənar seçkilərin keçirilməsini qeyri-mümkün adlandırsa da, baş nazir Nikol Paşinyan bu istiqamətdə öz israrını davam etdirir. Paşinyan seçkiləri dekabr ayında keçirmək niyyətindədir.

Publika.az-a müsahibəsində politoloq Elnur Soltan yaxın aylarda Ermənistanın daxili siyasətində gözlənilən dəyişikliklər, mümkün erkən seçkilərin Dağlı Qarabağ münaqişəsi ətrafındakı ab-havaya təsiri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

- Ermənistanın baş naziri Nikol Paşinyan "France 24" telekanalına deyib ki, erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Respublikaçılar Partiyasının növbədənkənar seçkilərin 2019-cu ilin may ayına kimi keçirilməsini qeyri-mümkün adlandırmasına baxmayaraq, Paşinyanın bu bəyanatı prosesin qarşısıalınmaz olduğunu göstərirmi?

- Prosesi proqnozlaşdırmaq çətin olacaq. Çünki, qanun Serj Sarkisyan və Qarabağ klanının tərəfindədir. Qanunda maraqlı bir tərəf var ki, baş nazir istefaya getməli və iki dəfə seçilməyəcəyi halda, növbədənkənar seçkilərə getmək olar. Ortada güvən məsələsi yoxdur. Paşinyan istefaya getdiyi halda respublikaçılar verdikləri şifahi sözə əməl edəcəklərmi, ya yox? Onlar əlbəttə ki, buna əməl etmək istəməzlər. Tək qorxduqları odur ki, Paşinyan camaatı küçəyə tökər, gələr parlamenti basar, yəni, qanun onun tərəfində olduğu üçün deyil, Ermənistan küçəsi onun tərəfində olduğu üçün hakimiyyəti zorla bunlardan alar və legitimliyini itirərlər. Bunlar yalnız o vaxt Paşinyana qarşı gedərlər ki, küçənin onu dəstəkləmədiyini hiss edəcəklər. Buna görə də hər kəs bir-birini müşahidə etməklə məşğuldur. Paşinyan sübut etdi ki, küçəni bir daha ortalığa gətirə bilər və küçə əsas faktordur. Amma bu, beş gündən sonra, on gündən sonra dəyişə bilər. Bəlkə Qarabağ cəbhəsində nəsə dəyişə, Rusiya bir bəyanat verə bilər. Sarkisyan tərəfdarlarının son ana qədər yazılı bir sənədə imza atmamalarının səbəbi də budur ki, özlərini bağlamaq istəmirlər. Başa düşürlər ki, vəziyyət hər an dəyişə bilər. Buna uyğun addımlar atacaqlar ki, Paşinyan xalqın, Ermənistan küçəsinin gözündən düşsün, o anda Paşinyanı məhv edəcəklər. Qanun və parlament onların tərəfindədir, sadəcə olaraq küçənin təzyiqindən qorxurlar, onların qarşısında duran tək əngəl küçənin təzyiqidir. Paşinyan da deyir ki, “seçkilər ola bilər”, demir ki, “olacaq”. Çünki Paşinyan da başa düşür ki, məsələni konkretləşdirmək qarşı tərəfi döyüşə dəvət etməkdir. Döyüşün nəticəsinin də nə olacağı məlum deyil. Daha çox blef edirlər, qarşı tərəfi test edirlər, yəni, mərhələli olaraq hər kəs qarşı tərəfə gücünü göstərir. Fikirləşirlər ki, görəsən, Rusiya, yaxyd da Qarabağ faktorundan istifadə edək? Rusiya elə bir addım atar ki, sabah artıq bilərsiniz ki, məsələ tamamən bağlandı, Rusiyanı dəstəyini itirdi. Proses davam edir və hələ də ehtiyatlı bəyanatlar eşidəcəyik. Konkret rəqəmlər, konkret tarixlər eşitməyəcəyik.

- Ermənistanın daxili siyasi qarşıdurmasında maraqla izlənilən məsələlərdən biri də bəzi qüvvələrin manevr cəhdləridir. Məsələn, bazar ertəsi Paşinyanla parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan “Çarukyan” blokunun lideri Qaqik Çarukyan arasında dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalandı. Halbuki, oktyabrın 2-də qəbul edilən və növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanunun təşəbbüskarlarından biri də məhz “Çarukyan” bloku idi. Bu cür manaverləri necə qiymətləndirirsiniz?

- “Çarukyan” parlamentdə kifayət qədər böyük bloklardan sayılır. Qaqik Çarukyan başda olmaqla, əllərində kifayət qədər var-dövlət toplanıb və hazırda strateji hesablar içindədirlər ki, “necə edək ki, Sarkisyan qrupu qalib gəlsə, bizə xain deməsinlər, yaxud, Paşinyan qrupu qalib gəlsə, silinəcək köhnə korrupsioner qrupun içində olmayaq”. “Çarukyan” bloku hər iki tərəfə oynayacaq. Bunun səbəbi isə udanın kim olması məsələsində qeyri-müəyyənlikdir.

- Yəni, qarşıdakı dönəmdə bu cür oyunlar davam edəcək...

- Mütləq. Mən bunu çox açıq görürəm. Bunu etməyə məhkumdurlar. Strateji bir oyun çərçivəsində qeyri-müəyyənlik onları bu cür davranmağa itələyir. Əminəm ki, Silahlı Qüvvələrimiz bu şəkildəki hadisələrə açıqdırlar. Çünki məsələ o qədər ciddidir ki, hətta Qarabağda müəyyən təxribat xarakterli addımlar ola, bu və ya digər qrup bir-birini sübut etmək, yaxud da bir-birini gözdən salmaq üçün addımlar ata bilər. Əminəm ki, Azərbaycan Ordusu və diplomatiyası vaxtında və yerində bu hadisələri, bu fürsətləri dəyərləndirə biləcək.

- MDB dövlət başçılarının Düşənbə sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü görüş zamanı təmas xəttində əldə olunan razılıq Paşinyanın Dağlıq Qarabağla bağlı absurd mövqeyindən əl çəkəcəyi ehtimalını önə çıxarsa da, onun səsləndirdiyi son bəyanat bunun əksini göstərdi. Paşinyan İrəvanda “Frankofoniya” beynəlxalq təşkilatının sammitində çıxışı zamanı bildirdi ki, Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır...

- Paşinyan özünün fikirlərindən ziyadə, siyasi cəhətdən nə lazımdırsa, onu deyir. Paşinyanın öz fikrinin nə olduğunu bilmirəm və burada spekulyasiyaya getmək istəmirəm. Bütün hallarda, o, Levon-Ter Petrosyan qrupundan gəlib. Bu, az-çox rasionallığa, az-çox reallığa yaxın olan qrup olaraq tanınırdı. Ola bilər ki, Paşinyan daxildə daha uzlaşmaçı bir insan olsun. Amma o uzlaşmanı ortaya qoyacaq mühit yoxdur. Çünki, bu mühitdə Qarabağla bağlı qarşı tərəfin xoşuna gəlməyən bəyanat verilsə, ona qarşı istifadə oluna bilər. Qarşı tərəf onu xalqın, küçədəki insanın gözündən salmağa çalışa bilər. Ona görə də hətta Sarkisyan qrupundan, Qarabağ klanından daha aqressiv davranmağa çalışacaq. Necə deyərlər, Roma Papasından daha katolik olmağa çalışacaq. Bunun səbəbi indiki siyasi mühitdir. Paşinyan indiki halda riskə gedə, daha liberal mesajlar verə bilməz. Həmin anda Sarkisyan qrupu ondan istifadə edə, onu vurmağa, siyasi cəhətdən zəiflətməyə çalışa bilər. Ona görə də bütün bu bəyanatları, davranışları seçkilərə doğru gedən xəttin və siyasətin tərkib hissəsi olaraq görməliyik. Bunlar müstəqil addımlar, müstəqil düşüncələr deyil.

- Oktyabrın 8-də Paşinyanın xanımı Anna Akopyan bir qrup rusiyalı qadınla birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəldi və Qarabağ münaqişəsinin tərəflərinə müraciətlə "sülhə çağırış" etdi. Bu səfər, ümumilikdə Ermənistandakı daxili siyasi proseslərin harasında yer alır?

- Paşinyan nəticə etibarilə əvvəlki liderlərdən də radikal ola bilər, amma bunu bilmirik. Onun əli Qarabağda qana batmayıb, hesab edirəm ki, səhra komandirləri kimi korrupsiya içində boğulan, Azərbaycan xalqının qanı ilə üz-gözünü bulaşmış tiplərdən daha fərqli insandır. Nəsə onun daxilində fərqli bir şeylər ola bilər. Amma nəzərə alaq ki, Qarabağ mövzusu Qarabağ klanının monopoliyasındadır, onunla legitimlik qazanıblar, onunla hakimiyyətdə qalıblar və bu, onların ən güclü kartlarından biridir. Paşinyan Qarabağ mövzusunda hər hansı zəiflik göstərsə, ciddi dəstək itkisi ilə üzləşə bilər. Buna görə də iki tərəf arasında “Qarabağ mənim üçün daha əhəmiyyətlidir” mövzusunda yarış gedəcək. Anna Akopyan gedib Rusiyadan tör-töküntüləri yığışdırıb gətirməsinin səbəbi odur ki, “biz Ermənistanda inkişaf və demokratiya da istəyirik, korrupsiya istəmirik, amma Qarabağ mövzusunda da heç bir şəkildə güzəşt etmək istəmirik”. Çünki qarşı tərəf bundan istifadə edəcək. Hesab edirəm ki, bu davranış da seçki prosesinə doğru gedən prosesin tərkib hissəsi olaraq dəyərləndirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm