Prezidentdən MÜHÜM ADDIM: 2 aydan sonra əhalinin daha bir problemi həll olunacaq - Ekspert
Bizi izləyin

Nida Təhlil

Prezidentdən MÜHÜM ADDIM: 2 aydan sonra əhalinin daha bir problemi həll olunacaq - Ekspert

“Prezidentin çoxmənzilli yaşayış binalarının istifadəyə verilməsi ilə bağlı fərmanı bir çox məsələləri köklü şəkildə dəyişəcək”.

Bu fikri əmlak məsələləri üzrə ekspert Ramin Soltanlı Publika.az-a açıqlamasında bildirib.

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmandan danışan ekspert qeyd edib ki, fərman çoxmənzilli binalarda uzun müddətdir qeydiyyatla bağlı yığılıb qalmış problemlərin həll olunmasına təkan verəcək:

“Bu fərmana qədər Bakı şəhəri ərazisində tikilmiş, sənədlərində xırda qüsurlar aşkar edilən və istismara qəbul olunmayan yaşayış sahələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə göndərilmiş müraciətlərə rədd cavabları verilirdi. Bu fərmandan sonra əgər Fövqəladə Hallar Nazirliyinin istismara yararlılıqla bağlı rəyi olarsa, Bakı şəhəri İcra Hakimiyyəti onu qeydiyyata almaqdan imtina edə bilməyəcək. Digər məsələ isə ondan ibarətdir ki, FHN bu zamana qədər rəy verilməyən binaların yararlılığı ilə bağlı iki ay müddətinə siyahıyaalmanı həyata keçirməli və müvafiq rəy verməlidir. Yəni o binaların istismara uyğun olub-olmadığını yoxlamalıdır. Bu da o deməkdir ki, artıq iki aydan sonra xeyli sayda çoxmənzilli binanın istismara qəbulu ilə bağlı problem aradan qalxmış olacaq. Təbii ki, müsbət rəylərdən sonra. Sözsüz ki, burada Arxitektura və Şəhərsalma Komitəsinin, eyni zamanda, digər müvafiq icra hakimiyyəti orqanı – Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin də üzərinə müəyyən işlər düşür. Amma düşünürəm ki, əsas məsələ bilavasitə, Fövqəladə Hallar Nazirliyinin rəyindən asılı olacaq. FHN tərəfindən müsbət rəy verilmiş çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı problemlər aradan qalxacaq. Bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti sənədlərdə xırda qüsurları əsas gətirib onu qeydiyyata almaqdan imtina edə bilməyəcəklər. O binalar ki, artıq tikintisi başa çatıb və yaxud orada yaşayış var. Eyni zamanda, nəhayət ki, çoxmənzilli binalarda aparılan alqı-satqı, girov, vərəsəlik və digər təyinatlar üzrə əqdlərin rəsmi dövlət qeydiyyatı səviyyəsində şərait yaradılacaq. Bu, o deməkdir ki, həmin əqdlərdən dövlət büdcəsinə külli-miqdarda vəsait daxil olacaq. Alqı-satqıdan da dövlət büdcəsinə daxil olan vəsaitin miqdarı artacaq. İdarəetmə sahəsində problemlərin, yəni mənzil-tikinti kooperativlərinin rəhbərləri ilə vətəndaşlar arasındakı problemlərin aradan qalxmasına şərait yaradılacaq. Bir sözlə, çoxmənzilli binaların həm qeydiyyatı, həm idarə edilməsi sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlər bu fərmanla 90 faiz həll edilmiş olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm