Prezidentin siyasi açılımı: ölkədə nələr dəyişəcək? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Prezidentin siyasi açılımı: ölkədə nələr dəyişəcək? - TƏHLİL

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə növbəti əfv sərəncamı siyahıda adı olan 431 nəfərin ailəsinə bayram hədiyyəsi olmaqla yanaşı, həm də ölkədə yeni siyasi mərhələnin başlanğıcını qoydu. Məlumdur ki, burada dövlət başçısının humanizm ənənələrini davam etdirməsi və siyasi mövqeyindən asılı olmayaraq, hər bir məhkumun bu humanizmdən yararlanmaq perspektivinin mövcudluğu əsas xətdir. Lakin əfv sərəncamı və bu sərəncama əsasən adı hüquq müdafiəçilərinin siyahısına düşmüş 50-dən çox məhbusun cəzasının ləğv edilməsinin siyasi proseslərin yönünə necə təsir edəcəyi də maraqlıdır.

Proseslərin inkişafı ölkənin siyasi cameəsində iki istiqaməti proqnozlaşdırmağa imkan verir:

Hakimiyyətin güclənməsi: Cəmiyyətin əsas təbəqəsinin həyatına birbaşa təsir edən inqilabi qərarlar - əmək haqları, pensiya və digər müavinətlərin artırılması, problemli kreditlərin həlli və s. insanlarda problemlərin həlli açarının dövlətdə olduğu inamını yenilədi. Bir tərəfdə vədlər, digər tərəfdə real addımlar var və cəmiyyət üçün gündəlik həyatında təsirini hiss etdiyi reallıq maraqlıdır. Belə demək mümkünsə, müxalifət danışarkən, hakimiyyət artıq “çayı keçdi” və insanların bir sıra ciddi probleminin həlli ilə cəmiyyətdəki dayaqlarını daha da möhkəmləndirdi.

Sosial inqilabın ardınca “siyasi açılım” adlandırılan prosesin başlanması hakimiyyəti daha da irəliyə apardı. Məhz “siyasi məhbus” deyilən 50-dən çox şəxsin əfv sərəncamı ilə azadlığa çıxması hər şeydən öncə əks cəbhənin “hakimiyyət bu şəxslərdən qorxur, ona görə onları həbsdə saxlayır” iddialarını alt-üst etdi. Nəticə etibarilə, Prezident İlham Əliyev dövlət başçısı kimi bu ölkənin hər bir vətəndaşının Prezidenti olduğunu bir daha nümayiş etdirdi, hakim komandanın siyasi lideri kimi isə iqtidara qarşı əks-arqumentləri sıradan çıxartdı.

Sosial və siyasi sahədə müşahidə olunan bu proseslər hakimiyyətin mövqelərini gücləndirdi və cəmiyyətin inamını yenilədi. Cəmiyyət iqtidarın onun problemlərinə arxa çevirmədiyini, əksinə həlli istiqamətində ciddi iş apardığını və bundan sonra da bu proseslərin inkişaf edən xətt üzrə davam edəcəyini gördü. Anladı ki, əgər hər hansı problem varsa, bunu hansısa vədlərlə yox, yalnız mövcud resurslarla – istək, imkan və real proqram - həll etmək mümkündür və bu resurslara malik olan yeganə qüvvə dövlət və dövləti idarə edən siyasi komandadır. Bu baxımdan, son proseslərdən hakimiyyət daha da güclənmiş olaraq çıxdı.

Ənənəvi müxalifətin sıradan çıxması: Prezident İlham Əliyevin sosial və siyasi sferada inqilabi addımları ənənəvi müxalifətin var olması və gündəmdə qalması üçün əlində saxladığı “arqumentləri” sıradan çıxardı.

Birincisi, ənənəvi müxalifət sosial problemlərdən danışırdısa, hakimiyyət real addımlar ataraq, cəmiyyətin rifahında köklü irəliləyişlər həyata keçirdi. Müxalifət əmək haqları, pensiya və müavinətlərin bundan sonra da artırılması haqqında danışsa da, Prezident səviyyəsində qarşıdakı dövrdə bu istiqamətdə irəliləyişləri nəzərdə tutan “sosial paket” artıq açıqlanıb.

Bu iki mənzərəyə cəmiyyətin vədlərə deyil, real addımlara üstünlük verməsini də əlavə etsək, vəziyyət müxalifət üçün heç də ürəkaçan olmayacaq.

İkincisi, “siyasi məhbuslar” adlandırılan məsələ belə demək mümkünsə müxalifətin “əlində partladı” və müxalifət dayaq nöqtəsi olaraq gördüyü bu “arqument”dən məhrum oldu.

Son proseslərdən zəifləmiş olaraq çıxan ənənəvi müxalifətin bundan sonrakı mövcudluğu qaranlıqdır. Çünki Prezidentin son qərarı həm də cəmiyyətdəki gərginlik atmosferini xeyli yumşaltdı. Hərçənd, belə atmosferin yaranması və mövcud olması müxalifətin “əməyinin nəticəsi” idi. Onlar bunun dava etməsində və fəaliyyətlərini məhz belə gərginlik üzərində qurulmasında maraqlıdırlar. Lakin bu atmosfer sıradan çıxmaqdadır, cəmiyyətin ən müxtəlif təbəqələrindən son qərara gələn reaksiyalar da bunu göstərir.

Bu onu deməyə əsas verir ki, cəmiyyətdə süni şəkildə yaradılan haçalanma, “təhqir kampaniyaları” və əsası olmayan aqressiya tamamilə sıradan çıxacaq. Gərgin atmosferin aradan qalxması cəmiyyətin dövlətin ətrafında daha sıx birləşməsini və hər-hansı problemin həlli üçün qeyri-müəyyən qüvvələrə deyil, məhz Azərbaycan dövlətinə üz tutmasını təmin edəcək.

Yaranmış bu mənzərədə ənənəvi müxalifətin tezliklə problemlərin küçələrdə deyil, masada həllini anlayan, bu mövqeni dəstəkləyən konstruktiv qüvvələrlə əvəzlənməsini də qaçılmaz edir. Bu proses kənar müdaxilə ilə yox, təbii qaydada cəmiyyətin seçimləri ilə həyata keçəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm