Gültəkin Hacıbəyli niyə “tüstülənir?”
Bizi izləyin

Nida Təhlil

Gültəkin Hacıbəyli niyə “tüstülənir?”

“Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın söndürüldü, lakin kimlərsə hələ də tüstüləyir. Yox, bu kəsləri nə baş vermiş yanğın, nə də orada hansısa sahibkarın ziyan görməsi yox, əllərindən çıxmış imtiyazlar, ailə üzvlərinin vəzifələrini itirməsi, keçmişdə qalan dəbdəbəli həyatın xiffəti yandırır. Keçmiş deputat Gültəkin Hacıbəylinin “Diqlas”dakı yanğında "tüstülənməsi" də bu qəbildəndir.

Hacıbəyli iddia edir ki, yanğının gec söndürülməsi, yaxud baş vermiş bu hadisədə əsas günahkar Fövqəladə Hallar Nazirliyidir. Halbuki, FHN-nin birbaşa işi yanğının söndürülməsi və baş vermiş hər hansı hadisənin daha az zərərlə qarşısını alınmasıdır. Etiraf edilməlidir ki, ölkədə bu qurum üzərinə düşən işi yetərincə həyata keçirir, hətta evinin qapısı bağlanan vətəndaşın ilk öncə bu quruma müraciət etməsi, yolda baş vermiş avtoqəzalar zamanı məhz bu qurumun əməkdaşlarının ilk olaraq hadisə yerinə gəlişi və çoxsaylı belə faktlar iş səviyyəsini ortaya qoyur. Hətta, bugünkü yanğın zamanı istirahətdə olan FHN işçilərinin mülki formada öz həmkarlarına, habelə vətəndaşlara kömək məqsədi ilə əraziyə gəlməsi də qurumun iş səviyyəsini, işçilərin öz peşəsinə sevgisini və işinə olan məsuliyyətini göstərən faktlardandır.

Və burada məqsədimiz heç də hansısa qurumun müdafiəsi yox, Gültəkin Hacıbəylinin yanğından sonra “tüstülənməsi”nin səbəbləridir.

Demokritin məşhur bir sözü var: Başqalarından yox, daha çox özündən utanmağı öyrən.

Bu xanım bütün fəaliyyəti boyunca heç vaxt özündən utanmağı öyrənmədi və elə buna görə də indi düşdüyü vəziyyətdədir.

Hacıbəyli vaxtilə söydüyü platformaya çıxıb danışır ki, “FHN heç bir yanğının söndürülməsində rol oynamayıb”.

Azərbaycan demorkatik ölkədir, hər kəs istənilən şəxsi, yaxud qurumu tənqid edə bilər, lakin Hacıbəylinin 180 dərəcə fırlanması və vaxtilə ağızdolusu təriflədiklərini indi tənqid etməsinin nə demorkatiya, nə də söz azadlığı ilə hansısa əlaqəsi var. Bunun bir adı var: ədabazlıq.

Vaxtilə FHN Hacıbəyli xanım üçün respublikanın ən yaxşı, ən sevimli qurumlarından idi. Səbəbini bilirsinizmi? Çünki o, deputat mandatından istifadə edərək qardaşına, bacısına, hətta ata və ansına yüksək vəzifə almışdı. Bu o vaxtlar idi ki, Hacıbəyli ətəyini çırmalayıb müxalifətə keçməmişdi, bu o vaxtlar idi ki, xanım deputat mandatını yellədə-yellədə indi çiyin-çiyinə dayandığı adamları ən ağır sözlərlə təhqir edirdi.

Hacıbəyli vaxtilə dediklərini unutdurmağa çalışa bilər, lakin tarix heç nəyi unuda bilmir.

Birinci sitat: “Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inkişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində, bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırınması niyyətlərini görürük”.

İkinci sitat: “Azərbaycanda çox mühüm qanunların hazırlanmasında parlament müstəsna rol oynayır. Mən çox sevinirəm ki, möhtərəm Prezidentimizin çağırışına cavab olaraq, pensiya sahəsində çox köklü bir qanunu müzakirəyə çıxarıb. Bu, sözün həqiqi mənasında, çox böyük dəyişikliklərdən xəbər verən bir qanundur. Mütərəqqi və islahat xarakterli bir qanundur. Düşünürəm ki, yeni il qabağı Azərbaycan xalqına, pensiyaçılara Milli Məclisin çox dəyərli bir töhfəsi olacaqdır. Eyni zamanda, möhtərəm Prezidentimizin səsləndirdiyi islahat kursuna cavab verən bir addımdır”.

Üçüncü sitat: “Əziz yeni azərbaycanlılar, əziz İlhamsevərlər! Xoş gördük sizləri... Bu gün Azərbaycan Respublikası prezident seçkilərinin təbliğat kampaniyasına rəsmən start verildi. Adətən, seçkilərin təbliğat mərhələsi gərginliklə müşayiət olunur, rəqiblər bir-birilə mübariuzə aparırlar. Lakin mən bu meydanda toplaşan insanların simasına baxıram və heç bir gərginlik və həyəcan görmürəm. İnsanların üzündə təbəssüm görürəm, sevinc görürəm, qələbəyə inam görürəm, iftixar görürəm. Eşq olsun sizlərə! Biz nə üçün qələbəyə əminik? Ona görə ki, İlham Əliyevin heç bir təbliğata, kampaniyaya ehtiyacı yoxdur. İlham Əliyev 5 il ərzində Azərbyacanı qarışbaqarış gəzib. O, həyata keçirdiyi quruculuq fəaliyyəti ilə özünün qələbəsinə ən böyük təminatı qazanıb. Mən bunu cəsarətlə deyirəm. Bəli, bu seçkilərin alternativsiz qalibi İlham Əliyevdir”.

Hacıbəylinin bir kitab qədər belə sitatları var, lakin o, 2010-cu ildə deputat seçilmədiyi üçün “terrorçu” adlandırdıqlarının yanına qaçdı və dünənə qədər söydüklərini tərifləməyə başladı. Belə edə bilmək üçün hər halda Gültəkin Hacıbəyli olmaq lazımdır!

Onun bu gün FHN-nə hücum çəkməsi də hər hansı yanğın hadisəsi yox, məhz deputat səlahiyyətlərindən sui-istifadə edərək əldə etdiyi imkanları itirməsidir. Görünür, Hacıbəyli əvəz çıxmaq üçün məqam gözləyirmiş, bəlkə də Allahdan Bakıda böyük bir yanğının olmasını arzulayırmış ki, “qisasını alsın”. Hacıbəylinin “tüstülənməsinin” səbəbləri burada aydın olur.

Bir insanın bioloji olaraq iki üzü olur, amma bir insanın 40 üzünün olması qədər dəhşətli şey yoxdur!

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm