• USD 1,7000 0,00% EUR 1,9069 -0,38%
    • GBP 2,1256 -0,28% RUB 0,0270 -0,37%

Azərbaycan dünyanı qlobal qəzadan xilas edir - Supergüclərin Bakı görüşü

Azərbaycan dünyanı qlobal qəzadan xilas edir - Supergüclərin Bakı görüşü

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında danışıqların məkanı kimi yenə Bakı seçildi. Bakı 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Valeri Gerasimov arasında keçirilən görüşə, həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasındakı görüşə və 2018-ci ilin aprelində yenə Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasındakı görüşə ev sahibliyi edib. Bu gün Azərbaycan paytaxtında baş tutan görüş Bakının qlobal güc mərkəzlərinin masa ətrafında dördüncü dəfə müzakirə apardığı məkan rolunu üzərinə götürdüyü deməkdir.

Hazırda dünya “barıt çəlləyini” xatırladır, kiçik münaqişələrlə yanaşı, qlobal güc mərkəzlər də mübarizəni açıq müstəviyə keçirib. Xüsusilə Rusiyanın timsalında Şərq cəbhəsi ilə NATO-nun timsalındakı Qərb cəbhəsi dünyanın müxtəlif yerlərində toqquşur.

Şərqi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Uzaq Şərq...

Dünyanın ən qaynar nöqtələri olan bu bölgələrdə nüfuz və maraq müharibəsi davam edir. Beynəlxalq ekspertlər də yeni dünya müharibəsinin addım-addım yaxınlaşdığı haqda həyəcan təbili çalırlar. Və bu mənzərə fonunda dünyanı qlobal qəzadan xilas etmək üçün hərəkətə keçə biləcək, barışdırıcı, birləşdirici rolu üzərinə götürəcək qüvvəyə və bütün problemlərin müzakirə edilə biləcəyi məkana ehtiyac var. Bu qüvvə və məkan elə bir yer olmalıdır ki, bütün tərəflərlə uzlaşa bilsin, həmçinin, bütün tərəflərdə nüfuza sahib olsun.

Budur, Bakı qlobal qəzanın astanasında olan dünyanın böyük güclərinin uzlaşa biləcəyi, ən azından məsələləri müzakirə edə biləcəyi böyük görüşə yenidən ev sahibliyi edir. Və bu, təsadüfi deyil, çünki belə görüşlərə ev sahibliyi etmək üçün bir sıra faktorlar əhəmiyyətlidir.

Təhlükəsizlik: belə görüşlər üçün təhlükəsizlik əsas faktor hesab olunur. Azərbaycan təkcə regionda deyil, faktiki olaraq, dünyada təhlükəsizlik baxımından ən əlverişli məkan hesab oluna bilər.

1. Tərəflər Avropa şəhərlərinin birində görüşə bilməzdilər, çünki Rusiya NATO-nun “evinə” getmək istəmir.

2. Şərqi Avropa Rusiya və NATO-nun üz-üzə dayandığı və maraqlarının təmin edilməsi uğrunda mübarizə apardığı bölgədir. Aktiv toqquşmanın içində müzakirə masası qurmaq əlverişli deyil.

3. Regionda NATO və Rusiya ilə münasibətlərə malik olan Türkiyə seçilə bilərdi, lakin Türkiyənin NATO üzvü olması “balansı” pozur.

3. Mərkəzi Asiya Rusiyanın arxa cəbhəsidir və məsafə baxımından da çox uzaqdır.

Bu situasiyada ən əlverişli məkan Cənubi Qafqaz və regionun ən təhlükəsiz ölkəsi olan Azərbaycandır. Gürcüstan Rusiya üçün təhlükəlidir, Ermənistan isə ümumiyyətlə, ən primitiv təhlükəsizlik tədbirlərinin belə öhdəsindən gəlmək gücündə deyil.

Bakı dünyanın ən unikal məkandır: Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir; regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur; Azərbaycan nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

Nüfuz: Görüş üçün Bakının seçilməsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu da əsas rol oynayan faktor sırasına daxildir.

- Azərbaycan dünyanın güc mərkəzləri ilə sıx münasibətlərə malikdir və nüfuzu bütün dairələrdə qəbul edilir.

- Dünyada sülhyaratma prosesində fəal iştirak edir. İndiyə qədər Əfqanıstan da daxil olmaqla bir sıra münaqişəli zonalarda sülhməramlılarımızın iştirakı buna sübutdur. Həmçinin, Azərbaycan beynəlxalq sülhün bərqərar olunması və qorunması üçün zaman-zaman səmərəli təklif və təşəbbüslərlə çıxış edir.

- Azərbaycan enerji siyasətilə bütün bölgənin inkişafına və rifahına xidmət edir, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan dövlətdir.

Təcrübə: rəsmi Bakı Rusiya və Türkiyə arasında təyyarə böhranından sonra yaranmış təhlükəli vəziyyətin sabitləşməsi və iki ölkənin münasibətlərinin düz xəttə çıxmasında mühüm rol oynadı. Əslində Ankara və Moskvanın qarşıdurması qlobal toqquşma hesab oluna bilərdi. Lakin məhz Prezident İlham Əliyevin səyi ilə hər iki ölkənin lideri bir araya gələrək, problemi dialoq yolu ilə həll etdilər. Bu baxımdan, Bakının növbəti böyük toqquşmanın qarşısını alması mümkün görünür. Bu gün ABŞ-Rusiya gərginliyi kifayət qədər yüksəkdir, lakin hər iki tərəfin məsələni dialoq yolu ilə məhz Bakıda həll etməyə çalışmasında Azərbaycanın qlobal problemləri həll etmək təcrübəsinin də rolu var.

Azərbaycan lideri qlobal missiyanı üzərinə götürür: İndiki situasiyada Azərbaycan I və II Dünya müharibələrində İsveçin oynadığı rolu üzərinə götürür. Mövcud dünya şərtlərini nəzərə alsaq, bəşəriyyətin məhz dünya müharibəsinin kandarına qədər gəldiyini deyə bilərik. Burada “Bakı qlobal toqquşmanın qarşısını alır” sözləri təsadüfi deyil. Lakin hər iki dünya müharibəsində müzakirə məkanı olmaq missiyası böyük güclər tərəfindən İsveçin üzərinə qoyulmuşdu. Azərbaycanla bağlı situasiya fərqlidir: Bakının hazırda oynadığı rol Azərbaycan liderinin apardığı siyasətlə birbaşa bağlıdır. Yəni Azərbaycan bu missiyanın üzərinə götürmür, birbaşa onu yaradır.

Azərbaycan Prezidentinin dünya liderləri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. NATO-da aparıcı ölkə olan ABŞ lideri də, Rusiya lideri də Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm Tramp, həm də Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər. Prezident İlham Əliyevin bu diplomatiyası Azərbaycanın qlobal siyasətdə rolunu da gücləndirir və bu, milli maraqlarımızın beynəlxalq səviyyədə təmin edilməsində əhəmiyyətli amilə çevrilib.

Asif Nərimanlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR