Qulu Məhərrəmli Elçin Əlibəylinin son sözlərindən danışdı: "Biz bunları etməsək..."
Bizi izləyin

Nida Təhlil

Qulu Məhərrəmli Elçin Əlibəylinin son sözlərindən danışdı: "Biz bunları etməsək..."

"Efirdə mühit, format, yanaşma, tamaşaçıya münasibət dəyişməlidir".

Bu sözləri Publika.az-a açıqlamasında teletənqidçi, filologiya elmləri doktoru, Əməkdar jurnalist Qulu Məhərrəmli aparıcı Elçin Əlibəylinin "El bizim, sirr bizim" verilişində səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirərkən deyib.

Q.Məhərrəmli bildirib ki, efirdə belə hadisələr olur: "Təəssüf ki, belə hallar daha tez-tez baş verir. Hətta təcrübəli, işin nəzəri əsasını bilən adamlar da yanlışlıqlara yol verə bilir. Konkret olaraq Elçin Əlibəylidən danışmaq istəmirəm. Çünki hər halda, onu televiziya məkanında bacarıq, düşüncə sahibi hesab edirəm. Amma ümumiyyətlə, bir çox özəl televiziyalarda belə məsələlərə yüngül baxılır. Yəni sən efirdə istədiyin sözü deyə bilərsən, istədiyin hərəkəti edə bilərsən. Bunun üçün də heç bir məsuliyyət daşımırsan. Belə psixologiyanın hakim olması pis haldır. Efir etikası adi davranışdan fərqlənir. Televiziya bizim ictimaiyyət arasında, ictimai baxışlar altındakı davranışımızın davamıdır. Mənə elə gəlir ki, bu, nə qədər çərçivəli olsa, düşünülmüş, etik qaydalara uyğun olsa, o qədər gözəl olar. Belə hallar ona görə əmələ gəlir ki, televiziya məkanımızdakı proseslər solğundur. Bəzən mövzu məhdudluğu, ekspert çatışmazlığı, bəzən də eyni çıxışçıların eyni ekranlarda görünməsi efiri xeyli maraqsız edir. Ona görə də çox şey dəyişməlidir. Efirdə mühit, format, yanaşma, tamaşaçıya münasibət dəyişməlidir. Biz bunları etməsək, tamaşaçı adlarını çəkmədiyimiz televiziya qəhrəmanlarının mənəvi təzyiqi altında qalacaq. Bir az məsuliyyətli yanaşmaq vacibdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm