Bu zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Bu zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir - DEPUTAT

"Mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünun keçirilməsi hər şeydən öncə bu beynəlxalq təşkilatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarlığı və bu təşəbbüskarlığın üzv ölkələr tərəfindən yüksək qiymətləndirilməsi kimi başa düşülməlidir".

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Deputat zirvə görüşünün mahiyyətini belə vurğulayıb: "Bu videokonfransda təkcə Qoşulmama Hərəkatının təmas qrupu iştirak etmirdi. Videkonfransa dünyanın ən böyük beynəlxalq təşkilatının yəni BMT-nin baş katibi, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru və Avropa İttifaqının ali nümayəndəsi də qatılmışdı. Bu da ev sahibi qismində çıxış edən Azərbaycana həmin təşkilatların münasibətinin göstəricisi idi. Heç də hər hansı beynəlxalq təşkilatın tədbirlərinə digər beynəlxalq təşkilatlar belə həvəslə qatılmır. Bu, ilk növbədə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin beynəlxalq nüfuzu və hazırda ən aktual problem olan COVID-19 problemini bir daha beynəlxalq ictimaiyyətin gündəliyinə təqdim etməsi ilə əlaqədar idi.

Qlobal pandemiya vəziyyətində beynəlxalq həmrəylik koronavirusa qarşı mübarizəni olduqca effektli edə bilər. Lakin bəzi hallarda buna nail olmaq o qədər də asan deyil. Artıq hamıya məlumdur ki, nəinki dünya dövlətləri arasında, hətta Avropada eyni hərbi siyasi və iqtisadi blokda yer alan ölkələr belə koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirə bilmədilər. Qarşılıqlı yardımlaşma və kommunikasiya heç də arzu edilən səviyyədə olmadı. Nəticədə bu gün dünyanın 170-dən çox ölkəsi beynəlxalq səhiyyə və maliyyə qurumlarına üz tutaraq onlardan yardım istəyir. Məhz belə mürəkkəb və çətin bir dövrdə Azərbaycanın təşəbbüskarlığı, kommunikasiya qurma bacarığı qarşılıqlı yardımlaşmanı ən azından Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında təmin etmək üçün cəhd göstərməsi üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdirlə qarşılandı".

H.Babaoğlu bildirib ki, Azərbaycan hər şeydən əvvəl ölkə daxilində pandemiyaya qarşı önləyici tədbirlər almaq və dövlətin bütün imkanlarını səfərbər etməklə vətəndaşının yanında olduğunu göstərdi: "Videokonfrans iştirakçılarına görülən işlər haqqında məlumat verən Prezident İlham Əliyev bu məsələlərdən danışarkən qeyd etdi ki, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirərək, nəticədə kütləvi yoluxma hallarının qarşısı almağa nail olub. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması bunu təsdiq edir. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. Ölkəmizdə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Ancaq bu da görülən tədbirlərin hamısı deyil. Azərbaycan eyni zamanda ÜST başda olmaqla bəzi ölkələrə də yardım edir ki, bu da hazırkı çətin vaxtda əsl dayanışma və həmrəylik nümunəsidir. Ona görə də 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın, etimadın göstəricisi kimi qiymətləndirilməlidir".

Deputat qeyd edib ki, zirvə görüşünün böyük maraq kəsb etməsi Azərbaycanın beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəricisidir: "Zirvə görüşünə BMT Baş Assambleyası, Afrika İttifaqı Komissiyası, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, BMT baş katibi, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti qatılması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Bütün bunlarla yanaşı milli təhlükəsizliyimizi təhdid edən COVID-19 pandemiyasına qarşı dövlət başçımızın həyata keçirdiyi tədbirlərin vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilməsi, Prezident İlham Əliyevin ünvanına hər gün müxtəlif regionlarımızdan çoxsaylı minnətdarlıq məktublarının daxil olması da ayrıca vurğulanmalı məsələdir".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm