Ermənistan və onun uşaqları: Paşinyan deyir, Osmanqızı təkrarlayır...
Bizi izləyin

Nida Təhlil

Ermənistan və onun uşaqları: Paşinyan deyir, Osmanqızı təkrarlayır...

Los-Ancelesdə azərbaycanlılara hücum etdilər, Brüsseldə soydaşlarımızı döydülər, Kiyevdə azərbaycanlı tələbələri güllələdilər, Moskvada həmvətənlilərimizə qarşı vandalizm davam edir.

Bu, Ermənistanın azərbaycanlılara qarşı yeni etnik təmizləmə planının tərkib hissəsidir. Cari hədəf müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil etmək, soydaşlarımıza qarşı güc tətbiq etməklə onları qorxutmaq, əsas hədəf isə ötən əsrin ikinci yarısında ASALA terror təşkilatının “diplomat ovu” və dinc insanlara qarşı terror aktlarının yenidən təkrarlanması, dünyanın diqqətini “erməni məsələsinə”nə yönəltmək, hərbi və diplomatik cəbhədə əldə edə bilmədiklərinə “küçə müharibəsi” ilə nail olmaq, “azərbaycanlıların vandal, adam yeyən” olduğunu göstərməkdir.

Kiyevdə 4 azərbaycanlı tələbəyə silahlı hücum da göstərdi ki, ermənilər artıq ASALA taktikasına keçid edir.

Azərbaycana qarşı yeni etnik təmizləmə siyasəti iki istiqamətdə həyata keçirilir: birincisi, azərbaycanlılara hücumlar təşkil edir, qarşıdurma yaradır, ikincisi, “azərbaycanlılar erməniləri öldürür” təbliğatını aparır, “bütün bunları Azərbaycan təşkil edib” rəyini formalaşdırırlar. 1915-ci ildə, Sumqayıt hadisələrində, Xocalı soyqırımında etdiklərini yenidən təkrarlayırlar.

Ermənistan KİV-i, Rusiyada və Avropa ölkələrində erməni lobbisinə bağlı olan media orqanları eyni təbliğatı aparır: “Günahkar Azərbaycandır”.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın RBK telekanlına müsahibəsində eyni iddiaları səsləndirdi.

Təəccüblü deyil, bu, “erməniliyin” xislətindən irəli gəlir. Burada əsas məqam azərbaycanlı kimliyinə bürünənlərin erməniliyidir.

Hücumları Azərbaycan təşkil edir”. Bu, Ermənistanın və erməni lobbisi/diasporunun irəli sürdüyü tezisdir.

ABŞ-da yaşayan Sevinc Osmanqızı da deyir: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcək. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin “v” hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir”.

Avropada yaşayan Arif Məmmədov deyir: “Səfirliklərin qarşısındakı qarşıdurmaları Azərbaycan hakimiyyəti təşkil edir, gənclər inanmayın, mən sizə deyirəm ki, bütün bunlar təşkil olunmuş proseslərdir”.

Paşinyanın da, Osmanqızıların da, Məmmədov kimilərin də elədiklərinin adı məlumdur: ermənilik.

Və hədəf Azərbaycanı, azərbaycanlıları vandal, “qaniçən”, erməniləri isə “sivil” göstərməkdir.

Ermənistan: “Biz sivil mübarizə aparırıq”.

Osmanqızı: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur”.

Ermənistan: “Hücumları Azərbaycan təşkil edir”.

Osmanqızı: “Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən”.

Ermənistan: “Azərbaycanlılar vandaldır, qaniçəndir”.

Osmanqızı: “Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız?”.

Ermənistan deyir, Osmanqızı, Məmmədov kimilər təkrarlayır. Bu, osmanqızıların, məmmədovların fərqli düşüncəsi, fərqli yanaşması deyil, eyni mərkəzlərin, eyni mətbəxin məhsuludur.

Hadisələrin xronikası prosesi anlamağa imkan verir:

İyulun 12-də erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu təşkil etdilər, Azərbaycan Ordusunun adekvat zərbələri düşmənin yüzlərlə canlı qüvvə və hərbi texnikasının məhv edilməsi ilə nəticələndi.

Ermənistan hakimiyyəti “qələbə” görüntüsü yaratmaq üçün erməni KİV-i və sosial şəbəkələri səfərbər etdi. Ardınca erməni təbliğatına “azərbaycanlı kimliyinə” bürünənlər də qoşuldu.

İyulun 20-də məlun Arif Yunus (Baqsaryanın uşaqları) Ermənistanın Civilnet telekanalına müsahibə verdi və baş verənlərə görə, Azərbaycanı günahlandırdı.

İyulun 21-də Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum təşkil etdi, ardınca bu hücumlar bütün Avropa ölkələrində və MDB-də davam etdirildi.

Hadisələrin inkişafı məqsədin nə olduğunu da anlamağa imkan verir: Ermənistan “azərbaycanlı”ların da qoşulduğu təbliğatla həm erməni ictimaiyyətində “qalib” rəyini yaradır, həm Azərbaycanın ictimaiyyətinə mesajlar ötürür, həm də beynəlxalq səviyyədə Azərbaycanı barbar göstərməyə çalışırdı.

Diqqətçəkən detallardan biri iyulun 21-də Los-Ancelesdə soydaşlarımıza hücumlar ediləndə ABŞ-da yaşayan Milli Şuranın sədri Cəmil Həsənlinin - o Həsənli ki, hər gün Feysbuk səhifəsində Azərbaycana qarşı ittihamlar yağıdırır – heç bir paylaşım etməməsi idi. Hər-halda Los-Anceles hadisələri Həsənlinin hazırda yaşadığı torpaqlarda baş vermişdi və o, saat fərqinə görə soydaşlarımıza edilən hücuma daha tez reaksiya verməli idi. Milli Şuranın sədri susdu, bir gün sonra heç nə olmamış kimi Azərbaycana qarşı klassik ittihamlarını yağdırmağa başladı.

İyulun 21-dən sonra müxtəlif ölkələrdə soydaşlarımıza qarşı ermənilərin etnik təmizləmə siyasəti daha da şiddətləndi, hətta güllələnmə hadisələri qeydə alındı. Hər gün “xalqın hüququndan” danışan Milli Şura rəhbərliyi və ətrafındakılar hücuma məruz qalan xalqı müdafiə etmədilər.

İyulun 25-i Osmanqızı və Məmmədov canlı efirə çıxaraq, ermənilərə haqq qazandırdı və hər şeyi Azərbaycanın təşkil etdiyini bəyan etdilər.

Azərbaycan torpaqlarını işğal edənlər bəllidir, bu işğala, soydaşlarımıza qarşı yürüdülən etnik təmizləmə siyasətinə züy tutanları tanıyın. Onlar üçün Vətən, millət, Qarabağ anlayışı Avropa paytaxtlarında lüks həyat yaşamaqdan başqa bir şeyil. Bu artıq aksiomadır...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm