Ermənistan münaqişənin alovlanmasında maraqlıdır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistan münaqişənin alovlanmasında maraqlıdır - Politoloq

"Ermənistan siyasi hakimiyyətinin verdiyi bəyanatlar və siyasi davranışı onu göstərir ki, bu ölkə sülh yolu ilə torpaqların qaytarılmasına qadir deyil. Biz son zamanlar Ermənistanın yeni hakimiyyəti tərəfindən aşkar şəkildə danışıqların iflası ilə nəticələnəcək bəyanatların şahidiyik. Belə olan təqdirdə təbii ki, başda Nikol Paşinyan olmaqla, erməni hakimiyyəti münaqişənin digər yollarla həll variantına üstünlük verilməsinə kömək edən çıxışlar edir".

Bu fikirləri Publika.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada tələbələr qarşısında çıxışı zamanı danışıqlar masasında məhz yenilənmiş Madrid prinsiplərinin olduğunu bildirib: "Lavrov yeni danışıqlara sıfırdan başlanılması, yaxud digər danışıqlara keçirilməsinin yolverilməz və təhlükəli olduğunu bildirib. Bu o deməkdir ki, Paşinyan danışıqları yox saymaq istəyir. Amma əldə olunan razılıqlar var, Azərbaycan və Ermənistan arasında olan bu münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlkin mərhələdə Dağlıq Qarabağın müqəddəratı deyil, ətraf rayonlar məsələsinə də aydınlıq gətirilməlidir. Ancaq görünən odur ki, Ermənistan yeni ərazi iddialarından və müharibə istəyindən əl çəkmir. Mnatsakanyanın, David Tonayanın və Paşinyanın irəli sürdüyü bu ideya bölgəni müharibə alovuna sürükləyir.

Hər halda Azərbaycan Ordusu buna hazırdır. Xarici İşlər nazirimiz Ceyhun Bayramov da Qubadlının işğalı ilə bağlı Tvitterdə paylaşdığı yazıda bütün torpaqlarımızın geri qaytarılacağını qeyd edib. Heç bir rayon, bir qarış torpaq belə Prezident İlham Əliyevin bildirdiyi kimi, ermənilərə güzəştə gedilməyəcək. Ermənistan tərəfi və ümumdünya erməni diasporu Cənubi Qafqazda Azərbaycana qarşı plan hazırlayır. Onlar münaqişənin alovlanmasında və müharibəyə keçməsində maraqlıdırlar. Onların bütün davranışları müharibəyə gətirib çıxara bilər. Ordumuz döyüşlərə hazırdır və BMT Nizamnaməsinin 51-ci maddəsi, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələri Azərbaycana imkan verir ki, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin. Bu zaman Zöhrab Mnatsakanyanın, Paşinyanın və Tonayanın erməni dövlətini hansı vəziyyətə çatdıracağına xalq əyani şəkildə şahid olacaq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm