Mülki əhalini güllələyən Paşinyanın “Nataşa”ya danışdığı yalanlar...
Bizi izləyin

Nida Təhlil

Mülki əhalini güllələyən Paşinyanın “Nataşa”ya danışdığı yalanlar...

Prezident İlham Əliyevin Düşənbə razılaşmasını – erməni baş nazir Nikol Paşinyanın hakimiyyətini gücləndirmək üçün Bakıdan vaxt istədiyi və siyasi rəqiblərini neytrallaşdırdıqdan sonra real danışıqlara başlayacağına dair Azərbaycana və ATƏT-in Minsk qrupu həmsədrlərinə söz verdiyi faktını açıqlaması Ermənistanda daxili siyasi qarşıdurma yaratdı: Nikolun opponentləri onu hakimiyyətini qorumaq üçün Bakı ilə gizli sövdələşməyə getməkdə ittiham etdilər.

Paşinyanın vəziyyətdən çıxmaq üçün növbəti uydurmalara əl atacağı gözlənilən idi. Budur, o, revanş götürür və “Azərbaycanda siyasi çaxnaşmalar yaradacaq mifik məxfi anlaşmalardan” bəhs edir. Hərçənd, bir neçə kiçik detal onun “sensasiyalarını” açıqlamamışdan öncə alt-üst etdi:

1. Danışıqların detallarını açan tərəf anlaşmada özünün əleyhinə olacaq məqamlar varsa, qarşı tərəfin də adekvat addım atacağı ehtimalını nəzərə alar və riskə getməz. Əgər danışıqlarda “Azərbaycanda siyasi çaxnaşma yaradacaq məqamlar” olsaydı, yəni Bakı milli maraqların əleyhinə hansısa anlaşmaya getsəydi, məsələni əvvəldən ictimaiyyətləşdirməzdi.

2. Azərbaycan liderinin açıqlamasından sonra Nikol Paşinyan susdu, hərçənd, əlində “sensasiyalı faktlar” olsaydı, açıqlamaq üçün bu qədər gözləməzdi.

3. Paşinyan əvvəl susmaq yolunu seçdi və bununla yeni uydurmalar istehsal edə bilmək üçün vaxt qazanmış oldu.

Nəhayət, Nikol “sensasiya”nı tirajlamaq qərarına gəldi və iddia etdi ki, demə Düşənbədə o, Azərbaycan Prezidentindən yox, Azərbaycan Prezidenti ondan xahiş edib. İstək də bu olub ki, “Azərbaycanda inqilabın olmaması üçün Ermənistan vaxt versin”.

Absurddur, amma bu yalan həm də erməni baş nazirinin psixoloji vəziyyətini anlamağa imkan verir: təsəvvür edin, Azərbaycan Paşinyandan vaxt istəyir və Nikol, heç bir fürsəti qaçırmayan, mülki vətəndaşları belə hədəfə almaqdan çəkinməyən Ermənistanın baş naziri bizə vaxt verir.

Azərbaycanda inqilab, hansı inqilab? Küçədən hakimiyyətə gələndən sonra ölkəsində sıravi ermənidən tutmuş beynəlxalq münasibətlərə qədər hər kəsi və hər şeyi bolşeviksayağı “inqilabçı-əksinqilabçı” obrazında görən Paşinyanın “sensasiyasını” da inqilaba bağlaması təəccüblü deyil. Amma məsələ təkcə saxta inqilabçının xəstə təxəyyülü yox, həm də peşəkar yalançı olmasıdır və bu, xəstə təxəyyüllü peşəkar yalançı siyasətə də, idarəçiliyə də, hətta beynəlxalq münasibətlərə də vaxtilə redaktoru olduğu “Aykakan Jamanak” qəzetinin sarı pəncərəsindən baxır...

Yalan üzərində qurulmuş sensasiya: Nikol sarı mətbuat ənənələrinə sadiq qaldığı “Aykakan Jamanak” qəzetində yaratdığı “dezo cərəyanını” bu gün baş nazir postundan davam etdirir. Bu dəfə onun “qurbanları” oxucular yox, Minsk qrupunun həmsədrləri və birbaşa beynəlxalq ictimaiyyətdir.

Erməni baş nazirin Düşənbədə istədiyi vaxt qarşılığında real danışıqlara başlayacağı vədini pozduğunu şərh edən “Ermənistanın səsi” saytı yazır: “O, xalqı aldadır, müttəfiqlərinə, hətta Azərbaycan prezidentinə yalan danışır”.

Məqalənin müəllifi Qaqik Mkrtçyan Nikol Paşinyanın yalan danışmasının fizioloji hadisə olduğunu və belə demək mümkünsə, qanına hopduğunu bildirir.

“Paşinyanın pərəstişkarları arasında rəhbərə oxşamaq, onun tərzində yerimək, mimika, hətta saqqalını ona bənzətmək tendensiyası yayılıb. Halbuki, bu qədər əziyyətə ehtiyac yoxdur. Ona bənzəmək üçün 24 saat yalan danışmağınız yetərlidir”, - müəllif yazır.

Qeyd edir ki, Paşinyanın fizioloji koordinatları sabit, sırtıq, abırsız və effektiv yalandan ibarətdir: “Doğrudur, belə vəziyyət uzun çəkmir və bir müddət sonra yalan reallıqla uyuşmur. Amma rəhbər hər gün yalan danışmaqda yeni rekordlar vurur. Misal üçün, “Ermənistan – 2050 strategiyası”. Bu, tipik yalan yox, görkəmli yalandır”.

Q. Mkrtçyan yazır ki, Paşinyan iki ildir vətəndaşlara daim yalan danışır, verdiyi heç bir vədi yerinə yetirmir, siyasi opponentlərini və müttəfiqlərini aldadır, xarici siyasəti belə yalan üzərində qurulub.

“Azərbaycan prezidenti İlham Əliyev Paşinyanın növbəti “qurbanı” oldu. İlham Əliyev Paşinyanın hakimiyyətini gücləndirmək üçün ona vaxt verilməsini xahiş etdiyini, əvəzində real danışıqlara başlayacağına dair söz verdiyini açıqladı. Bu gün o, vədlərini pozdu və erməni tərəfinin günahı üzündən danışıqlar prosesi dalana girdi. Əliyevin bəyanatından sonra düşünürdüm ki, indi Paşinyan cavab verəcək. Çünki mümkün deyil ki, səni öz ölkənə xəyanətdə ittiham etsinlər, sən isə hava haqqında danışmağa davam edəsən. Lakin bir gün keçdi, iki gün keçdi, səssizlik davam etdi. Düşündüm ki, Xarici İşlər Nazirliyi Əliyevin açıqlamasının hər bəndi üzrə təkzib hazırlayır. Amma nazir Mnatsakanyan Əliyevin çıxışı haqqında nəsə mızıldandı, vəssalam. Əvəzində təbliğat maşını və Paşinyanın silahdaşları ümumdünya ulaşma qaldıraraq, hücuma keçdilər. “Aykakan Jamanak” qəzeti “Nə vaxtdan Ermənistanda şəxsi hakimiyyətə deyil, Azərbaycan prezidentinə və qarşı tərəfin təbliğatına inanmağa başladılar?” deyə yazdı. Əsəbləşməyin, isterikaya düşmənin: Ermənistanda Paşinyanın yalana istinad etməsindən sonra hakimiyyətə inanmamağa başladılar. Əgər bu insan iki il ərzində dayanmadan aldadırsa, niyə ona inanmalıyıq?”, - Mkrtçyan qeyd edir.

Müəllif ən dəhşətli halın Paşinyanın öz illüziyalarına özünün inanması olduğunu yazır: “İnsan başqlarının ona yalan danışdığını hiss edəndə buna müqavimət göstərir, amma öz beynində özünü aldatmanı müəyyən etmək mümkün deyil. Nəticədə insan illüziyalarının əsarətinə düşür”.

Ermənistanın baş naziri həqiqətən də illüziyalarının əsarətində yaşayır, bəzən günün birinci yarısında bir, ikinci yarısında başqa söz deyir, bəzən də gün ərzində yalanın sayı rekord həddə çatır.

“Yerevan.today” saytı Nikol Paşinyanın bir gün yox, yarım saat ərzində 60 yalan danışdığını yazır.

Erməni müəllif Szak Hakobyan baş nazirin mitinqlərdə, müxtəlif çıxışlarında, müsahibələrində, mətbuat konfranslarında, xarici görüşlərində, brifinqlərində və Facebook postlarında söylədiyi yalanları sadalayıb:

- Baş nazir “məlum dairələrin” Ermənistanda virusun yayılmasında maraqlı olduğunu deyəndə, yalan danışırdı. Əks təqdirdə konkret ad, yaxud fakt irəli sürərdi;

- Medianın 90 faizinin müstəqil olduğunu və arxasında heç bir qüvvənin olmadığını deyəndə yalan danışırdı;

- Suyun qiymətinin bahalaşmadığını deyəndə, yalan danışırdı;

- Xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini deməsi böyük yalan idi;

Szak Hakobyan qeyd edir ki, Paşinyanın yalanları kifayət qədərdir: “Bu yalanlar arasında digərləri xüsusilə diqqət çəkir. Nikol Paşinyan belə yalanlara görə dünya rekorduna sahibdir. Dünyada iki il ərzində xalqı tərəfindən 25 dəfə məhkəməyə verilmiş başqa bir lider yoxdur. Media bu yaxınlarda Paşinyana qarşı 23 mülki-inzibati məhkəmə iddiasını saydı, məsələn, ətraf mühitin təftişi orqanının keçmiş rəhbəri, rəis müavini, səhiyyə və əmək müffətişliyi orqanının işçiləri işdən çıxarılmaları, təzminat ödənməsi və işlərinə bərpa edilmələri üçün məhkəmədə iddia qaldırıblar. Lakin bunlar kiçik məsələlərdir. Böhtan, təhqir, şərəf və ləyaqətin alçaldılması ilə bağlı 10 məhkəmə işi var. Təsəvvür edə bilirsinizmi? Ölkənin baş nazirinin öz vətəndaşlarına böhtan atmaq və təhqir etməkdən başqa bir işi yoxdur. Ölkə rəhbəri böhtan və təhqirə görə məhkəməyə verilməsindən utanmalıdır, ama o utanmırsa, biz niyə ondan utanmalıyıq?”.

Erməni müəllif yazır ki, Nikol Paşinyana qarşı hər ay orta hesabla bir məhkəmə iddiası qaldırılır: “Bu şəxs ölkəni idarə etmək əvəzinə davamlı şəkildə böhtan atmaq, təhqir etmək, insanları işdən qovmaqla məşğuldur. Biz ölkəmizi idarə edən patoloji yalançıdan danışırıq. İnsan yalan danışmağa vərdiş edibsə, onu dəyişdirmək mümkün deyil. Ən pisi izə özünün öz yalanlarına inanması və bu yalanları mütləq həqiqət kimi qəbul etməyə başlamasıdır. Günah xalqdadır, bu yalanlara o qədər inandı ki, 1 nömrəli yalançını baş nazir etdi”.

Szak Hakobyan Nikol Paşinyanın yalan və böhtan üzərindən karyera pillələrini ucalmasına diqqət çəkərək, yazır ki, “adam böhtan ataraq, şantaj edərək, qəzet dərc etdi. Yalan danışdı, böhtan atdı və deputat oldu, sonra böhtan atdı, təhqir etdi, baş nazir oldu. Baş nazir postuna hələ də eyni işi davam etdirir”.

Paşinyanın siyasi portretini ən yaxşı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “çəkib”.

“Birinci şəxs ölkəni heç bir prinsip, qayda və məsuliyyət olmadan idarə edən insandır. O, bir vaxtlar “Aykakan Jamanak” qəzetinə rəhbərlik etdiyi kimi ölkəni idarə edir və söhbət klassik qəzetdən yox, sarı mətbuatdan gedir. İndi hamımız 24 saatlıq yaddaşı olan “Aykakan Jamanak” ölkəsində yaşayırıq. Cəmiyyət üç hissəyə bölünüb: Jurnalistlər, oxucular və qəzet oxumayanlar. Qəzet redaktoru olduğu günlərdəki kimi, Paşinyan indi də üzərinə məsuliyyət götürmək, yaxud məsuliyyəti bölüşmək niyyətində deyil. Əsas məqsədi populyar və populist davranmaqdır və o, bir gün, bir ay, yaxud bir il öncə dediyi sözləri xatırlamır, xatırlamaq istəmir. Bu haqda soruşanda, özünü anlamamzlığa vurur. Axı yeni bir gün başlayıb və bu qəzet kimi, ölkənin də yeni “buraxılışıdır”. – Minasyan yazır.

Bu gün Paşinyan Ermənistanla yanaşı, artıq dünyanı da “Aykakan Jamanak” kimi görür, beynəlxalq vasitəçilərə yalan danışmaqdan çəkinmir, hər kəsi aldatmağa çalışır. Keçmişi xatırlayanda isə gözlərini döyərək baxır və o qədər yalan danışır ki, öz illüziyalarına özü də inanmağa başlayıb.

Onun bu ilin fevralında Azərbaycan lideri ilə Münhendə çıxdığı debatda sərgilədiyi isterik münasibət, hansısa əfsanəvi min illik tarixdən danışması və müdafiə olunmaq üçün elə debat ərzində əvvəlki sözlərini təkzib etməsi bu şəxsin patoloji yalançı olduğunu təsdiqlədi.

Misal üçün, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini ifşa etdi və buna konkret nümunə kimi erməni snayperinin Azərbaycan əsgərini şəhid etdiyini diqqətə çatdırdı.

Paşinyanın cavabı: “Prezident Əliyev dedi ki, bu gün Azərbaycan əsgəri öldürülüb və mən deyə bilərəm ki, bu gün Qazaxda Ermənistan və Azərbaycan sərhədində erməni əsgər Azərbaycan snayperləri tərəfindən yaralanıb”.

Erməni baş nazir özünü ifşa edirdi, ya uydurmanın ekstaz həddinəmi çatmışdı?

- Paşinyan ya özünü müdafiə məqsədilə Ermənistan ordusunda gizlədilən itkiləri “ağzından qaçırırdı”, ya da vəcdə gələrək, növbəti uydurmasını dünanın gözü önündə dövriyyəyə buraxırdı. Debatın baş tutduğu gün Ermənistan ordusunda hər-hansı ölüm, yaxud yaralanma faktı ilə bağlı məlumatın olmamsı da diqqət çəkirdi.

Hər iki halda Paşinyan yalan danışırdı və bu, onun “vəziyyətdən çıxmaq” üçün mükəmməl yalançı olduğunu sübut edir.

Erməni baş nazirin “sensasiyalı detalları açıqlaması” da məhz “vəziyyətdən çıxmağa” hesablanmışdı. O, mümkün qədər dozanı artır edir, çünki faşizmi qəhrəmanlaşdıran, adını daşıdığı babasının nasistlərə xidmət etməsindən qürurlanan Paşinyan Hitlerin təbliğat naziri Gebbelsin məşhur “Yalan nə qədər dəhşətli olsa, inanan o qədər çox olacaq” devizinini daxili və xarici siyasətdə əsas qayəsi olaraq seçib.

Haşiyə: Paşinyan “sensasiyalı müsahibə” verdiyi Ermənistan İctimai Televiziyasının xəbərlər və analitik proqramlar direktoru Petros Kazaryanı vaxtilə qərəzli olmaqla ittiham edir və redaktoru olduğu “Aykakan Jamanyak” qəzetində onun haqqında belə yazırdı: “... O, Ermənistanda bir nömrəli Nataşasıdır, lakin həddindən artıq yediyi üçün qadın cəlbediciliyini itirmiş və həddi çoxan keçmişdir”.

İndi Nikol vaxtilə Nataşaya bənzətdiyi Petros Kazaryanın önündə uydurmalarını “cəsarətlə” sadalayır, “çəpər arxasından qışqıran” qarılar kimi Bakıya doğru barmaq sallayır və Azərbaycanın mülki əhalisini güllələməyə davam edir. Bu, ona babasından qalma mirasdır və siyasi cəbhədə yalanları ilə Hitlerin ideoloji əsgəri Gebbelsi geridə qoyan erməni baş nazir hərbi cəbhədə mülki əhaliyə faşistcəsinə hücum etməklə nasistlərə xidmət etmiş babasının adını özünün də dediyimi kimi, “layiqincə daşıyır”...

Azərbaycan Prezidenti “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Ermənistanın ağılsız diktatorun Gebbelssayağı yalanlarını alt-üst etdi.

Azərbaycan Ordusu da cəbhədə işğalçı Ermənistan ordusunu alt-üst edir.

Artıq Ermənistanın işğal siyasətinin də, işğalçı ölkənin baş nazirinin yalanlarının da sonu çatıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm