Ermənistanın “konyak diplomatiyası” əsasında qurulan “erməni-nasist əməkdaşlığı”
Bizi izləyin

Nida Təhlil

Ermənistanın “konyak diplomatiyası” əsasında qurulan “erməni-nasist əməkdaşlığı”

Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə xarici ölkə vətəndaşlarını Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə və ətraf ərazilərə səfərlərdən rəsmi şəkildə çəkinməyə çağırıb. Həmçinin bu cür səfər edənlərin adları Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısına daxil edilir. Bu qəbildən olan səfərlərin iştirakçılarından bəziləri hətta erməni təbliğat maşınının yalanlarına uyduqlarını açıq şəkildə etiraf edərək adlarının həmin siyahıda çıxarılmasını xahiş edirlər. Lakin ermənilərin saxta iddialarının təbliği ilə fəal şəkildə məşğul olan bəzi siyasətçilər, jurnalistlər bu qanunsuz səfərləri təkrarlamaqdan çəkinmirlər. Oktyabrın 18-də Ermənistana, oradan isə işğal altındakı ərazilərə səfər edən Almaniyadan olan deputatlar da artıq ikinci dəfədir eyni tərkibdə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edirlər. Bəs bu səfərlərdə məqsəd nədir?

Rüşvət, “ianələr”, qiymətli hədiyyələr və “konyak diplomatiyası”

Rüşvət, “ianələr”, qiymətli hədiyyələr və digər hiyləgər yollarla müxtəlif siyasətçilərin, jurnalistlərin ələ alınması illərdir Ermənistanın xarici siyasətinin təməl prinsiplərindəndir. Ermənistanda müxtəlif illərdə keçirilən seçkiləri izləyənlərin saxtakarlıqlara göz yummaları üçün verilən rüşvətlər, müxtəlif beynəlxalq təşkilatlarda mənafelərinin təmini üçün ödənilən “ianələr”, işğal altındakı ərazilərə təşkil edilən səfərlərdə iştirak edənlər üçün verilən ziyafətlər... İllərdir müşahidə etdiyimiz bu siyasətə Paşinyanın hakimiyyəti dövründə “konyak diplomatiyası” da əlavə olunub.

2019-cu ilin mayında Dağlıq Qarabağa səfər edən və adı Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısına daxil edilən alman deputatlarının Paşinyanın “konyak diplomatiyasına” uyduqları şübhəsizdir. Bu işdə erməni lobbisinin maliyyə vəsaitlərinin böyük rol oynadığı da şübhə doğurmur.

Fraksiyanın üzvlərinin bəzi dairələrlə və xüsusi xidmət orqanları ilə işləməsinə dair faktlar da var. 2019-cu ilin aprelində ZDF televiziyası və “Der Spiegel” jurnalının araşdırmaları nəticəsində 2017-ci ilə aid daxili elektron yazışmalarda hazırda Almaniya üçün Alternativ (AfD) partiyasının fraksiyasının deputatı olan Markus Fronmayerə “maddi və mənəvi yardım göstərilməsi” təklif olunur. Xatırladaq ki, deputat Fronmayerlə yaxın əməkdaşlıq əlaqələri olan Manuel Oksenrayter 2017-ci ildə işğal altında olan torpaqlarımızda keçirilmiş qondarma “referendumda” AfD partiyasının Türinqen federal torpağının Landtaqının bir neçə deputatı ilə birlikdə “müşahidəçi” qismində iştirak edib və onun adı Azərbaycanın “arzuedilməz şəxslər” siyahısındadır.

Erməni-nasist əməkdaşlığı

Bu gün dünyanın hər yerində faşizm və nasizm ideologiyalarının yenidən yayılmasının qarşısını almaq üçün ciddi addımlar atıldığı halda, Ermənistanda hakimiyyət səviyyəsində bu ideologiyaların təbliği və dövlət siyasətində əsas istiqamətlərdən biridir. Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəl qoyulması və onun qəhrəmanlaşdırılması buna əyani sübut ola bilər. Həmçinin millətçilik, genişlənmə, irqçilik, islamofobiya, antisemitizmin təzahürləri də illərdir Ermənistan siyasətində açıq şəkildə özünü büruzə verir.

Bu səbəbdən alman nasistlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə ideoloji cəhətdən yanaşmaq da doğru olar.

Almaniya üçün Alternativ partiyasının fəaliyyətində irqçi və nasist ideologiyadan uzaq olduğu görünür. Lakin partiyanın Brandenburq qolu təşkilatın federal rəhbərliyindən fərqli olaraq, nasist ideologiyaya xidmət yolu tutub. Qeyd edək ki, işğal altındakı ərazilərimizə qanunsuz səfər edən Brandenburq Landtaqından deputat Andreas Kalbits əvvəllər AfD federal partiyasının idarə heyətinin üzvü, partiyanın Brandenburq qanadının rəhbəri və Brandenburq Landtaqının AfD fraksiyasının sədri olub. Federal partiyanın idarə heyətinin bu il mayın 15-də keçirilən iclasında deputatın 1993-1994-cü illərdə sağçı ekstremist “Vətənə sadiq alman gəncləri” (HDJ) adlı təşkilata və neonasist Respublikaçılar partiyasına üzv olması əsas götürülərək, o, AfD partiyasının sıralarından xaric edilib. Neonasist keçmişinə görə bu partiyadan kənarlaşdırılan Kalbits sonradan partiyanın qərarına qarşı hüquqi addımlar atmağa cəhd göstərsə də, onun səyləri boşa çıxıb. Bu, bir daha göstərir ki, nasist ideologiyası və onun daşıyıcıları Almaniya cəmiyyəti və partiyanın federal rəhbərliyi üçün ləkə hesab edilir.

Partiyanın Brandenburq fraksiyası və onun üzvləri isə tam əksinə nasist ideologiyasının, irqçi, antisemitist və islamofob meyillərin fəal təbliğatçısıdır və bu, Ermənistanın illərdir yürütdüyü siyasətlə eynilik təşkil edir. Misal üçün, Bundestaqın deputatı, AfD-nin Brandenburq fraksiyasının üzvü, qanunsuz səfərin digər iştirakçısı Ştefan Koyter ictimaiyyət arasında nasist və antisemitist şüarlardan gen-bol istifadə edən şəxs kimi tanınır ki, bu baxımdan onun Ermənistan hakimiyyəti ilə yaxın təmasları heç də təsadüfi görünmür.

Brandenburq Landtaqının AfD təmsilçisi qismində qanunsuz səfərdə iştirak edən Andreas Qalau qondarma rejimin qondarma “deputatlarını” ötən il sentyabrın 1-də keçirilən landtaq seçkiləri zamanı Almaniyaya dəvət edib. Erməni mətbuatı isə bunu qondarma “respublikanın” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim edib. Almaniya XİN-in məlumatında isə landtaq seçkilərinə bir qayda olaraq xarici müşahidəçilər dəvət olunmadığı vurğulanır. Eyni zamanda, AfD-nin Xarici siyasət üzrə işçi qrupu Dağlıq Qarabağa edilən qanunsuz səfərlərin şəxsi müstəvidə baş tutduğunu və onların AfD-nin sanksiyası olmadan həyata keçirildiyini diqqətə çatdırıb.

Beləliklə, bir daha aydın olur ki, Ermənistanın “konyak diplomatiyası” və müəyyən rüşvət əsasında qurulan bu şəxsi “münasibətlərin” heç bir hüquqi əsası yoxdur. Ermənistan hakimiyyətinin isə bu səfərlərə qanuni don geyindirmək və hansısa rəsmi səfərlər kimi təqdim etmək səyləri yalnız daxili auditoriyanı aldatmağa və diplomatik uğursuzluqlarını ört-basdır etməyə hesablanıb.

Beynəlxalq birliyin üz çevirdiyi Paşinyan nasistlərlə əməkdaşlığı seçir

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatı artıq 24 gündür davam edir. Döyüşlərin ilk günündən məğlubiyyətini anlayan Paşinyan hakimiyyəti beynəlxalq təşkilatlara, dünya liderlərindən kömək dilədi, bunun üçün çoxsaylı müraciətlər etdi. Lakin Ermənistan baş nazirinin bütün gözləntiləri puç oldu.

Avropa İttifaqının Gəncə hadisələri ilə bağlı ədalətli mövqeyi isə Ermənistanda birmənalı qarşılanmadı. Özünü cəmiyyətə qərbyönümlü siyasətçi kimi sırımağa çalışan Paşinyan hətta Avropa dövlətlərindən də dəstək ala bilmədi. Belə olan halda artıq onun almaniyalı nasist deputatlarla təmasa girməsi və onları Dağlıq Qarabağa dəvət etməsi, sadəcə, yenidən cəmiyyəti aldatmağa yönəlib. Çünki heç Almaniya cəmiyyətinin özündə də qəbul edilməyən bu siyasətçilərin prosesin nizamlanmasında təsir imkanlarının olacağı gülünc doğurur və bu, hakimiyyətə gəlişindən sonra ard-arda yanlış addımlar atan Paşinyanın növbəti səhvi və fiaskosudur.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm