Fransa Senatının Qarabağ cəhaləti və kağız parçası olan qətnamə...
Bizi izləyin

Nida Təhlil

Fransa Senatının Qarabağ cəhaləti və kağız parçası olan qətnamə...

Fransa senatı artıq mövcud olmayan qondarma “dqr”-i tanımaqla bağlı qətnamə qəbul etdi. “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” adlanan 145 nömrəli qərnamə layihəsi 18 noyanrda təqdim olunub, 25 noyabrda tələsik müzakirədən sonra qəbul olunub.

Qətnamənin tövsiyyə xarakteri daşıdığı məlumdur, lakin Fransa Senatının erməni diasporu və lobbisinin təsir dairəsində olan üzvlərinin sözün fəqiqi mənasında Dağlıq Qarabağ münaqişəsinə fransız olduğu ortaya çıxdı.

Müharibə sentyabrın 27-də başlayıb, Azərbaycan beynəlxalq hüquqa istinadən öz ərazilərinin azad edilməsi əks-hücum əməliyyatlarına start verib, 44 günlük müharibə dövründə 27 ildir icra edilməyən BMT qətnamələrini yerinə yetirib, noyabrın 10-da müharibə meydanında diz çökən Ermənistan kapitulyasiyaya imza atıb.

Ermənistan təslim olub, Fransa Ermənistanın əvəzinə hələ də müharibə aparır. Məsələyə fransız olmaq buna deyirlər.

Qətnaməyə diqqət edək: “Senat Fransa hökumətini Dağlıq Qarabağı tanımağa və bu tanınmanı regionda möhkəm sülhün yaranması məqsədi ilə danışıqlarda alət kimi istifadə etməyə çağırır”.

Xatırladaq ki, eyni mətnli qətnamə 2014-cü ildə Fələstinlə bağlı də qəbul edilmişdi.

Senat Fransa hökumətini Fələstin dövlətini tanımağa və bu tanınmanı Yaxın Şərqdə dinc nizamlamaya dair prosesdə alət kimi istifadə etməyə çağırır”, - qətnamədə deyilirdi.

Və hər iki qətnaməyə Fransa Xarici İşlər Nazirliyinin şərhi də demək olar ki, eynidir.

Birtərəfli qaydada tanınma danışıqlara təzyiq yaradır, simvolik tanınma isə onlara heç cür kömək eləmir” – Fransa XİN Senatın qondarma qurumla bağlı qətnaməsini şərh edərkən bildirib.

Bu o deməkdir ki, Fransa hökuməti Senatın ona tövsiyəsini qəbul etmək niyyətində deyil.

Sual yaranır: Senat niyə belə bir qətnaməni qəbul etdi?

Səbəb sadədir, Fransanın daxili siyasətinə, xüsusilə seçkilərə təsir imkanı olan erməni diasporu/lobbisi fransız senatorların artıq həll olunmuç münaqişəyə fransız qalmasının əsas müəllifləridir. Səsvermə prosesinə diqqət edəndə də bu, aydın görünür.

Birincisi, Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir.

İkincisi,Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox, 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü.

Çıxışlardan da aydın oldu ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbəri belə yoxdur. Bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil.

Senator Stefan Ravie deyib: “Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır”.

Hansı müharibə? Müharibənin Ermənistanın kapitulyasiyası ilə başa çatmasından 15 gün sonra Fransa Senatında belə bir müzakirənin keçirilməsi və deyilən sözlər yumşaq desək, cahillikdən başqa bir şey deyil.

Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu da qətnamənin əvvəldən planlaşdırılan təxribat olduğunu açıq şəkildə göstərir. Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər.

Təəccüblü deyil, çünki layihəninin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa dövlətinin nüfuzu, yaxud milli maraqları yox, Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır.

Məlumdur, Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Senatın qərarları isə tövsiyə xarakteri daşıyır. Sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı var. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə qara səhifə kimi həkk olunur.

Vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyini formalaşdırdı.
Fransanın Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Löman da sənədin Fransanın dövlət mənafeyinə, ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun olmadığını etiraf edib.

Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, adi kağız parçasından başqa bir şey deyil. Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycanın Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz. Rəsmi Bakı mövqeyini lazımi şəkildə bəyan edib.

Lakin qeyd etdiyimiz kimi, məsələnin siyasi tərəfi var və bu, diqqəti bəzi məqamların üzərinə yönəldir:

- Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirib;

- Senatın Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməməsi də suallar doğurur;


Reallığı görməzdən gələn Fransa Senatı Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir. Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixi, siyasi və hüquqi aspektləri təhrif edilir.

Fransa Senatının müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı, nəinki xəbəri olmadığı Dağlıq Qarabağ münaqişəsini.

Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmadan bu qətnamə Fransa dövlətinin maraqlarına ziddir. Rəsmi Paris təcili şəkildə Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməklə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə etməlidir. Əks təqdirdə, proseslər Fransanın maraqlarına uyğun olmayan məcrada inkişaf edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm