XX əsrin qanunu ilə tənzimlənən XXI əsrin Azərbaycan mediası - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

XX əsrin qanunu ilə tənzimlənən XXI əsrin Azərbaycan mediası - TƏHLİL

1999-cu ildə KİV haqqına qanın qəbul olunanda internetin nə olduğundan çoxumuz xəbərsiz idik, evimizdən başlayaraq, ictimai nəqliyyata qədər hər yerdə əsas informasiya mənbəyi çap mediası idi və mövcud qanun dövrün tələblərinə cavab verirdi də.

21 il keçib, hər saniyənin öz hökmünün olduğu informasiya məkanında KİV haqqında qanunun hökmü qalıbmı?

Mövcud situasiya bu sualı aktuallaşdırır: ənənəvi medianın yerini müasir, hətta sürətinə çatmağın çətin olduğu sosial media tutub, xəbər istehlakçılarının ilkin məlumat platforması olaraq üz tutduğu sosial şəbəkələr nəinki çap mediasını, hətta onlayn medianı da geridə qoyub.

Əgər media sosial şəbəkələrdə tirajlanan hansısa şaiyəni təkzib etmək üçün əlləşirsə, deməli problem ciddidir və bu problem KİV haqqında qanundan qaynaqlanır. Çünki mövcud qanunvericiliyin sosial medianı - onlayn media (informasiya agentlikləri, xəbər saytları), sosial şəbəkələr (Facebook, Twitter, İnstagram, son dövrlər daha da məşhurlaşan Telegram və s.), eləcə də bloqlar və ünsiyyət vasitəsi kimi istifadə olunan, eyni zamanda, sürətli xəbərləşmə prosesinin getdiyi digər vasitələr – tənzimləyən rıçaqları yoxdur.

1. Mövcud qanunun 21 il öncənin reallığına uyğun olması;
1. Qanunda yeni media anlayışına daxil olan resursların tənzimlənməsi ilə bağlı bir cümlə belə qeyd olunmaması;
3. Əsasən çap mediasını əhatə etməsi;


Qanunvericilikdən doğan boşluqların səbəbləri bunlardır. Əgər “Kütləvi informasiya vasitələri haqqında” Qanuna baxsanız görəcəksiniz ki, qanun mətnində 27 yerdə çap mediası ilə bağlı ifadə keçir. Cəmi 9 yerdə informasiya agentliklərindən bəhs olunur. Onlayn mediadan isə ümumiyyətlə söz açılmır. Sosial medianın informasiya axınını idarə etdiyi zamanda KİV haqqında qanunda bununla bağlı bir kəlmə belə qeyd olunmaması absurd deyilmi?

Bu, təxminən ona bənzəyir ki, XXI əsrdə dünya XIX əsrin qaydaları ilə idarə olunur və hər kəs bu qaydaların mövcudluğunu bilsə də, nə olduğundan xəbərsizdir.

Azərbaycan mediasındakı vəziyyəti bu cür təsvir etmək olar: qanun var, hər kəs onun mövcudluğundan xəbərdardır, lakin qanunun mətninə baxanda hansısa uzaq dövrdən bəhs edildiyi ortaya çıxır.

KİV haqqında qanuna baxaq: mətndə əsasən çap medianın fəaliyyət prinsipləri nəzərdə tutulur.

Qanunun IV fəslində mətbu nəşrin istehsalının hüquqi əsasları öz əksini tapır:

- mətbu nəşrin redaksiyası;
- çap məhsullarının yayılma qaydası;
- çap məhsullarının yayılmasına qadağa qoyulmasının xüsusi halları;
- məcburi nüsxələr;


Və çap mediasına aid olan digər qaydalar. Bəs, əsas informasiya təminatını həyata keçirən sosial media?! KİV haqqında qanunda bununla bağlı bir cümlə belə tapmaq mümkün deyil.

Yaxud KİV-in təşkilinin hüquqi əsasları, informasiyaya düzəliş, təkzib və cavab verilməsi, qanunun pozulmasına görə məsuliyyət fəsillərində də yeni mediaya şamil olunan məqamlar yoxdur, yaxud konkret göstərilməyib. Sanki qanun yalnız çap mediası üçündür və orada göstərilən hüquq və vəzifələrin heç biri digər informasiya resurslarına aid deyil.

Məhz bunun nəticəsində Azərbaycan mediasında xaotik vəziyyət hökm sürür.

“Fake news” və dezinformasiya

Azərbaycanın informasiya platforması günümüzün bu acı reallığının əsirinə çevrilib. Sosial media anlayışına daxil olan informasiya resurslarında saxta xəbərlər və dezinformasiya gündəlik norma halına gəlib.

- Sensasiyanın yaradılması;
- İP arxasınca qaçış;
- Maraq qruplarının məqsədinə xidmət;


Nəticədə ağla qara, yalanla doğru bir-birindən seçilmir və ən pisi odur ki, mövcud qanun bunu tənzimləyə bilmir.

Sosial şəbəkələr hakim rolunda

İnformasiya məkanında ən ciddi problemlərdən biri, bəlkə də birincisi budur. Bu gün smartfon telefonu olan hər kəs jurnalist fəaliyyəti ilə məşğul ola bilər, əslində olur da və bu vəziyyət informasiya məkanında “ara qarışıb, məzhəb itib” vəziyyətini yaradır. Məsələ kiminsə hansısa imformasiyanı paylaşması deyil, məsələ sosial şəbəkələrdə paylaşılan informasiyanın mediada yayımlanan gerçək informasiyadan daha inandırıcı qəbul edilməsidir.

Şahidi olduğum bir hadisə ümumi mənzərəni anlamağa kömək edir: marşrut avtobuslarının birində sərnişin sürücü ilə “havalandırma sistemini” açılması üstündə mübahisə edir və tələbini onunla əsaslandırırdı ki, “Feysbuk marşrutlarda “kondisioner”lərin qoşulduğunu yazmışdı, bəs biyə qoşulmur?”.

Feysbuk yazır...

İnsanlar sosial şəbəkələrdən məlumat alır və bunun sürət baxımından üstünlüyü olsa da, dəqiqlik probleminin fəsadları daha böyükdür.

Bu ilin əvvəlində koronavirus pandemiyasının yayıldığı vaxt cəimiyyətdə ciddi təşvişə səbəb olan “niquşizm” problemi ilə qarşılamağımız da informasiya axının tənzimlənməsindəki boşluqları çılpaqlığı ilə göstərdi.

“Səhər saat 11-dən axşam saat 5-ə kimi eşikdə paltar qoymayın, koronavirusa görə təyyarə ilə dərman tökəcəklər”;
“Həyətdə gəzən uşaqları və müəllimlərini polislər tutub aparacaq, uşaqlarınızı həyətə buraxmayın”;
“Koronavirusa qarşı peyvəndləmə adı altında evinizə oğrular gələcək”;


Yaxud cəbhədə baş verənlərlə bağlı indiyə qədər saysız-hesabsız dezinformasiya, “fake news” yayılıb.

Bütün bu yalanlar ictimai rəyi asanlıqla yönəldə bilir.

Və burada əsas problem insanların rəsmi məlumata, yaxud medianın yazdıqlarına yox, niyə sosial şəbəkələrdə dolaşan şaiyələrə inanmasıdır. Bu artıq problem olmaqdan çıxaraq, dövlətin və cəmiyyətin maraqlarına təhlükə yaradan riskə çevrilib. Problemin qaynağı bəllidir: KİV haqqında qanunun günün reallığı ilə uzlaşmaması.

Birincisi, qanunun 21 il öncənin reallığını əks etdirməsi həm sosial medianı tənzimləməyə imkan vermir, həm də sosial media resurslarını belə demək mümkünsə, məsuliyyətdən kənarda saxlayır. Azərbaycanın XXI əsr mediası XX əsrin qanunu ilə tənzimlənir, nəticədə xaos yaşanır.

İkincisi, reket jurnalistika fəaliyyətinin çap mediasından sosial media platformasına axını. Jurnalistikadan reketçilik məqsədilə istifadə edənlərin bu tranformasiyasının iki səbəbi var:

a) Mövcud qanunun çap mediasını tənzimləməsi və reket fəaliyyətə qarşı tətbiq olunan sərt tədbirlərdən xilas olmaq;
b) Sosial media resurslarında məsuliyyətdən daha uzaq olmaları və bu platformanın geniş imkanlar yaratması;


Nəticədə “fake news” və dezinformasiyalar havada uçuşur, onun yaratdığı burulğanın içində doğru xəbər görünmür.

Yalan nə qədər dəhşətli olarsa, inanan daha çox olacaq”.

Bu gün informasiya məkanı gebbelsizmlə üz-üzədir və reallıq odur ki, KİV haqqında qanunun əlindən heç nə gəlmir.

Üçüncüsü və gebbelsizmin inkişafının səbəbi peşəkarlığın azlığıdır. Mövcud qanunun media məkanını tənzimləyə bilməməsi peşəkarlıqdan uzaq olanların yeni media resurslarında “at oynatması” ilə nəticələnib. Peşəkarlıq olmayan yerdə də təbii ki, “yalan ayaq tutub yeriyir”.

Dördüncüsü və daha təhlükəlisi medianın nüfuzunun zəif olmasıdır. Yuxarıda qeyd olunan amillərin hər birinin bunda rolu var: medianın köhnə qanunla tənzimlənməsi, yeni medianın boşluqda qalması, bundan istifadə edən reket jurnalistlərin və peşəkarlıqdan uzaq olanların axını.

İnformasiya axınında “dörd səhv, bir doğrunu” silmir, əksinə dörd səhv doğrunun yerini alır. Nəticə etibarilə, nüfuzu zəifləyən medianın yazdıqları deyil, idarəolunmaz dezinformasiya axışı həqiqətə çevrilir.

Nə etməli?

- KİV haqqında qanun mövcud reallığa uyğunlaşdırılmalıdır;
- Sosial media anlayışına daxil olan informasiya məkanın tənzimlənməsi ilə bağlı konkret və işlək müddəalar daxil edilməlidir;
- Qeyri-peşəkarlığa, “fake news” və dezinformasiyalara qarşı daha sərt və nəticə əldə olunacaq addımlar atılmalıdır;
- Medianın nüfuzu və peşəkarlığı artırılmalı, xüsusilə IV hakimiyyət missiyası gücləndirilməlidir;


Əks təqdirdə, gebbelsizmin dağıdıcı nəticələri daha böyük olacaq. Buna qarşı mübarizəni XX əsrdə qalmış qanunvericilik bazasını XXI əsrə gətirməklə başlamaq olar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm