Paşinyan buna məcbur olacaq - DETALLAR
Bizi izləyin

Nida Təhlil

Paşinyan buna məcbur olacaq - DETALLAR

Ermənistan prezidenti Armen Sarkisyan dünən Nikol Paşinyanın baş nazir təyin edilməsi barədə sərəncam imzaladı. Paşinyan növbədənkənar seçkilərdə yüksək səslə qalib gələrək parlamentdə böyük üstünlük əldə etdi. Təbii ki, hələlik Nikol hökumət kabinetini yenicə formalaşdırmağa başlayır. Onun baş nazir postuna təsdiq olunmadan öncə Moskvaya səfər etməsi və Putinlə görüşməsi yeni kabinetdə rusyönümlülərin də olacağı ehtimalını artırır.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov deyib. O bildirib ki, Paşinyan Rusiyanın istəklərini yerinə yetirməli olacaq:

“Hesab etmirəm ki, Paşinyan rusyönümlü qüvvələrin öz kabinetində olmasının tərəfdarıdır. Amma məcburən Rusiyanın istəklərini yerinə yetirməli olacaq. Ən azından öz hakimiyyətini möhkəmləndirənə kimi ruslarla xoş davranmalı olacaq. Ehtimallar var ki, Rusiya Paşinyandan 3 əsas strukturda öz adamlarının təmsil olunmağını istəyəcək. Bunlar daxili işlər, müdafiə və milli təhlükəsizlik nazirlikləridir. Rusiya sözügedən qurumlarda özünə sadiq adamları yerləşdirməklə Ermənistandakı prosesləri idarə etməyə çalışacaq.

Burada digər önəmli amil Ermənistan və Azərbaycan arasında mövcud olan Qarabağ məsələsidir. Bu mövzuda Paşinyanın Rusiyadan fərqli mövqe sərgilədiyi görünür. Fikrimcə, Paşinyan post-müharibə dövründə ölkəsinin blokadasını aradan qaldırmaq üçün bəzi addımlar atmağa çalışacaq, amma Rusiyanın buna nə dərəcədə icazə verəcəyi sual altındadır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci illərdə üçtərəfli formatda imzalanmış bəyannamələrin icrasında yubanmaların aradan qaldırılması əsas məsələlərdəndir. Azərbaycandan fərqli olaraq Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir və Rusiya da bu məsələdə Ermənistana təzyiq etmək niyyətində görünmür. Əksinə, həm Zəngəzur dəhlizinin açılmasının yubadılması, kommunikasiyaların açılmaması, həm də erməni silahlı terrorçularının rus sülhməramlılarının nəzarət etdiyi bölgədən hələ də çıxarılmaması, onların sülhməramlıların yerləşdiyi ərazilərdən və Ermənistan-Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərindən Silahlı Qüvvələrimizi mütəmadi şəkildə atəşə tutması, minaların xəritələrinin tam şəkildə Azərbaycan tərəfinə verilməməsi və digər məsələlər problemlərin hələ də mövcudluğundan xəbər verir.

Son günlər rus mediasında və siyasi elitasında Azərbaycana qarşı çirkin ifadələrin tez-tez yer alması və Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən proseslər ölkəmizə qarşı çirkin niyyətlərin olduğunu göstərir. Nikol Paşinyanın Rusiyanın orbitindən çıxmaq üçün bütün gücü ilə çalışacağını düşünsək, regionda yeni dəyişikliyin olacağını demək mümkündür”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm