Moskvada nələr olub: Putin Paşinyana “qulaqburması” verib? - DETALLAR
Bizi izləyin

Nida Təhlil

Moskvada nələr olub: Putin Paşinyana “qulaqburması” verib? - DETALLAR

Oktyabrın 12-də Ermənistanın baş naziri Nikol Vovayeviç Rusiya Prezidenti Vladimir Vladimiroviçlə görüşmək üçün Moskvaya yollandı. Kremldə baş tutan Putin-Paşinyan görüşünün nəticələri Bakıda da maraqla gözlənilirdi. Azərbaycan ictimaiyyəti Putinin Paşinyana 10 noyabr üçtərəfli sazişinin şərtlərini yerinə yetirmədiyi üçün “qulaqburması” verib-verməyəcəyini gözləyirdi, amma görüşün nəticələri ilə bağlı mediaya ətraflı məlumt verilmədi.

Ermənistanın baş naziri isə görüşün müsbət nəticələrindən bəhs etdi. Bildirdi ki, danışıqlar prosesinin bundan sonra da davam etdirilməsi üçün Putinlə bir sıra məsələləri razılaşdırıb.

Bəs bundan sonra nə baş verəcək? 10 noyabr bəyanatının bəndləri yerinə yetiriləcəkmi? Zəngəzur dəhlizi açılacaqmı? İranın dəstəyi fonunda Moskvaya “şirə dönmüş vəziyyətdə” gedən Paşinyan imzaladığı kapitulyasiyanın şərtlərini yerinə yetirməsə, nə baş verəcək?

Putin-Paşinyan görüşünə münasibət bildirən politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında söyləyib ki, Rusiya Prezidentinin mövqeyi Ermənistan baş nazirinin mövqeyi ilə çox yaxın görünür:

“Son görüşün detalları haqqında ətraflı məlumat verilməsə də, müəyyən məsələlər haqqında fikir söyləmək mümkündür. Onlar işçi nahardan sonra günün son hissəsində görüşdülər. Daha doğrusu, Putin və Paşinyan əvvəlcə birgə nahar etdilər və ətraflı söhbət apardılar. Bu görüşdə Putin söylədi ki, əsas məsələ Qarabağ problemidir. Putin burada Qarabağ deyərkən “Dağlıq Qarabağ problemi”ni nəzərdə tutub. Hətta Ermənistanın baş naziri Moskvaya getmədən öncə bildirirdi ki, Kremldə Rusiyanın dövlət başçısı ilə görüşünün əsas məqsədi “Dağlıq Qarabağ problemi”nin həllidir. Hətta Paşinyan “Dağlıq Qarabağ” da demir, onu “Artsax” kimi ifadə edir. Paşinyan səfər öncəsi “Artsax xalqının maraqlarının” nəzərə alınmasından söz açırdı. Nikol Vovayeviçin səsləndirdikləri danışıqlar prosesinə kifayət qədər əngəl yaradacaq fikirlərlə zəngin idi. Belə təəssürat yarandı ki, Putin onun ağzından vurmadı. “Qulaqburması” ağır ifadədir, amma Putin Qarabağda sülhyaratma missiyasına mane olacaq əsas başlıca əngəlin onların dediyi kimi “Artsax”, “Dağlıq Qarabağ”ın olmasını vurğulamaqdan vaz keçdi. Əvvəllər Putin özü deyirdi ki, Qarabağ məsələsini danışıqlar və sülh prosesinə hələ ki, qarışdırmaq lazım deyil. Söyləyirdi ki, bu, kifayət qədər ağır problemdir, hətta danışıqlar prosesində ciddi əngələ çevrilə bilər, ona görə də bu məsələni hələ ki, müzakirə etməyi lazım bilmir”.

Politoloqun fikrincə, Putin bununla da məsələni ATƏT-in Minsk qrupunun üzərinə atmaq istəyir:

“ATƏT-in Minsk qrupu hələ ki, Dağlıq Qarabağ problemi ilə məşğul olmaq fikrində deyil. Amma onlar tez-tez Qarabağ problemini gündəmə gətirən fikirlər səsləndirirlər. Hər halda, danışıqların gələcəyi var. Azərbaycan Prezidenti ilə də danışıqlar nəzərdə tutulur. Daha sonra Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü də planlaşdırılır. Putin bu məsələlərdə özünü ədalətli vasitəçi kimi göstərə biləcəkmi?! Bunu zaman göstərəcək. Qarşıdakı əsas məsələlər Qarabağdakı ermənilər, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmini, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və kommunikasiya xətlərinin açılmasıdır”.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizinin indiki mərhələdə açılması inandırıcı görünmür:

“İran bir istəkan suda fırtına qopardı. Sözün əsl mənasında öz xəyanətkar mahiyyətini açıb ortaya qoydu. Özünü müsəlman ölkəsi adlandıran İran Avropa ölkələrindən daha təhlükəlidir və özünü Ermənistana daha yaxın dövlət kimi göstərməkdədir. Azərbaycan müsəlman ölkəsindən dəstək əvəzinə xəyanət gördü. Müqayisə etsək, Rusiya bu məsələdə İrandan daha ədalətli göründü. Doğrudur, Rusiyanın mövqeyi bizim mövqeyimizə tam şəkildə uyğun deyil. Çox qəribədir, Cənubi Qafqazda az qala dünyanın bütün ölkələrinin maraqları cəmləşir. Onların hamısı bu məsələnin həllində iştirak etmək istəyirlər. Bir çoxları bu məsələnin həllində ermənipərəst mövqe sərgiləyir. Dünyanın ədalət hissi sanki yoxa çıxıb. Moskvaya gedən Paşinyan İranın son hərəkətlərindən daha da ruhlanmış kimi görünürdü. Çünki açıq-aşkar, sözün həqiqi mənasında Tehran İrəvana dəstək verirdi. Danışıqlar prosesində də Ermənistanın əlini gücləndirməyə çalışırdı. Belə təsəvvür yaranırdı ki, İranın təzyiqlərindən sonra Azərbaycan bəzi mövqelərindən sonra geri çəkilə bilər. Amma bu baş vermədi. Azərbaycan Prezidenti çox cəsur formada İranın da cavabını verdi, lazım gəlsə, digərlərinin cavabını verməyə də hazır görünür”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm