Paşinyan sərhədin müəyyənləşməsinə razılaşdı – Bakının “məcburetmə taktikası”
Bizi izləyin

Nida Təhlil

Paşinyan sərhədin müəyyənləşməsinə razılaşdı – Bakının “məcburetmə taktikası”

Paşinyan Rusiya Müdafiə Nazirliyinin Azərbaycan-Ermənistan sərhədində demarkasiya-delimitasiya prosesinin hazırıq mərhələsinə keçməsi ilə bağlı təklifinə razı olduqlarını açıqladı.

Bu, erməni təxribartına cavab olaraq, Azərbaycan Ordusunun sərhəddə keçirdiyi döyüş əməliyyatının nəticə verdiyi, İrəvanı razılaşmağa məcbur olduğu deməkdir. Döyüşlərdən sonra Paşinyanın razılaşacağı da gözlənilən idi.

Burada diqqətçəkən məqam Rusiya MN-nin Paşinyanın dünənki çıxışından sonra İrəvana hazırlıq mərhələsi ilə bağlı təklifi təqdim etməsidir. Ermənistan baş naziri döyüşlərdən sonra – dünən “Azərbaycanla bütün məsələlərin həllinə hazır olduğunu” açıqladı, lakin öz sülh proqramı və Minsk qrupunu irəli sürməklə mötərizə də açdı.

Bu o ehtimalı önə çıxarır ki, Moskva İrəvana “Qarabağ məsələsi”nin sonraya saxlanıldığı və hazırki prioritetin sərhəd olduğunu başa salıb.

Rusiyanın Azərbaycan üçün bitdiyi Qarabağ məsələsini sonraya saxladığı məlumdur. Bakı da anlayır ki, ermənilərin yaşadığı ərazilərə nəzarəti bərpa etmədiyi müddətdə daxildə həlledilməli problem var. Lakin indi sərhədin müəyyənləşməsi məsələsində Bakı və Moskvanın mövqeləri üst-üstə düşür:

- Moskva kommunikasiyanın açılması və rus qoşunlarının sərhədə (Ermənistan tərəfdən) gətirilməsi üçün məsələsin həllində maraqlıdır;
- Bakı Azərbaycan və Ermənistanın dövlət sərhədlərini qarşılıqlı tanıması, beləliklə, Ermənistanın Qarabağ məsələsindən kənarlaşdırılması üçün maraqlıdır: sərhədlərin tanınmasından sonra Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığı daha aydın şəkildə müəyyənləşəcək;

Paşinyanın “Rusiya MN-nin sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklifinin də Ermənistan üçün məqbuldur” sözləri isə ilk növbədə daxili auditoriyaya hesablanıb və bu, “sərhəd müqaviləsi 100 faiz Ermənistanın xeyrinədir” ritorikasının davamıdır. Hərçənd, prosesin 100 faiz Azərbaycanın əleyhinə olması yanaşması absurddur. Bakının İrəvanın bu rotirikası qarşısında susqunluğu da Paşinyanın daxili auditoriyaya oynamasına şərait yaratmaq kimi görünür.

Açıq qalan məsələ Rusiya MN-nin üç təklifinin nədən ibarət olmasıdır: istisna deyil ki, bu sərhədin hansı ilin xəritəsinə uyğun aparılmasını özündə ehtiva edir və proses başlamayana qədər aydın olmayacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm