Ərəb dünyasında Bakı rüzgarı: Azərbaycan lideri Fransanı ifşa etdi
Bizi izləyin

Nida Təhlil

Ərəb dünyasında Bakı rüzgarı: Azərbaycan lideri Fransanı ifşa etdi

Prezident İlham Əliyevin Əlcəzair səfəri Azərbaycanın beynəlxalq nüfuzunun daha bir nümunəsi hesab edilə bilər. Və bu səfər təkcə Azərbaycan-Əlcəzair münasibətləri baxımından yox, ümumilikdə ərəb dünyasında Bakının əhəmiyyətini göz önünə sərir.

Əliyevin Ərəb Dövlətləri Liqasının Sammitinə dəvət edilməsinə son proseslər fonunda baxdıqda, Azərbaycanın Avrasiya coğrafiyasındakı yerini aydın görmək olur:

- Avropada vacib oyunçu kimi qəbul olunur;
- Asiya masasının vazkeçilməz ölkəsidir;
- Və ərəb coğrafiyasının əməkdaşlıqda maraqlı olduğu, böyük əhəmiyyət verdiyi ölkədir;

Ötən ay Prezident İlham Əliyev “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada iştirak etdi. Sammit geosiyasi şərtlərdə Avropa qitəsinin gələcəyini müəyyən etmək məqsədi daşıyırdı və “Köhnə Qitə”nin gələcəyində Azərbaycanın önəmli yeri var, təkcə enerji resursları baxımından yox, həm də etibarlı tərəfdaş olaraq. Sammitin ailə fotosunda Azərbaycan liderinin mərkəzdə dayanması da özündə çox şeyi ehtiva edirdi.

Avropadan qayıdan İlham Əliyev Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında da ön planda yer aldı. Və bu, Azərbaycanın nə qədər əhəmiyyətli və vacib oyunçu olduğunun nümunəsi hesab edilə bilər. Çünki cəbhələşmənin gücləndiyi mövcud dünya şərtlərində Azərbaycan nadir ölkədir ki, bütün cəbhələr onunla işləməkdə maraqlıdır və ən əhəmiyyətlisi odur ki, Prezident İlham Əliyev bütün cəbhələrdə ölkəmizin milli maraqlarının müdafiəsini həyata keçirir.

Avropa və Asiyadan sonra Prezident İlham Əliyev BMT Baş Katibi, Afrika İttifaqının sədri və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə ərəb dünyası üçün əhəmiyyətli olan Ərəb Dövlətləri Liqasının Sammitində iştirak etdi. Bu o deməkdir ki, həm Avropa, həm Asiya, həm də ərəb dünyası Azərbaycanı öz yanında görmək istəyir, çünki İlham Əliyev, faktiki olaraq beynəlxalq güc balansına təsir edə biləcək liderdir.

Prezidentin Əlcəzair səfərində əsas diqqətçəkən məqamlardan biri bu ölkənin Milli Mücahid muzeyini ziyarət etməsi və xatirə kitabında yazdığı ürək sözləri idi: Azərbaycan lideri dünyada kolonial siyasətə qarşı çıxdığını açıq şəkildə qeyd etdi və Əlcəzairdə Fransa kolonializminin qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi.

Prezidentin Sammitdəki çıxışı isə tarixi əhəmiyyət daşıyırdı, həm ədalətin yanında mövqe tutması, həm də verdiyi mesajlar baxımından.

Əsas diqqətçəkən məqam isə Fransa haqda səsləndirdiyi fikirlər idi:

- Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq, gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

- Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.

Prezident bu çıxışı ilə tarixi həqiqətləri dilə gətirdi, eyni zamanda, Azərbaycana qarşı siyasət yürüdən Fransanı əlinin qana batdığı torpaqlardan ifşa etdi.

Fransanın anti-Azərbaycan siyasəti son dövrlər daha açıq xarakter alıb və prezident Makron tərəfindən açıq şəkildə dilə gətirilib. Məlumdur ki, noyabrın 15-də Fransa Senatı Azərbaycan əleyhinə qətnaməni müzakirəyə çıxaracaq və qətnamə layihəsinin qəbul ediləcəyi gözləntiləri var.

Azərbaycan lideri bu proseslər fonunda Əlcəzairdən Fransaya öz qanlı keçmişini xatırlaraq, ifşa etdi. Mesaj belə idi: Fransa Azərbaycanı ittiham etməkdənsə, öz keçmişinə, müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməli, bu xalqlardan üzr istəməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm