Nida Təhlil
Üç-beş... Banqladeş: 90-larda sönmüş “benqal şamları”nı təkrar yandırmağa ümidli olmayın
Bizim dövr jurnalistləri yəqin xatırlayarlar, “Azərbaycan” nəşriyyatında sovet dövründən qalma veteran həmkarlarının nahar dəstgahlarını. Ayın sonuna yaxın pul azalanda atışıb nələrsə alar, naharı otaqlarında elektrik qızdırıcıların üstündə hazırlayardılar. Belə dəstgahların ən arzuolunan personalarından biri cırtdanboy, “Atam –atam” dedikləri idman jurnalisti idi. Deyəsən, əsl adi Akif idi, sovet vaxtı bəzi kütləvi uşaq idman tədbirlərinin (“Dəri top” kimi) təşkilatçısı olduğunu deyirdilər. Deyilənə görə, bacısı hələ sovet dövrü ABŞ-a mühacirət etmişdi, hərdən ona da pul göndərirmiş. 20 dolların orta aylıq əmək haqqına ekvivalent olduğu o illərdə belə yardımlar əvəzsiz idi. Odur ki, “Atam-atam” yaşıdlarından fərqli olaraq çox da maddi sıxıntı çəkməzdi. Nə zaman atışmaq lazım olsa, əlini cibinə salıb böyük məbləği özü ödəyər, sonra “ üç.., beş.., Banqaladeş!” deyərdi. Yəni yox yerdən işimiz düzəldi.
Danışardılar ki bu “üç.. beş.., Banqaladeş” söhbəti 70-ci illərin sonlarından varmış. Bizim cibində siçanlar gəzişən mədəni elitamız dünya siyasi xəritəsində lappadan peyda olmuş coğrafi yeniliyə belə ironik reaksiya vermişdi. O zamanlar Pakistan qərbyönlü sayıldığından, onun ərazisindəki Şərqi Pakistan (benqal) separatizminin uğuruna rəsmi KİV-lər dəstək verir, hindus əsgərlərinin süngüsündə gətirilən müstəqilliyi milli azadlıq hərəkatı kimi öyürdü. Amma Azərbaycanın hətta qəpiyə güllə atan, gününü lənət ilə, qeybət ilə keçirən yazan-pozan əhli də bilirdi ki, Banqladeşin qəfil müstəqilliyində nəsə çatmır, nəsə o deyil, özləri sovet ianəsindən asılı Hindistanın gücünə qazanılan müstəqillik benqal xalqına xoşbəxtlik vəd eləmir.
Əlbəttə ki, sayları 100 milyonlarla olan benqal xalqı müstəqilliyi haqq edirdi və edir, amma bu müstəqillik ona əcaib şəkildə, ölü doğulan uşaq kimi əta edilmişdi.
19-cu əsrdə sonuncu Babur padaşahı II Bahadurun və Maysur hökmdarı Tipu Sultanın Brtianiya müstəmləkəçiliyinə qarşı uğursuz üsyanlarından sonra ingilislər Hindistandakı azadlıq hərəkatlarında müsəlmanların bir daha önə çıxmamasının qayğısına qalmışdılar. O zaman Hind yarımqitəsinin ən çoxsaylı etnosunun- benqalların tədricən önə çıxması ingilis dəstəyi ilə formalaşdırılan hindus millətçilərinin ürəyincə deyildi, benqalların brəhmənistləri olsa da, çoxluq müsəlman idi. Hindistanının azadlığı ilə bağlı ilk kütləvi aksiyaları benqallar keçirmişdilər. Benqal dili yarımqitənin ən çox daşıyıcısı olan diliydi. Hindistanı dünyaya tanıdan ilk böyük ədib- Rabindranat Taqor benqal idi və benqalca yazırdı, Hindistanın dövlət himninin hər iki versiyası da benqal dilindədir-biri Taqorun şeirindəndir, ikincisi digər benqal şairinin qələmindən çıxıb.
Ancaq 19-cu əsrin sonlarından etibarən azadlıq hərəkatında müxtəlif hind etnoslarının qarışığından olan, urdu dilini ədəbi dil kimi mənimsəmiş, əsasən şivaizmə (brəhmənizmdə cərəyan) tapınanlar önə keçir. Onların sanksrit terminləri ilə “təmizlədikləri” urdu dilinin xüsusi versiyası indi “hindi “adı ilə dövlət dilidir. Yeni yaranan Hindistan Milli Konqresində isə bu etnik-dini xəlitə (qarışıq) ilə qucaratdilli zərdüştilər (onlar da özlərini nədənsə pars və əsl iranlı sayırlar) üstünlük təşkil edirdi. Benqalların dini zəmində bölünməsi onları qurulacaq dövlətin aparıcı etnosu kimi özünü təsdiqləməyə imkan vermədi. Etnosun müsəlman çoxluğu digər müsəlman xalqları ilə birgə ayrıca Pakistan dövləti qurulmasında iştirak etmişdilər.
Nəticədə Hindistan həm qərb, həm də şərqdə Pakistanının ortasında qalmışdı. Həm də ölkənin ortalıqda qalmış zolağında yaşayanlar arasında qeyri-müsəlman benqallar və onlara yaxın xalqlar (orissalılar, assamlılar) və müsəlmanların ağır konsentrasiyası vardı. Hindistan bu vəziyyəti öz mövcudluğuna təhdid bildiyindən Şərqi Pakistanda separatizmin güclənməsi üçün mümkün olan hər vasitəyə əl atmışdı. Separatçıların ilk güclü aksiyaları artıq 50-ci illərin əvvəlləri keçirildi. O aksiyalar üçün rəsmi motiv guya benqal dilinin sıxışdırılması idi. İndi bütün dünyada ana dili günü kimi qeyd olunan həmin tarixin arxasında əslində hind kəşfiyyatının Pakistanı bölmək planı vardı. Əvvəllər o haqda ayrı yazı yazdığımdan, detallara varmıram.
70-ci illərdə hind kəşfiyyatının fəaliyyətinə hind, sovet və Çin orduları da açıq dəstək verdi və Mucibur Rəhmanın başçılığı ilə ilk Banqaledeş dövləti quruldu. M.Rəhman sovetləri və Çini sosializm quracağı ilə aldatmışdı, benqalları da Hindistan və Pakistandakı soydaşları bir dövlətdə birləşdirmək vədi ilə. Heç biri olmadı, əksinə bu dəfə də Hindistan tərəfindən ilhaq edilmək təhlükəsi ilə üz -üzə qaldı. Çox keçmədən hərbi çevriliş baş verdi və benqal dövlətçiliyinin banisi sayılacaq M.Rəhman bütün ailə üzvləri ilə bərabər edam edildi. Yalnız xaricdə olan iki qızı canlarını qurtara bilmişdilər.
Nə qədər yeni hökumətlər təşkil olunsa da, ərazisi parçalanmış, etnik arealın yalnız bir hissəsində qurulmuş dövləti sosial iflas girdabından çıxarmaq mümkün olmurdu. Gözlər “benqal dövlətçiliyin banisinin“ xaricdəki varislərinə yönəlmişdi. Rəhmanlar sülaləsinin sönmüş “benqal şamı”nı o qızlardan biri Şeyx Hasina yandıracaqdı. Qonşu Hindistanda Nehru-Qandi sülaləsinin qadın xəttilə davam edən nisbi uğuru benqallarda da müəyyən ümidlər yaratmışdı.
Beləcə, Hasina benqal demokratik hərəkatının ikonasına çevrildi. Nümayişlər o illər gənc və yaraşıqlı olan Hasinanın portretləri altında keçirilir, onun əziz benqal xalqına müraciətləri ilə bitirdi. Qərbdə də ona ümidlər və dəstək vardı. Bu dəstəklə Vətəninə qayıtdı, ilk dəfə qısa müddətdə 90-cı illərdə baş nazir seçildi, sonra 2009-cu ildə. M.Rəhmanın “millətin atası”, “dövlətçiliyin banisi” statusu da bərpa edildi, bütün Banqladeş boyunca heykəlləri yapıldı.
İnsafən Hasinanın ikinci hakimiyyət illəri uğursuz sayılmaz; Banqladeş kimi iqtisadi resursları məhdud ölkədə ÜDM-i 4 dəfəyə qədər yüksəltmək asan iş deyil. Amma nəzərə alın ki, ərazisi Azərbaycandan cəmi 50-60 faiz çox olan dövlətin əhalisi bizdən 20 dəfə çoxdur. Problem etnik ərazinin çox hissəsinin Hindistanda, az qisminin də Myanmada qalmasında, ölkənin dünya iqtisadiyyatına zəif inteqrasiyasında, əhali artımının demoqrafik fəlakət həddində olmasındadır.
Baş verənlər bir xalqın son iki yüzillik faciəsidir - bölünmənin, etnik mövcudluğunu təmin edəcək lebensraumun (yaşayış sahəsinin) parçalanmasının, əvvəl I, sonra II dövlətdə hakim etnosa çevrilə bilməməyin, indi də bir zamanlar sahibi ola biləcəkləri ölkə tərəfindən onların III uğurlu dövlət qurmasının qarşını min bir fitnə ilə alma cəhdlərinin, aldanışların, bir az da dünyanın, o cümlədən özlərini təcrid etdikləri müsəlman dünyasının laqeydliyinin doğurduğu faciə.
İndi hökumətin başına gətirilən Məhəmməd Yunus nəyisə dəyişə biləcəkmi? Çox istərdim, zira Azərbaycanın dostudur, bizdə səfərdə olub, Azərbaycan Prezidenti ilə də görüşüb. Bizdəki hansısa qoçaq QHT-çilər onun kiçik kreditlərlə yoxsulluğu azaltmaq təşəbbüsünü Azərbaycanda tətbiq etmək həvəsinə düşüblər. Yəqin ki, hansısa beynəlxalq donorlardan qrantlar da alıblar. Hansı uğurlara imza atdıqlarını bilmirəm; uğura imza atıblarsa, təşəkkür edək, sadəcə qrant alıb eləcə atıblarsa da, “nuş olsun” deyək.
İnanın ki, demoqrafik fəlakət, üstəlik, qüdrətli qonşunun açıq və gizli davamlı müdaxilələri vəziyyətində olan ölkədə, Vahid demişkən, Həzrəti İsa belə zühur etsə, bir möcüzə yarada bilməz. Fəqət benqallar məhz möcüzə istəyirlər. Ac qılınca çapar; möcüzə olmayanda qisası dünənəcən benqalların atası, dövlətçiliyin banisi hesab etdikləri Rəhmanın ailəsindən, heykəllərindən alırlar. “Benqal şamı” yenə söndürülür. Hədəfə alınan benqal dövlətçiliyidir.
Hərçənd bizdə bu faciəni, bir xalqın, bir dövlətin ölüm-qalım dilemmasını demokratiyanın qələbəsi kimi görmək, bizi də bu kor baxışa inandırmaq istəyənlər var. Doğrudanmı, 90-larda bizdə Lalə Şövkət xanımın “benqal şamı” adlandırdığı bu şəxslər benqalların şamının necə söndü(rüldü)yünü görmürlər? Doğrudanmı, Hasinanın bir zamanlar Qərbin dəstəyilə hakimiyyətə gəldiyini, indiki az-çox iqtisadi inkişafın da Qərbin Hasina rejiminə dəstək məqsədilə bağladığı ticarət sazişlərinin, yardımların sayəsində mümkün olduğunu bilmirlər? Doğrudanmı M.Yunusun Azərbaycanla, təbii ki həm də Azərbaycan hakimiyyəti ilə əlaqələrindən xəbərsizdirlər?
Bir siyasi qüvvənin qələbəsi və ya aşırılması atışıb “üç..., beş, Banqaldeş” deməklə olmur. Belə təşəbbüslər növbəti “benqal şamı”nın sönməsi ilə bitir, adətən. 90-larda sönmüş “benqal şamları”nı təkrar yandırmağa çox da ümidli olmayın.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Hadisə15:10
Əsgərimiz güllə yarasından öldü - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı