Nida Təhlil
Dəli yığıncağı: Qazıyevin xəyanəti, Sadıqlının “şəbihi”, Qasımlının “həqiqəti”
Biri yenidən “vətənpərvər” görünmək eşqinə düşüb, biri qondarma “parlament” yaradıb, sosial şəbəkələrdə teatr çıxarır, o biri “reketçilik” etdiyi üçün saxlanılıb, deyir “həqiqətləri açıqladığına” görə məhkəmə qarşısına çıxarılıb. Sözün gerçək mənasında, dəli yığıncağıdır.
Dahi Cəlilin 100 il öncə “Dəli yığıncağı”nda tənqid etdiyi mövhumatdan, gerilikdən xilas olduq, özünə “müxalifət” deyib ortalıqdan çıxmayan bir qrup “zır dəli”dən qurtula bilmirik. Cəlilin “dəliləri” kimi “gör mən nə yaxşı oynayıram” deyib, bəlkə xaricdəki anti-Azərbaycan qüvvələrin dəstəyini əldə etmək ümidi ilə gündə bir oyun çıxarır, xalqdan dəstək ala bilmədikləri üçün “yiyə” axtarışına çıxırlar.
Hansından başlayaq, hansını deyək, bir deyil, iki deyil...
Şuşa azad edilib, amma “Şuşa getsə, başıma güllə vuracam” deyən, işğal zamanı Şuşadan qaçan Rəhim Qazıyev bir neçə gün öncə Sevinc Osmanqızının efirində peyda olub. O, müdafiə naziri kimi qoyub qaçdığı Şuşanı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyev haqqında məntiqsiz, absurd iddialar irəli sürüb, hətta “Rusiyaya bağlı olmaq”da ittiham edib. Bunlar həqiqətən də “utanmadıqları üçün belə oynaya bilirlər”.
Sual yaranır: Rəhim Qazıyev, Qraçovun qarşısında titrədiyin yadından çıxıbmı?
Sən unuda bilərsən, amma Azərbaycan xalqının yaddaşı korşalmayıb.
Riyaziyyat müəllimi kimi auditoriyadan Meydan hərəkatına daxil olan, daha sonra “Lefortovo”da DTK tərəfindən “verborvka” olunaraq, Bakıya qaytarılan Rəhim Qazıyevin Rusiya agenti olması sirr deyil. Bunu eyni hakimiyyətdə təmsil olunduğu komanda yoldaşları da deyir, tarix də. Qazıyevin missiyası Meydan hərəkatını məqsədindən yayındırmaq və Rusiya xüsusi xidmət orqanlarına məlumatlar çatdırmaq idi. AXC-Müsavat hakimiyyətində müdafiə naziri olanda da Rusiya müdafiə naziri Pavel Qraçovun tapşırıqlarını icra edirdi. “Şuşa getsə, başıma güllə vuracam” deyən Qazıyev 33 il əvvəl verdiyi vədi unudaraq, indi də Şuşanı azad edən Azərbaycan liderinə dil uzatmağa cəhd edir.
Rəhim Qazıyev, Azərbaycan xalqı heç nəyi unutmayıb, sənin bu ölkəyə etdiyin xəyanətləri də, Şuşanı qoyub qaçdığını da, başına vuracağın gülləni də yaxşı xatırlayır.
Məsəl var, “qanmayanın kefidir”. Qazıyev 33 ildir özünü bilməməzliyə, anlamazlığa qoyub, “o küçə sənin, bu küçə mənim” gəzməklə məşğuldur, amma bilmir ki, Şuşanın işğalından sonra qaçdığı güllə belə onun yerinə utanır. Qansaydı, nə vardı ki...
O, ahıl yaşında “oynamağından” əl çəkməyən dəlilərdəndir. Belələrinin xələfləri də az deyil. Avropada oturub, özünü gah ermənilərə, gah cənubdakı mollalara sırımağa çalışan, bir sözlə “yiyə” axtaran Tural Sadıqlının çıxardığı oyun isə sözün əsl mənasında tragikomediyadır.
Deməli, Sadıqlı ötən ilin dekabrında qondarma “xalq parlamenti” qurmağa başladı. Əvvəlcə Azərbaycanda ictimai xadimləri, siyasi partiya sədrlərini, fəalları qondarma ideyasına qoşmağa çalışsa da, ona baş qoşan olmadı. Bundan sonra müxtəlif bölgələrdən sadə, siyasətdən, parlamentdən, qanundan çox da anlamayan insanları “sizi deputat edəcəm” yalanı ilə aldadaraq, onlayn şəkildə qondarma “seçki” keçirdi. Ən çox səsi də özünə verib, özü-özünü təbrik etdi. Qondarma “xalq parlamenti” komediya səhnəciklərindən fərqlənmən ilk iclasından sonra “buraxıldı”. Buna səbəb də T.Sadıqlının etiraf etdiyi kimi, saxtakarlıq olub.
Məlum oldu ki, hər kəs öz qohumunu “namizəd” edir, “namizəd” olan ana “qoy qızım da deputat olsun” davası aparır, biri qardaşını, digəri yeznəsini irəli çəkir, hətta yataq xəstəsi olanları belə özlərinin xəbəri olmadan “namizəd” kimi siyahıya daxil edirlərmiş. Onlayn qaydada aparılan səsvermə proqramına isə “namizədlərdən” biri – AXCP-yə yaxınlığı ilə tanınan “söyüş müxalifət”inin üzvü Abid Qafarov nəzarət edirmiş, istədiyi adamın səsini çoxaldır, istədiyini azaldır, bir sözlə Azərbaycana qarşı “saxtakarlıq” ittihamı irəli sürənlərin özləri ən böyük saxtakarlığı edib. Qondarma “parlamentin” ilk iclasında da real vəziyyət ortaya çıxdı və bu qondarma ideya doğulmadan dəfn edildi.
Və gözlənildiyi kimi, “dəlilərin davası” başlandı. Tural Sadıqlı Abid Qafarovu ittiham edir, ikinci də birincini “namizəd”lərdən birinin ölümünə səbəb olmaqda günahlandırır. Ortada həqiqətən də ölüm faktı var. A.Qafarovun sözlərinə görə, qondarma “parlament” layihəsinə qoşulan Leyla Məmmədova adlı şəxs onlayn “toplantıda” üzünü göstərməmək üçün kamerasını açmayıb. T.Sadıqlı isə onu kamerasını məcbur açıb və L.Məmmədova insult keçirərək, yerə yıxılıb, bir gün sonra xəstəxanada vəfat edib.
Həqiqətən də tragikomediyadır. Avropada oturub, xalqı aldadan T.Sadıqlı qondarma “xalq parlamenti” adı altında komediya çıxarır, həm də bir insanın ölümünə səbəb olmaqla faciə yaradır.
Bütün bunların – çıxardıqları komediyanın, yaxud səbəb olduqları faciənin “söyüş müxalifəti” üçün önəmi yoxdur. Onlar sırf Avropada qala bilmək və Azərbaycana qarşı olan qüvvələrin diqqət mərkəzinə düşmək, maliyyə əldə etmək naminə hər oyunu oynamağa hazırdırlar, hətta “şəbih” belə çıxarmağa da. Çünki göz dikdikləri qapı təkcə Avropa paytaxtlarında deyil, həm də cənubdadır. Tural Sadıqlının İrandakı “əyalət mollaları”na da işlədiyini bəlli idi, o, Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktı zamanı bunu açıq şəkildə nümayiş etdirdi. Lakin Ameli kimi “əyalət mollaları”ının əlinə baxan təkcə Sadıqlı yox, Avropadakı “söyüş müxalifəti”nin hamısıdır.
Avropanın müxtəlif şəhərlərində Azərbaycan dövlətinə qarşı keçirilən mitinqlərdə İrandakı “əyalət mollaları”nın əlindən öpən Taleh Bağırzadənin dəstəsi ilə birlikdə hərəkət edirdirlər, lakin həmişə bundan boyun qaçırmağa çalışıblar, çünki həm Qərb ölkələrində yaşayıb, həm də Qərblə qarşıdurmada olan İranla işlədiklərini göstərmək onlar üçün riskli idi. Əfqan Muxtarlının son paylaşımı isə “söyüş müxalifəti”nin İranın dini-klerikal dairələrinə bağlı “Müsəlman Birliyi Hərəkatı” ilə əməkdaşlığını təsdiqlədi. Ə.Muxtarlı və özlərini liberal-demokrat kimi göstərməyə çalışan “söyüş müxalifəti”nin üzvləri Berlində MBH üzvləri ilə birlikdə hərəkatın yaranmasının 10 illiyini qeyd ediblər.
Hər şey çılpaqlığı ilə ortadadır. Avropadan İrana uzanan coğrafiyada Azərbaycana qarşı olan qüvvələr birlikdə hərəkət edir, gah demokrat, gah liberal, gah dindar olur, lazım olanda “şəbih” belə çıxarırlar.
Bu “şəbih” fonunda ölkə daxilinə boylanır, siyasi düşərgəyə nəzər salırsan. Və görürsən ki, “liberalı” da, “demokratı” da eyni “yığıncağın” üzvləridir. Necə deyərlər, Əlisi də dəli, Vəlisi də dəli, Azəri də. Azər Qasımlını deyirəm. Adam Cinayət Məcəlləsinin 182.2.3 maddəsi üzrə (hədə-qorxu ilə tələb etmə - zor tətbiq etməklə törədildikdə) həbs edilib, iddia edir ki, “xeyr, məni həqiqəti dediyimə görə tutublar”. Hansı həqiqəti? 2020-ci ildə parlament seçkiləri zamanı “Hərəkət” seçki blokunda birgə təmsil olunduğun Qurbanəli Yusibova qarşı hədə-qorxu və zor tətbiq etməyinimi deyir?
A.Qasımlının vəkili Aqil Layıc da təsdiq edir ki, məsələ heç də iddia olunduğu kimi, “həqiqəti” demək, yaxud siyasi deyil, birbaşa şəxsi qarşıdurmadan qaynaqlanır.
“Azər Qasımlı alacağına görə iddia qaldırıb və xeyrinə məhkəmə qətnaməsi çıxmışdır ki, pul Azər Qasımlıya ödənilsin. İndi bu qətnamədə qeyd olunan cavabdeh iddia edir ki, Azər Qasımlı ona hədə gəlməklə, zor tətbiq etməklə pul tələb edib”, - vəkili bildirir.
Buradan aydın olur ki, Q.Yusibovla A.Qasımlı arasındakı qarşıdurma alacaq-verəcək davasıdır və ikincinin həbsi də birincinin şikayəti ilə olub. Söhbət 41 min dollardan gedir. Bu pulun kimə məxsus olduğu və Q.Yusibovun hansı zorakılığa məruz qaldığını məhkəmə aydınlaşdıracaq. Amma bir məsələ artıq aydındır ki, A.Qasımlı da yalan danışır. Bəs, bunlar özlərini “həqiqətin” carçısı adlandırırdılar?
Və bir daha aydın olur ki, son 33 ildə dünya da, Azərbaycan da çox dəyişib, inkişaf edib, amma bunlar – 33 il öncə hakimiyyət uğrunda torpaqların düşmən tərəfindən işğalına səbəb olanlar və onların xələfləri dəyişməyib, hətta “modern” adlandırdıqları, həsrətində olduqları Avropa paytaxtlarında yaşasalar da. Toplananlar dəyişsə də, mahiyyət eynidir.
Dahi Cəlilin 100 il öncəki “dəli yığıncağı”ndan çox da fərqənmirlər. Burda yalnız bir söz qalır, Cəlilin 100 il öncə dəlilərə dediyini: İtilin cəhənnəmə burdan!
Publika.az
-
İqtisadi gündəm16:42
Fevral ayından minimum pensiyalar bu qədər olacaq
-
Dünya15:32
“Ümid edirəm ki, Putin məni çox danlamaz" - Lavrov görün hansı sirri açıqladı
-
İdman13:39
Juninyonun həyat yoldaşından vida paylaşımı: Gözəl hekayə idi - VİDEO
-
Nəqliyyat13:00
Ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş etdi - Yeniləndi
-
Region11:47
Paşinyanın sabiq müttəfiqindən sensasion iddia: Nikol tezliklə istefa verəcək və ölkədə.. - VİDEO
-
Nəqliyyat10:50
Avtomobillər kəskin bahalaşdı: İlin sonunadək...
-
Maraq dünyası09:54
2025 rəqəminin unikallığı: Alimlər açıqladı - Bizi nə gözləyir?
-
ABŞ09:19
Trampın qorxulu ssenarisi reallaşır: qanun layihəsi təqdim edildi, İŞĞAL EDƏCƏKLƏR