Əbülfəs Qarayev islahatlar ANONSU VERDİ
Bizi izləyin

Nida Xəbər

Əbülfəs Qarayev islahatlar ANONSU VERDİ

“İndi ölkəmizə gələn xarici turistlərin də sayı artmaqdadır. Paytaxt Bakı ilə yanaşı regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır”.

Publika.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.

Nazir bildirib ki, bölgələrdə həm yerli, həm də xarici turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır. Onun sözlərinə görə, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində atılan addımlar davam etdirilir:

“Xidmət səviyyəsinin yüksəldilməsi üçün isə təşkil olunan treninqlərin, kursların sayı da çoxaldılmalıdır. İnsanların turizm obyektlərində rahat və mənalı istirahətinin təşkili işinə xüsusi diqqət yetirilməlidir. Regional mədəniyyət və turizm idarələri bu işlərdə yaxından iştirak etməli, turizm məkanlarında, açıq havada təşkil olunan konsertlərin, sərgilərin sayı daha da artırılmalıdır”.

Əbülfəs Qarayev vurğulayıb ki, bütün regional mədəniyyət və turizm idarələrinin nəzdində turizm informasiya mərkəzləri yaradılmalı və Bakı Turizm İnformasiya Mərkəzi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

“Regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliğində aktiv iştirak edirlər. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha çox cəlb olunmalıdır”.

Nazir regionlarda kitabxana işinin günün müasir tələbləri səviyyəsində qurulması, maarifləndirmə işlərinin həyata keçirilməsi ilə bağlı işlərdən də bəhs edib.

Regional idarələrin işinin təşkili istiqamətində islahatların davam etdiriləcəyini deyən nazir əlavə edib ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.

Müşavirədə bildirilib ki, musiqi məktəblərində də islahatlar aparılacaq, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm