• USD 1,7000 0,00% EUR 1,9921 +0,24%
    • GBP 2,2519 +0,02% RUB 0,0273 +0,37%

Azərbaycan və Latviya Ədliyyə nazirlikləri memorandum imzaladı

Azərbaycan və Latviya Ədliyyə nazirlikləri memorandum imzaladı

Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 13-15-də nümayəndə heyəti ilə Latviyada səfərdə olub. Səfər çərçivəsində Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ilə keçirilmiş görüşdə ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu qeyd olunaraq, cari ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri zamanı iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və digər mühüm sənədlərin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük təkan verdiyi vurğulanıb.

Həmçinin, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə fikir və təcrübə mübadiləsi aparılıb, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə maraq göstərilərək, latviyalı nazir yaxın zamanda Azərbaycana səfər etmək niyyətini bildirib.

Sonra nazirliklər arasında məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, probasiya, ədliyyə işçilərinin və hakimlərin tədrisi, məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Nazirlər mərasimdə çıxış edərək bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edərək, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycanın ədliyyə naziri və Latviya Seyminin sədri İnara Murnietse arasında işçi görüş olub. Xanım İ.Murnietse Azərbaycana səfərini məmnunluqla xatırladıb, iki ölkə arasında əlaqələrin dinamik inkişafını qeyd edib, parlamentlərarası əlaqələri təqdir edib. Həmçinin, hazırkı səfərin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Tədbirdə Latviya Seyminin Komitə sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədr müavini Roman Naudinş iştirak edib.

Səfər zamanı Latviyanın Ali Məhkəməsinin sədri İvars Biçkoviçs ilə görüş keçirilərək ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ölkəmizdə müstəqil məhkəmə özünüidarə orqanı və bu sahədə geniş səlahiyyətlərə malik olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə maraq göstərilib.

Eyni zamanda, Latviyanın ən böyük məhkəməsi olan və apellyasiya instansiyası kimi fəaliyyət göstərən Riqa Regional Məhkəməsində olaraq onun işi və müasir texnologiyaların tətbiqi ilə tanış olunub, qurumun rəhbərliyi və hakimlər ilə görüş keçirilərək məhkəmə islahatlarına dair faydalı danışıqlar aparılıb.

Azərbaycanda penitensiar sistemin təkmilləşdirilməsi, Probasiya Xidmətinin yaradılması üzrə tədbirlərin həyata keçirildiyi nəzərə alınaraq Latviyanın Dövlət Probasiya Xidmətinin rəhbəri Mixail Papsueviç ilə ayrıca görüş keçirilib, probasiya institutunun tətbiqi və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb, elektron nəzarət sistemi, xüsusilə "elektron qolbaq"ın tətbiqi ilə əyani tanış olunub, eyni zamanda Elektron Monitorinq Mərkəzinə baş çəkilərək fəaliyyəti ilə maraqlanılıb.

Nümayəndə heyəti, həmçinin yeni inşa olunmuş Oleyne ixtisaslaşdırılmış penitensiar müəssisəsinə baş çəkərək qurumun fəaliyyəti, məhkumların saxlanma şəraiti, onlara tibbi, psixoloji yardımın göstərilməsi və bu sahədə tətbiq olunan yeni üsullarla tanış olub, faydalı təcrübə mübadiləsi aparılıb.

Bütün görüşlərdə həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmaqla, münaqişəyə və Xocalı soyqırımına dair əyani vəsaitlər və broşürlər təqdim edilib. Latviya tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdar olduğunu, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini bildirib. Tədbirlərdə ölkəmizin Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>