Aydın Əliyev Sumiya Şibasaki ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Aydın Əliyev Sumiya Şibasaki ilə görüşdü

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktorunun müavini Sumiya Şibasakinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori da iştirak edib.

Nümayəndə heyətini səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edib, bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Komitə sədri Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı səmərəli əlaqələrindən, bu qurumun Baş katibi Kunio Mikuriyanın Azərbaycana səfərlərindən və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən məmnunluqla söhbət açıb və gələcəkdə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Aydın Əliyev Yaponiya gömrüyünün kadrların potensialının artırılması istiqamətində Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, artıq dörd nəfər gömrük əməkdaşının Yaponiyada təhsil aldığını və həmin şəxslərin gömrük orqanlarında mühüm vəzifələr tutduğunu diqqətə çatdırıb.

Azərbaycanda əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan bəhs edən Aydın Əliyev iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. Ölkədə istehsal məqsədilə həyata keçirilən layihələrin 7 il müddətinə vergilərdən azad olunduğunu diqqətə çatdıran Aydın Əliyev yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da Azərbaycana investisiya yatıracağına, irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əmin olduğunu bildirib.

qəbula görə təşəkkür edən Yaponiya Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun baş direktorunun müavini Sumiya Şibasaki iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və gələcəkdə daha da möhkəmlənəcəyini, öz növbəsində, hər iki ölkənin gömrük orqanlarının da əlaqələrin səmərəli şəkildə inkişafına töhfələrini verəcəyini bildirib. Görüşdə bu il mayın 2-4 tarixlərində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik assambleya və konfransı, iyul ayında keçiriləcək “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda III Beynəlxalq Tələbə Konfransı barədə də fikir mübadiləsi aparılıb. Azərbaycan Gömrük Xidmətinin son illər gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə və bu tədbirlərin önəminə toxunan Sumiya Şibasaki, o cümlədən beynəlxalq tələbə konfransının gənc gömrükçülər arasında əlaqələrin qurulması və inkişafı baxımından faydalı olduğunu və bu tədbiri yüksək qiymətləndirdiklərini bildirib. Eyni zamanda, görüşdə bu il Ümumdünya Gömrük Təşkilatında keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm