"Azərbaycanı Suriyaya çevirmək istəyənlər arzularına çatmayacaqlar” - KİV nümayəndələri
Bizi izləyin

Nida Xəbər

"Azərbaycanı Suriyaya çevirmək istəyənlər arzularına çatmayacaqlar” - KİV nümayəndələri

İyulun 10-da axşam saatlarında dini yönümlü bir qrup radikal şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qeyri-qanuni şəkildə aksiya keçirib. Aksiyanın qarşısını almağa çalışan iki nəfər polis işçisi öz xidməti vəzifəsini icra edərkən şəhid olublar. Onlardan biri Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev, digəri isə Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur. Gəncədə dərin hörmətlə anılan polis işçilərinin şəhid olmasına ölkənin tanınmış şəxsləri biganə qala bilməyib.

Bir qrup ziyalılarımız, jurnalistlər və digər nüfuzlu şəxslərin Gəncə olayları haqqında öz fikirlərini paylaşıblar.

Publika.az Gəncə hadisələri haqqında yazılan fikirlərdən bəzilərini təqdim edir:

Palitra qəzetinin müxbiri Tural Tağıyev deyir ki, Azərbaycan xalqı artıq bir dəfə ciddi sınaqlardan üzü ağ çıxıb, bu dəfə də fürsətçilərə imkan verməyəcək:

Terror - silahlı saldırı ilə münasibət aydınlaşdırmaq olmaz. Gəncədə baş verən olayları bütün cəmiyyət qınayır və mən də bu arzuolunmaz olayı pisləyirəm. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini qorumağa qadirdir, bundan sonra da belə məsələlərə radikal yanaşanlara qarşı sərt tədbir görüləcəyinə əminəm. İctimai asayişin pozulması, radikal insanların polisə, ümumilikdə insanlara qarşı güc tətbiq etməsi xalq tərəfindən pislənilir, bunu sosial şəbəkələrdə gedən müzakirələrdən də görmək olar. Ölkədəki ictimai-siyasi sabitliyi pozmağa yönələn addımlar hələ Nardaran hadisələri zamanı qətiyyətlə alındı, bu hadisələrdən istifadə edən fürsətçillərə qarşı isə tədbirlər görüldü. Düşünürəm ki, indiki olaylardan da siyasi divident qazanmaq istəyənlər az deyil və üstəgəl bu olaylara müxtəlif don geyindirib cəmiyyətə fərqli formada təqdim etmək istəyən qüvvələr aktivləşiblər. Bu xalq, bu ölkə artıq bir dəfə ciddi sınaqlardan üzüağ çıxıb, 90-cı illərdə xaos və bu kimi olaylara şahidlik edib. Bundan sorna belə olayların təkrarlanmamasını istərdim və düşünürəm ki, iki polis zabitinin ölümünə səbəb olan bu hadisədə iştirak edənlər, qətldə əli olanlar cavab verməlidirlər və onlara ən ağır cəza kəsilməlidir”.

Kaspi qəzetinin müxbiri Rufik İsmayılov da Gəncədə baş verən hadisələrin Azərbaycan dövlətinə qarşı hesablanmış terror aktı olduğunu deyir:

“Gəncədə təxribatçı qüvvələr tərəfindən təşkil olunan iğtişaş, icra hakimiyyəti başçısına qarşı sui-qəsd, ardınca iki polisin şəhid olması dövlətə və dövlətçiliyə, Azərbaycanın Konstitusiya quruluşuna qarşı törədilən terror aktıdır. Birmənalı olaraq bu terroru pisləyir, bunun törədilməsində alət rolunu oynayan "özümüzünküləri" şiddətlə qınayıram. Azərbaycan hüquqi dövlətdir, müstəqil siyasət yürüdən, dünyəvi, demokratik prinsiplərə sadiq ölkədir. İnkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövləti sayılan bu məmləkətdə demokratik prinsiplərin göstəricilərindən sayılan söz-fikir, mətbuat, din-vicdan, etiqad və sərbəst toplaşma azadlıqları təmin olunur. Hər kəsin əlində smartfon, dizinin üstündə və ya qarşısında kompüter, birbaşa internetə çıxış imkanı var. Bu səbəbdən hər bir azərbaycanlı qanunazidd olmadığı halda istədiyi fikri, düşüncəni sərbəst şəkildə ictimailəşdirə, yaya bilir.

Azərbaycan dövlətinin, hakimiyyətin, Konstitusiyanın yaratdığı imkanlardan sui-istifadə etmək, demokratiyanı, azadlığı özbaşınalıq kimi qəbul etmək və fəaliyyətini məhz bu şəkildə qurmaq yolverilməzdir. Xüsusən də ölkənin konstitusion quruluşuna qarşı çıxmaq, ölkə daxilində gərginlik yaratmaq məqsədilə təxribatlara əl atmaq, insanları tabesizliyə, cinayət törətməyə səsləmək, Azərbaycan polisinə müqavimət göstərmək, onu qətlə yetirmək olmaz! Bu, cinayət əməlidir və bu əmələ yol verən hər bir kəs qanunla müəyyən edilmiş şəkildə cəzasını almalıdır! Media mənsubu olaraq hər zaman Azərbaycan xalqının, dövlətinin və dövlətçiliyinin yanındayıq! Azərbaycanı Suriyaya, Misirə, Liviyaya, İraqa çevirmək istəyənlər, burada teokrat bir quruluş yaratmaq istəyənlər heç zaman arzularına çatmayacaqlar!”.

Tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev də hadisələrə biganə qala bilməyib. O bildirib ki, bu gün Azərbaycan polisinə qalxan əllər sabah hər bir vətəndaşın da üzərinə qalxacaq:

“Gəncədə iki polisimiz qətl edilib. Bu gün polisə qalxan o qatil əl sabah müəllimə, alimə, həkimə, hərbçiyə, fəhləyə, dindara, ateistə, uşağa və ən qorxulusu Bayrağımıza qalxa bilər. Bu əlləri vaxtında kəsmək lazımdır, bu əlləri qollarından qopartmaq lazımdır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli təxribata səbəb olan şəxslərin tez bir zamanda saxlanılacağına və məsuliyyətə cəlb olunacağına inandığını deyib:

"Vətənimizi qana sürükləyən bir ovuc xain inanıram ki, tezliklə layiqli cəzasını alacaq!”

Jurnalist Əli Zülfüqaroğlu hesab edir ki, son zamanlar Mingəçevir İES-də baş verən qəza da incəliyinə qədər hesablanmış təxribatın bir hissəsdir:

“Diqqət etsəniz bölgədə gedən proseslər Azərbaycanın maraqlarına uyğun şəkildə cərəyan edir. Məsələn, Günnüt əməliyyatını buna misal göstərə bilərik. Bu əməliyyatla Azərbaycan işğalda olan 11 min hektar torpağını azad etdi. Görünən odur ki, bütün bunlar kimlərisə ciddi surətdə narahat edir. Fikrimcə, Mingəçevir İES-dəki qəza incəliyinə qədər hesablanmış təxribat idi. Yəni, təsəvvür edin, sabaha rekord isti proqnoz verilir və həmin günün axşam saatlarında da respublikada işıqlar sönür. Bu təxribatın digər sahələrə də təsir edəcəyi bəlli idi.

Bəs məqsəd nədir? Təbii ki, ölkədə xaotik durum yaratmaq. Lakin hər şeyə rəğmən xalqı dövlətə qarşı qaldıra, xaosa sürükləməyə nail ola bilmədilər. Xalq təmkinli davrandı və proseslər bir-bir qaydasına salındı. Bundan sonra isə B planı işə düşdü. Yəni prosesləri bölgələrdən başlatmaq. Dini motivdən yararlanaraq iğtişaşlara start vermək. İlk öncə Gəncənin icra başçısı güllələndi. Seçilən məkanın özü də təsadüfi deyil. Gəncə Azərbaycanın tarixi paytaxtı, ikinci böyük şəhəridir. Tarixən dövlətçilik mərkəzi kimi tanınıb.

Bir sözlə baş verən proseslər bir mərkəzdən idarə olunur. Məqsəd ölkəni xaosa sürükləmək, dövlətçiliyimizə zərbə vurmaqdır”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm