100 yaşlı qəzetin 29 000-ci sayı
Bizi izləyin

Nida Xəbər

100 yaşlı qəzetin 29 000-ci sayı

“Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.
Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır.
Heydər ƏLİYEV
Ümummilli lider
25 avqust 1994-cü il


Azərbaycanın davamlı olaraq işıq üzü görən ən uzunömürlü ictimai-siyasi nəşri olan “Xalq qəzeti”nin (1991-ci ilin 27 avqustunadək 72 il “Kommunist” adı ilə nəşr olunmuşdur) yaşının 1 əsrə çatdığı 2019-cu ilin 5 fevralında redaksiyanın tarixinə daha bir diqqətçəkən hadisə yazılır. Bu gün bu qocaman qəzet dəyərli oxucularının görüşünə 29 000-ci sayı ilə gəlib. 100 il yaşamaq və 29 min sayını ərsəyə gətirmək Azərbaycan milli mətbuatının tarixində ikinci bir dövri nəşrə nəsib olmamışdır.

Anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabi 2 il 2 ayda böyük fədakarlıkla “Əkinçi”nin cəmi 56 nömrəsini çıxara bilmişdi. Ölkəmizdə ilk milli qəzetimiz sayılan “Əkinçi”dən 44 il sonra birinci sayı işıq üzü görən “Kommunist” Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat üçün yaratdığı demokratik şəraitdə türk-müsəlman sosial-demokratların orqanı kimi nəşrə başlamış və ilk nömrəsindən (29 avqust 1919-cu il) sonra fəaliyyəti dayandırılmışdır. Bolşeviklərin hakimiyyəti ələ almasından sonra qəzet 1920-ci il aprelin 30-dan nəşrini davam etdirmişdir.

Yeni kommunist rəhbərlik yerli idarəçilikdə hər şeyin hazırına sahibləndiyi kimi, baş informasiya-təbliğat ruporu olan gündəlik rəsmi qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin nəşr etdiyi ilk dövlət nəşrimiz olan “Azərbaycan” qəzetinin redaksiyasında və onun yaradıcı kollektivinin iştirakı ilə, (yalnız qəzetin redaktoru işdən kənarlaşdırmışdı), lakin öz ­ideologiyasının ad və məzmununda – “Kommunist” adı ilə buraxmağa başlamışdı.

Göründüyü kimi, “Kommunist” qəzeti gündəlik ictimai-siyasi nəşr kimi ardıcıl olaraq 1920-ci il aprelin 30-dan buraxılsa da, onun 10 illiyinin qeyd olunması üçün tarix müəyyən edilərkən ilk nömrəsinin buraxıldığı 1919-cu il əsas götürülmüşdür.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə ilk respublika qurumu və təsisatlarının həqiqi yaranma tarixinin Azərbaycan Xalq Cümhuriyyəti dövründən hesablanması ilə ədalət öz yerini tutdu. Bu mənada sovet hakimiyyəti dövründə 71 il “Kommunist” adı ilə çıxan respublikanın avanqard nəşri “Xalq qəzeti” ilk rəsmi dövri nəşr olmuş “Azərbaycan”ın real hüquqi varisi olmuşdur.

Kommunist Partiyasının süqutundan sonra və müstəqilliyimizin ilk günlərindən istiqlal məfkurəmizi, azərbaycançılıq ideologiyasını fəaliyyətinin başlıca istiqaməti seçən redaksiya kollektivi “Xalq qəzeti”nin nəşrini rəsmi ictimai-siyasi, eyni zamanda ümumxalq qəzeti kimi davam etdirmişdir. 1994-cü ilin avqustunda qəzetin 75 yaşı tamam olanda ümummilli lider Heydər Əliyevin redaksiya kollektivinə göndərdiyi təbrik məktubu “Xalq qəzeti”nin XX əsrdə Azərbaycan cəmiyyətində, eləcə də milli mətbuatımızın tarixində tutduğu layiqli mövqeyə verilən ədalətli rəsmi dəyər olaraq onun sonrakı fəaliyyətini stimullaşdırmışdır. Təbrik məktubunda deyilir:

“Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.

Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişdir.

Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədalətli mübarizə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.

Ulu öndərin mötəbər qiymətindən də göründüyü kimi, “Xalq qəzeti” sovet dövründə də xalqımızın milli maraqlarına, tərəqqisinə mümkün olduğu qədər çıraq tutmuş, torpaqlarımızın bütövlüyü yolunda ümumxalq hərəkatı dövründə və müstəqillik uğrunda mübarizə dönəmində xalqla bir yerdə olmuşdur.

Bu gün qəzetin 29 mininci sayının işıq üzü gördüyü tarixi mərhələdən baxanda görürük ki, hakim kommunist rejiminin ilk günlərdən başlayan, sonrakı dövrlərdə də müxtəlif forma və üsullarla davam etmiş basqı və qadağalarına baxmayaraq, milli demokratik mətbuatımızın qəzetdə çalışmış yetirmələri, jurnalistikamızın sonrakı nəsil davamçıları anadilli demoktatik qəzetçilik təcrübəsinin, milli dövlətçilik yaddaşının qorunması ilə bağlı səylərini “Kommunist” qəzetinin fəaliyyətində davam etdirmək üçün fədakarlıq göstərmişlər.

Xəlqi mövqedə dayanan bəzi kommunistlər də qəzetin fəaliyyətində milli təmayülün qorunub saxlanmasına çalışmışlar. 1920 – 1921-ci illərdə Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edən kommunist komissar Həmid Sultanov 1922-ci il martın 2-də “Kommunist” qəzetində Azərbaycanın sərvətlərinin Rusiyaya daşınıb aparılması və əvvəllər bunun müqabilində Bakıya ərzaq adı altında qapılarına plomb vurulmuş boş vaqonlar gətirilməsi barədə yazı çap etdirmişdir. Martın 3-də həmin məqaləyə görə, Həmid Sultanov Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun xüsusi iclasında vəzifədən azad edilərək həbs olunmuşdur. Keçmiş müsavatçı-publisist Mirzəbala Məmmədzadə isə qəzetin bir neçə nömrəsində ali təhsilin milliləşdirilməsi barədə məqalələrlə çıxış etmişdir.

Təəssüf ki, “Kommunist” qəzetinin bu milli təmayülünü Moskvadan Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə yerləşdirilmiş Sergey Kirov, Levon Mirzoyan kimi yad və düşmən ünsürlər, Əliheydər Qarayev kimi milli hisslərdən məhrum yerli rəhbər kadrlar daim qamçılamış, redaksiya kollektivini hədə və təhdid altında saxlamış, milli jurnalistləri müxtəlif yollarla sıradan çıxarmışlar. “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə yüksək səviyyədə ciddi tədbirlər görülmüşdür.

O dövrdə redaksiyada çalışan milli varlığımıza bağlı ziyalılar qəzetin milli-xəlqi istiqamətini qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə etmişlər. Təəssüf ki, 1922-ci ildə SSRİ yaradıldıqdan və Nəriman Nərimanov Moskvaya SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsinə aparıldıqdan sonra qəzetin nisbi sərbəstliyinə də son qoyulmuş, redaksiya yuxarının direktivləri və sərt nəzarəti altında fəaliyyət göstərməli olmuşdur.

1924-cü ilin aprelində Mərkəzi Komitənin ikinci katibi Əyyub Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə dair” məqalə ilə çıxış edərək partiyanın milli siyasətini ciddi tənqid etmiş, milli kadrların hazırlanmasının qarşısının alındığını, yerli kadrların vəzifəyə təyinatında ayrı-seçkiliyə yol verildiyini bildirmişdir. Məqalə Bakı Şəhər Partiya Komitəsinin növbəti konfransında müzakirə edilmiş, müəllif ciddi cəzalandırılmış və Əliheydər Qarayevə tapşırılmışdır ki, “Kommunist” qəzetində kök salmış “millətçilər, sovet hakimiyyətinin düşmənləri” aşkar edilərək ifşa olunsunlar.

Nəticədə, görkəmli ziyalılarımız – Əbdürrəhim bəy Haqverdiyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kirmanşahlı kimi qələm sahibləri kommunist maskası taxmış düşmənlərin təhriki ilə redaksiyadan getmişlər. Qəzetə redaktorluq etmiş Ruhulla Axundov, Həbib Cəbiyev, ­Böyükağa Talıblı, Ağababa Yusifzadə, hətta Əliheydər Qarayevin özü, tanınmış yazarlar Xəlil İbrahim, Fərhad Ağazadə, redaksiya ilə əməkdaşlıq edən neçə-neçə tanınmış yazıçı, şair millətçi damğası ilə sonrakı illərdə və repressiya dövründə qətlə yetirilmişlər.

Bütün bunlara baxmayaraq, “Kommunist” qəzeti 1920–30-cu illərdə həyata keçirilən mədəni inqilab, sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi proqramlarına Azərbaycanda ideya-siyasi təminat yaradılmasında, adamların quruculuq işlərinə səfərbər edilməsində fəal rol oynamışdır. Savadsızlığın ləğvi, qadın azadlığı kimi hərəkatlarda da “Kommunist” qəzeti kütlələrə dəyişdirici və səfərbəredici təsir göstərmişdir.

Qəzet əlifba islahatının həyata keçirilməsində, Şərq xalqlarının və Türkoloji qurultayların təşkilində informasiya-təbliğat ruporu olmuşdur. Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı illərdə “Kommunist” qəzetinin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz olmuşdur. Qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbinə çevrilmişdir.

Ümumiyyətlə, uzun onilliklər boyu “Kommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilmişdir. Qəzetin fəaliyyəti ilə sıx bağlı olan Üzeyir Hacıbəyli, Mir Cəlal, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Nəsir İmanquliyev, İlyas Əfəndiyev, Nəbi Xəzri, Yusif Səmədoğlu kimi görkəmli ziyalılar uzun illər qəzetdə dərc olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşatmış, onun sağlam yöndə inkişafına ciddi təsir göstərmişlər. Bu avanqard gündəlik rəsmi qəzetin ideya-siyasi və peşəkarlıq səviyyəsi respublikanın bütün dövri nəşrləri üçün örnək kimi qəbul edilmişdir. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın ümumi tarixinə önəmli fakt və hadisələr kimi daxil olmuşdur.

Müasir qəzetçilik üslubu, əsasən, “Kommunist” qəzetinin səhifələrində cilalanmış, ədəbi dilimiz bu nəşrin fəaliyyətində xeyli zənginləşmişdir. Bütün Şərqdə ərəb əlifbasından istifadə edən ölkələr arasında ilk sətri mətnyığan linotip maşın ­1925-ci ildə ABŞ-da “Kommunist” qəzetinin sifarişi ilə hazırlanmışdır. Yaponiya kommunistlərinin lideri Sen Katayama o dövrdə SSRİ-yə səfəri zamanı Bakıya gələrkən redaksiyada olmuş və sonralar qəzetə xaricdən ictimai əsaslarla müxbirlik etmişdir. Qəzetin Böyük Britaniya üzrə müxbiri, Britaniya parlamentinin üzvü Valton Nyubold redaksiyaya vaxtaşırı maraqlı məqalələr göndərmişdir.

Mətbuat sahəsində çalışan məşhur tərcüməçilər uzun illər “Kommunist” qəzetində formalaşmışlar. Azərbaycanda fəhlə-kəndli müxbirlər hərəkatının və professional jurnalist təhsilinin əsasını qoyanların bir qismi də “Kommunist”in təcrübəli işçiləri olmuşlar.

Redaksiyada çalışan və onunla əməkdaşlıq edən milli jurnalistikamızın sonrakı nəsil istedadlı nümayəndələri, tanınmış ziyalılar II Dünya müharibəsi illərində və sonrakı onilliklərdə aktual çıxışları ilə qəzeti xalq həyatı ilə yaxınlaşdıraraq onun nüfuzunu yüksəltmişlər. Əli Vəliyev, Rza Quliyev, İsrafil Nəzərov, Xasay Vəzirov, Ağababa Rzayev, Rəşid Mahmudov, Ramiz Əhmədov, Cəmil Əlibəyov, Tofiq Rüstəmov kimi yetkin redaktorların rəhbərliyi ilə milli mətbuatımızın dəyərli ənənələri bu qəzetin səhifələrində yaşadılmış, zənginləşdirilmişdir.

Bu gərgin yaradıcılıq yolunun davamında 1950–1960-cı illərdə qəzetin səhifələrində milli təmayül yenidən güclənmişdir. Rəsmi dövlət nəşri olaraq qəzetin professionallığı dünya jurnalistikasının yaradıcılıq və texniki uğurlarını mənimsəməklə daim yüksəlmişdir. Mövzu genişliyi, janr əlvanlığı, operativlik, coğrafi əhatə dairəsi “Kommunist”i ölkənin lider qəzeti kimi populyarlaşdırmışdır. Qəzetin ana dilimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi və varisliyi əsas götürməsi onu mükəmməl bir məktəbə çevirmişdir.

Qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirib, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının lokomotivi rolunu oynayıb desək, həqiqəti etiraf etmiş olarıq. Redaksiyanın divarları arasında çağdaş jurnalistikamız üçün də gərəkli olan təcrübə və yaradıcılıq ənənələri formalaşmışdır.

Sovet dövründə Azərbaycanın “bir nömrəli dövri nəşri” sayılan “Kommunist”in yubileyləri “milli mətbuatımızın böyük hadisəsi”, “xalq tribunasının bayramı” kimi qeyd olunmuşdur. Qəzetin 1969-cu il sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Dram Teatrının binasında keçirilmiş 50 illik yubiley mərasimində sovet dövlətinin yüksək mükafatlarından olan “Qırmızı Əmək Bayrağı” ordenini qəzetin bayrağına Azərbaycana yeni rəhbər seçilmiş ulu öndər Heydər Əliyev sancmışdır.

Bu təntənəli mərasim həm də respublikanın siyasi tarixinə milli gerçəkliyimizin diqqətçəkən hadisələrindən biri kimi daxil olmuşdur. Respublikaya cəmi 2 ay əvvəl yeni rəhbər seçilmiş ümummilli lider Heydər Əliyev müxtəlif ölkələrin və xalqların təmsilçilərinin iştirak etdiyi yığıncaqda o vaxtın mövcud qaydalarına uyğun olaraq rus dilində deyil, böyük cəsarət və millətsevərlik nümunəsi göstərərək, AKP MK-nın birinci katibi kimi ilk dəfə məhz ana dilimizdə çıxış etmişdir.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onun himayəsi ilə qəzet təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərməyə başlamışdır. 1970–1980-ci illərdə “Kommunist”in tirajı 500-600 min nüsxəyə çatmışdı və hər evdə, ailədə, bütün kollektivlərdə oxunurdu.

XX əsrin sonlarında – SSRİ-nin süqutu prosesində qəzetin kollektivi milli-azadlıq hərəkatını dəstəkləmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin önündə getmişdir. Kommunist rejiminin son dövründə qəzetdə imperiya mərkəzini və onun yerli vassallarını razı salmayan, xalqın haqq səsini yayan yazılar dərc olunmuşdur.

“Kommunist” qəzeti SSRİ-də Kommunist Partiyasının buraxılmasından və Azərbaycanın dövlət suverenliyinin elan olunmasından əvvəl öz müstəqilliyini elan edərək 1991- ci il avqustun 27-dən sonra məhz “Xalq qəzeti” adı ilə azad mətbuat orqanına çevrilmişdi.

Müstəqilliyimizin ilk illərində başı hakimiyyət davasına qarışan və hakimiyyəti meydan eyforiyası zəminində qəsb edən naşı, milli maraqları təmin edə bilməyən rəhbərliyin redaksiyanın fəaliyyətinə müxtəlif maneələr törətməsinə baxmayaraq kollektiv xalq işinə, suverenliyimizə sədaqət yolundan dönməmiş, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə qayıdışını inam və cəsarətlə dəstəkləmişdir. Qəzetin yeni tarixi şəraitdə normal fəaliyyəti və demokratik cəmiyyət quruculuğu prosesində fəal iştirakı da ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti kimi bərqərar etdiyi sabitlik və inkişaf dövründə mümkün olmuşdur.

1995-ci il noyabrın 13-də ulu öndər Heydər Əliyevin zəka və məramının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyasını dərc etməklə “Xalq qəzeti”nin fəaliyyətində yaranmış qısa fasilə bitmiş, redaksiyanın cəmiyyətdəki statusu və rolu özünə qayıtmışdır.

“Xalq qəzeti” bu gün respublikanın bütün ərazisində yayımlanır, xarici ölkələrdəki səfirliklərimizə, diaspor təşkilatlarına göndərilir. Xaricdə yaşayan soydaşlarımız internet vasitəsilə hər gün qəzetimizi izləyə bilirlər. Bu gün “Xalq qəzeti” də özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. Digər mətbuat orqanları kimi bizim də maliyyə çətinliklərimiz olur. Texniki vasitələrlə imkan daxilində daha yaxşı təmin olunmağa çalışırıq. Respublikanın bölgələrində redaksiyanın müxbir məntəqələri fəaliyyət göstərir.

Son 26 ildə “Xalq qəzeti” ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı ­Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı və səmərəli informasiya təminatının yaradılmasında öz zəngin təcrübəsi ilə fəal iştirak edir.

“Xalq qəzeti” ölkəmiz yenidən milli dövlətçilik məfkurəsinə qovuşandan sonra təcrübəli mətbuat orqanı kimi cəmiyyətdəki nüfuzunu artırır, ölkənin öncül qəzeti mövqeyini qoruyub saxlayır.

Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist

Oxumağa davam et
Reklam
Reklam

Gündəm