Son bir il ölkə həyatında böyük inkişaf və əlamətdar hadisələrlə zəngin oldu - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Son bir il ölkə həyatında böyük inkişaf və əlamətdar hadisələrlə zəngin oldu - Millət vəkili

Cənab Prezident İlham Əliyev xalqın böyük səs çoxluğu ilə yenidən seçilməsinin bir ili tamam olur. Bu bir il ölkə həyatında böyük inkişaf və əlamətdar hadisələrlə zəngin olub.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Cənab İlham Əliyevin seçkidən sonra qeyd etdiyi kimi ölkədə başlanan islahatlar daha da dərinləşdi, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu.

“Seçkidən əvvəlki dövrdə başlanmış iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorun diversifikasiyası siyasəti daha da genişlənməkdədir. Yeni sənaye müəssisələrin, istehsal, xidmət sahələrinin açılışları həyata keçirilir. Bununla yanaşı ölkədə daha çevik, məqsədyönlü, istiqamətlənmiş və şəffaf idarəetmə sisteminin yaradılması yönümündə işlər aparılır, struktur islahatların əhatə dairəsi genişlənməkdədir. Əhalini son üç ildə ən çox narahat edən fiziki şəxslərin problemli kreditlər məsələsi çox ədalətli və hamını məmnun ediləcək şəkildə həll olundu. Ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin vərəsələrinə 11000 manat vəsaitin ödənilməsi haqqında sərəncam imzalandı və bu sərəncamla vəsait alacaq şəxslərin əhatə dairəsi genişləndirərək uzun müddət şəhid ailələrini narahat edən əsas məsələ olan bu problem kökündən həll olundu. Ölkə başçısının sərəncamları ilə əmək pensiyaların, minimum əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin, prezident təqaüdlərin məbləğləri artırıldı, yeni müavinətlər və təqaüdlər təsis olundu. Bu onu deməyə imkan verir ki, cənab Prezident yenidən seçildikdən sonra sosial siyasət daha da dərinləşir, insanların rifahının yaxılaşması istiqamətində daha böyük addımlar atılmağa başlanılıb”.

Millət vəkili onu da vurğulayıb ki, ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi altında həm yola saldığımız 2018-ci il, həm də cari ilin 3 ayı çox uğurlu olub:

“2019-cu ilin yola saldığımız 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun 3%-i ötməsi ölkə başçısının apardığı düşünülmüş iqtisadi siyasətin bəhrəsidir. Xüsusilə, Azərbaycanın regionlarının sosial – iqtisadi inkişafı istiqamətində böyük layihələr icra olunur. Regionların sosial –iqtisadi inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir. Məhz bu məqsədi yüksək tutaraq Azərbaycanın regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar cənab İlham Əliyevin təsdiq etdiyi üç Dövlət Proqramı icra olunub, 4-cü Dövlət Proqramı isə bu ilin yanvarın 29-da təsdiq edib Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. İcra olunan 3 Dövlət Proqramı regionlara 70 milyard manatdan çox vəsaitin yönəldilməsinə imkan yaradıb. Bu gün Azərbaycanın ucqar dağ kəndindən başlanmış şəhər mərkəzlərinə qədər elə bir yaşayış məntəqəsi yoxdur ki, orada hər hansı bir yenidənqurma işləri aparılmasın. Artıq Azərbaycanın regionlarının sənayeləşməsi prosesi gedir. Neftçalada, Hacıqabulda, Masallıda, Sabirabadda sənaye məhəllələri istifadəyə verilib və verilməkdədir. Regionlarda yerləşən şəhərlərdə sənaye parkları istifadəyə verilir. Mingeçəvir Yüngül Sənaye Parkında iki istehsal müəssisəsi istifadəyə verilib. Gəncədə yeni sənaye müəssisələri fəaliyyətə başlayıb və ölkə başçısının qeyd etdiyi kimi bütün rayonlarda sənaye məhəllələrinin tikilməsi həyata keçiriləcək. Kənd təsərrüfatının inkişafı istiqamətində böyük layihələr icra edilir. Aqroparklar və iri fermer təsərrüfatlarının yaradılması prosesinə başlanıb. Regionlarda yeni emal sənayesi müəssisələri, saxlama kameraları, logistik mərkəzlər tikilir ki, bu da ölkədə kənd təsərrüfatı məsullarının itkisiz tədarükünə şərait yaradır. Təkcə 2019-cu ilin yanvar-fevral aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt Şəhərində SOCAR karbamid zavodu, Politilen zavodu, Beyləqan rayonda Olimpiya İdman Kompleksi, Tarix- Diyarşünaslıq Muzeyi, müxtəlif rayonlarda avtomobil yolları, Şəmkir rayonunda mərkəzi rayon xəstəxanası, məktəb binaları, məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib. Ölkə başçısının təsdiq etdiyi Regionların Sosial-İqtisadi İnkişafı IV Dövlət proqramında yeni hədəflər müəyyənləşdirilib və bu proqramın icrasına ilkin olaraq 17 milyard manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə götürüləndə qeyd etmək olar ki, Prezdentin son bir ilki fəaliyyəti xalqın birbaşa rifahının yaxşılaşmasına yönəlmiş və bu da xalq-prezident birliyini daha da möhkəmləndirib.Fransanın "Opinon Way" şirkətinin apardığı ictimai rəy sorğusu zamanı da respondentlərin 85,1% prezdentin son bir illik fəaliyyətindən razı qalması da bu günki Azərbaycan reallığıdır. Gecə,gündüz fəaliyyətini Azərbaycanın çiçəklənməsinə yönəltmiş cənab İlham Əliyev xalq tərəfindən böyük sevgi və rəğbət qazanmış çox az dövlət başçılarındandır. Bu gün prezidentlik fəaliyyətinin uğurlu bir ili başa çatması münasibətilə ölkə başçısını təbrik edir, gələcək fəaliyyətində də böyük uğurlar arzulayıram. Düşünürəm ki, gələcəkdə də ölkəmizdə prezdent-xalq birliyi daha da möhkəmlənəcək, Azərbaycan dünyada öz inkişafı və qüdrəti ilə seçilən ölkə olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm