Azərbaycanın media kapitanlarından Britaniyaya ETİRAZ - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın media kapitanlarından Britaniyaya ETİRAZ - FOTO

Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusund dəyirmi masa keçirilir.

Publika.az xəbər verir ki, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasın sədri Əflatun Amaşov bildirib ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Çempionlar Liqası çərçivəsində “Arsenal”-“Çelsi” oyunu ilə bağlı müxtəlif beynəlxalq nəşrlər öz mülahizələrini yaymağa başlayıblar. Böyük Britaniya XİN bununla bağlı bəyanat yayıb: “Bundan sonra müxtəlif nəşrlər Londonun Bakıdan uzaq olması, Bakıda mehmanxanaların bahalı olması və sair xəbərlər yaymağa başladılar. Bu xəbərlər Ermənistan KİV-lərində də yer almağa başladı. Bu cür yazılar Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər zamanı dünya mətbuatında yer alıb. Onlar Azərbaycanla bağlı qara planların həyata keçirməyə çalışıblar. Bizim bura toplaşmaqda məqsədimiz odur ki, dünya mətbuatında gedən bu sayaq xəbərlərə, yazılara öz münasibətimizi bildirək. Britaniya jurnalistlərinə ünvanlanan bir bəyanat qəbul edək”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hazırda dünyada həm səssiz, həm hibrid, həm də informasiya müharibəsi aparılır: “Bizə qarşı hazırda aparılan bu müharibə informasiya müharibəsidir. Mən bu xəbər yayılandan dərhal sonra Londonla Bakıda baş verən kriminal hadisələrin müqayisəsini apardım. Məlum oldu ki, Londonda baş verən kriminal hadisələrin sayı Bakıda baş verən kriminal hadisələrdən dəfələrlə çoxdur. Düşünmürəm ki, Böyük Britaniya XİN bu reallıqlar barədə xəbərsizdir. Bakıda 12 min Britaniya vətəndaşı yaşayır, BP kimi böyük şirkət fəaliyyət göstərir. Onlara qarşı heç bir kriminal hadisə baş verməyib. Biz qəbul edəcəyimiz bəyanatda bu məqamlar da əksni tapmalıdır”.

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı bildirib ki, Böyük Britaniya XİN-in sözügedən bəyanatı həqiqətən qərəzli və böhtan xarakterlidir.

O qeyd edib ki, Azərbaycan paytaxtı bu gün dünyanın ən sabit paytaxtlarından, ən sakit şəhərlərindən biridir: “Ümumiyyətlə, Azərbaycan bu gün Cənubi Qafqazda ən sabit ölkədir. Son 25 ildə Azərbaycanda hər hansı terror aktı baş verməyib. Amma bir çox Avropa ölkələrinin paytaxtlarında, o cümlədən Londonda dəfələrlə terror aktı baş verib. Bu baxımdan Britaniya XİN-in bəyanatı anlaşılan deyil, qərəzlidir. Çox təəssüf ki, Azərbaycan hər dəfə beynəlxalq tədbirlər ərəfəsində bu cür hadisələrlə üzləşir”.

A.Camalqızı bildirib ki, Bakıda bir nəfər də mafioz qrup, kriminal avtoritet yaşamır: “Amma dünyanin ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində mafioz qruplar, kriminal qruplaşmalar var. Sözügedən bəyanatda küçələrin işıqlandırılmasının həyata keçirilmədiyi qeyd olunub ki, bu da absurddur”.

“Teleqraf Holdinq”in rəhbəri qeyd edib ki, Azərbaycan multikultualizm, tolerantıq mərkəzidir: “Bu qərəzli münasibətə ən böyük cavab odur ki, Azərbaycanda BP kimi nəhəng Britaniya şirkəti çox rahatca neft çıxara bilir və onun, eləcə də digər ingilis şirkətlərinin əməkdaşlarına heç bir təhlükə olmur. Bu baxımdan mən hesab edirəm ki, belə bir bəyanatın hazırlanması çox yerində atılan addımdır və lazımlıdır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid təklif edib ki, Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya diplomatlarına, əməkdaşlarına müraciət edilsin: “Bakıdakı barlarda gecələr ən çox olanlar da məhz ingilislərdir. Desinlər görək, onlara qarşı hər hansı təhlükə olubmu?! Digər tərəfdən bu bəyanat özünü sığortalamaq üçün lazımdır. Çünki özləri də bilirlər ki, ingilis azarkeşlər necə çılğın azarkeşlərdir. Azərbaycan vətəndaşları təmkinli olmalıdırlar”.

Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, “Bakı-Xəbər” qəzetininin baş redaktoru Aydın Quliyev öz fikirlərini açıqlayıb, müxtəlif təkliflər irəli sürüblər.

Səxavət

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm