Azərbaycan xaricdən necə görünür? - Qürbətdə fəaliyyət göstərən jurnalistlərimiz danışır
Bizi izləyin

Nida Xəbər

Azərbaycan xaricdən necə görünür? - Qürbətdə fəaliyyət göstərən jurnalistlərimiz danışır

Bu gün bəlkə də minlərlə jurnalist Milli Mətbuat Gününü, peşə bayramını qeyd edir. Bəlkə də uzun müddətdir bayram günümü Vətəndən kənarda iş başında qeyd etdiyimdən, ya da edə bilmədiyimdən onları axtarmağa başladım. Mediamızın ən fədakar jurnalistlərini. Qürbətdəki elçilərimizi bu gün yada salmaq, tanımaq, tanıtmaq lazımdır.

Beləliklə Publika.az Milli Mətbuat Günündə xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı juranlistlərin təəssüratlarını təqdim edir:

Şahin Cəfərov 2011-ci ilin martından AZƏRTAC-ın xüsusi müxbiri kimi Çin Xalq Respublikasında çalışır. O, AZƏRTAC-ın Çində ilk nümayəndəsi olmaqla yanaşı, həm də Azərbaycandan Çində daimi fəaliyyət göstərməyə başlayan ilk jurnalistdir:

“Təzə vaxtlarda müəyyən çətinliklər vardı. Bu çətinliklər əsasən fərqli bir siyasi sistemə malik olan ölkədə yeni fəaliyyətə başlayan əcnəbi bir jurnalistin uyğunlaşması ilə bağlı idi. Xüsasən, Azərbaycan-Çin münasibətlərinin müxtəlif aspektləri ilə bağlı materiallar hazırlamaq, bu çərçivədə Çində Azərbaycanla bağlı keçirilən tədbirləri, Azərbaycandan Çinə səfər edən müxtəlif nümayəndə heyətlərinin səfərlərini, Çində keçirilən beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, yarışlarda, sərgi və konfranslarda Azərbaycan təmsilçilərinin iştirakını işıqlandırıram. Bundan başqa, Çinin siyasi, iqtisadi, mədəni və digər sahələrində baş verən ən mühüm hadisələr barədə xəbərlər hazırlayırıq”.

Şahin bəyin sözlərinə görə, eyni zamanda, Çinin bir çox media qurumları ilə də sıx əməkdaşlıq işləri görülür: “Ölkəmizin hərtərəfli inkişafı, müxtəlif sahələrdə əldə edilən uğurlar barədə Çin ictimaiyyətinin məlumatlandıırıması üçün Çinin nüfuzlu media qurumları, xüsusən də “Sinxua” agentliyi, "Jenmin jibao" və "China Daily" qəzeti ilə sıx əməkdaşlıq əlaqələrimiz var. AZƏRTAC-ın ölkəmizlə bağlı təqdim etdiyi materiallar bu media qurumları vasitəsi ilə nəinki Çində, həm də dünyada geniş yayılır”.

2010-cu ildən Azərbaycan Televiziyası və Radiosunun müxbir məntəqəsində çalışan Zakir Musayev qeyd edir ki, televiziyanın Moskva müxbir məntəqəsi, iki dövlət arasndakı münasibətlərin, qarşılıqlı əməkdaşlığın işıqlandırılmasında mühüm və vacib rol oynayır: “Əsas işimiz Azərbaycan və Rusiyanın ictimai-siyasi həyatında baş verən hadisələri operativ şəkildə işıqlandırmaqdır. Hazırda rəhbərlik tərəfindən göstərilən diqqət nəticəsində, büronun texniki təchizatı müasirləşib və göstərilən etimaddan irəli gələrək biz hadisə yerindən vaxtında xəbər çatdırmaqla bərabər, həmçinin Moskvadan müxtəlif tədbirlərdən canlı bağlantılar da həyata keçiririk”.

Musayev iş prosesindəki çətinliklərdən də bəhs edir:

“Hər bir işdə olduğu kimi müxbir-reportyorluq işində də çətinliklər qaçılmazdır. Lakin "xəbər gəcikməz" prinsipiylə yaşadığımdan çalışıram ki, hər zaman xəbərin mərkəzində olum. Bir dəfə ən böyük çətinliyim ezamiyyət zaman baş verdi. Axşam xəbərlərin başlamasına bir neçə dəqiqə qalmış redaksiyadan deyildi ki, süjetdə “brak” var, mən isə artıq qatarla Moskvaya dönürdüm, nə səsi oxumağa yer var, nə internet, nə də kompüteri qoşmaq üçün cərəyan. Lakin bütün çətinlikləri aradan qaldıraraq, süjeti vaxtında göndərə bildim və reportaj öz vaxtında yayımlandı”.

O, qeyd edir ki, Rusiyada Azərbaycanın, paytaxt Bakının çox böyük nüfuzu var: “Həm rusiyalılara, həm də Rusiyanın istənilən dövlət məmuruna Azərbaycan dedikdə çox böyük hörmətlə qarşılanırıq. Rusiyada bizi sevirlər, bizim ölkəni görmək istəyirlər, paytaxtımız, mədəniyyətimiz, mətbəximiz, tariximiz, bir sözlə bütövlükdə bir Azərbaycan sevgisi hiss olunur.

Hazırda informasiya sərhəd tanımır, sosial şəbəkələr, informasiya agentlikləri, demək olar ki, hər an yeni xəbər və məlumat çatdırır. Bu cür informasiya axınında hər zaman diqqətli olmalısan və hər xəbəri qəbul edərək dəqiq və düzgün formada tamaşaçıya çatdırmaq lazımdır və heç bir halda unutmamalısan ki, sən azərbaycanlısan və Azərbaycana xidmət edirsən”.

2011-cı ildən AZƏRTAC-ın Türkmənistan və Qazaxıstan üzrə xüsusi müxbiri təyin olunan İlahə Əhmədova qeyd edir ki, xarici ölkədə müxbir kimi çalışmaq çox məsuliyyət tələb edir: “Təmsil olunduğumuz ölkələrin media qurumları ilə əməkdaşlığı möhkəmləndirmək və daha da inkişaf etməyə çalışırıq. AZƏRTAC Qazaxıstanın "Kazinform" və Türkmənistanın "TDH" agentlikləri ilə əməkdaşlıq memorandumu imzalayıb. Müxbir olaraq mən də agentliklər arasında münasibətlərin dərinləşməsinə çalışıram. Məqsədimiz Azərbaycanda baş verən siyasi-iqtisadi islahatları xarici ölkə ictimaiyyətinə çatdırmaq, yerli mediada işıqlandırmaqdır”.

İlahə xanım qeyd edir ki, Qazaxıstanla ölkəmiz arasında qardaşlıq, dostluq münasibətləri dərin köklərə malik olduğundan, qazaxlar Azərbaycanı və azərbaycanlıları çox istəyir: “2016-cı il aprel döyüşləri zamanı qazaxlar el birliyi ilə sosial şəbəkələrdə iki ölkənin bayraqlarını (Azərbaycan-Qazaxıstan) paylaşaraq Azərbaycanı dəstəkləyirdi. Ölkəmizin kənardan sevilərək görünməsi qürürvericidir. Onu qeyd edim ki, Azərbaycan kənardan tam fərqli görünür. Təmsil olunduğum ölkədə Azərbaycanın gözəl və zəngin təbiətinə, qonaqpərvərliyinə, gündən-günə gözəlləşən paytaxtına həsəd aparırlar”.

2018-ci ildən İspaniya, Portuqaliya və Mərakeş ölkələri üzrə xüsusi müxbir kimi çalışan Nigar Cəfərli qeyd edir ki, muxbirlik fəaliyyətinin böyük hissəsi Baltikyanı və Finlandiyada işlədiyi müddətə təsadüf edir:

"Bu müddət ərzində Baltikyanı dövlətlərdə və Finlandiyada ölkəmizin hər tərəfli inkişafı haqda yerli mətbuatda dəfələrlə çıxış etmişəm. Bu ölkələrin bizə münasibəti çox istidir, həm bizi birləşdirən tarixə, həm də bugünkü nüfuzumuza görə yerli əhali arasında Azərbaycan geniş populyarlıq qazanıb. İnanın ki, həmin ölkələrdə nazirlərdən, yüksək səviyyəli dövlət məmurlarından müsahibə almaq problem deyildi, çünki eşidəndə ki, Azərbaycanın mətbuat nümayəndəsiyəm, onlar məmnuniyyətlə müsahibəyə razılıq verirdilər. Əlbəttə ki, bu işdə həm də bizim diplomatik nümayəndəliklərimizin danılmaz xidmətləri var. Amma sizə deyim ki, orda yaşayan və fəaliyyət göstərən Azərbaycan diasporlarının da rolu böyükdür. Finlandiyada mədəniyyət və incəsənət xadimlərindən ibarət Azərbaycan icması fəaliyyət göstərir və əlbəttə ki, onlar bizim mədəniyyətimizi Finlandiya cəmiyyətində layiqli təmsil edirlər.

İspaniya bir az fərqli ölkədir, Avropanın demək olar ki, tam mərkəzidir və bu ölkənin mətbuatında çıxış etmək çox vacibdir. Ümid edirəm ki, İspaniyadakı fəaliyyətim nəticəsində yerli əhali bizə bir az da yaxınlaşacaq. AZƏRTAC-ın rəhbərliyi daim fəaliyyətimizin təkmilləşdirilməsi, ölkəmizin təbliği ilə bağlı, həmçinin informasiya texnologiyaları vasitəsilə xəbər mübadiləsinin gücləndirilməsi məqsədilə qarşımızda yeni vəzifələr qoyur".

2013-cü ildən Azərbaycan televiziyasının Şimali Afrika və Ərəb Əmirlikləri üzrə təmsilçisi Amal Alışarlı qeyd edir ki, büronun fəaliyyətinin əsas mahiyyəti Azərbaycan ilə Ərəb ölkələri arasında əlaqələrin informasiya yükünü daşımaq və ölkəmizin bu regionda düzgün və obyektiv təbliğinə töhfə verməkdir. “Azərbaycanın dövlət və hökumət rəsmilərinin region ölkələrinə səfərlərindən tutmuş, ölkəmizin burada keçirilən regional və beynəlxalq tədbirlərdə təmsil olunmasına, ikitərəfli və çoxtərəfli iqtisadi, ticarət, mədəniyyət, turizm və idman kimi əlaqələrdə yenilikləri, informasiyanı çatdırırıq. Hər bir peşənin başlanğıcında çətinliklər olur. Bizim də büronun fəaliyyətinin ilk aylarında müəyyən problemlər yaranırdı, adaptasiya olanadək, müəyyən vaxt ərzində çətinliklər olur. İstər iqlim şəraitinə uyğunlaşmaq, istər ictimai xarakterli. Ancaq onlar zamanla həll ediləsi çətinliklər idi”.

O, Azərbaycanın Ərəb coğrafiyasında çox sevildiyini qeyd edir:

“Azərbaycan mənim vətənimdir. Hansı regiondan baxmağımdan asılı olmayaraq mənim üçün hər zaman xəritənin ən dəyərli nöqtəsi Azərbaycandır. Ərəb coğrafıyası ilə Azərbaycan arasında iqtisadi, ticari, xüsusilə turizm əlaqələrinin son illər necə inkişaf etdiyi hamımıza məlumdur. Yüz minlərlə turist burdan Azərbaycana axın edir. O insanların Azərbaycan haqqında maraqlanması, mütəmadi gedib gəlmələri bunları müşahidə etmək çox maraqlıdır və fəxrlə deyə bilərəm ki, Azərbaycan burada çox sevilir, xüsusi hörmətə malik ölkədir. Bu, burada çalışmaq üçün ən önəmli stimuldur’.

Amal bəy başına gələn maraqlı əhvalatı da bizə danışır:

“Mənim adımın Ərəb coğrafiyasında əsasən qız adı olması, bəzən gülməli məqamlara səbəb ola bilir. Məsələn, hansısa idarədə, sənədləşmə işində müraciət etdikdə, baxıb deyirlər ki, Amal xanımı gözləyirdik, siz gəldiniz və s. Məndə qıcıq yaradan, dost-tanışda isə gülüş yaradan belə hallar olur’.

7 ildir ki, Moskvada çalışan AZƏRTAC-ın Rusiya üzrə xüsusi müxbiri Fəridə Abdullayeva deyir ki, Rusiyada Azərbaycana münasibət çox yaxşıdır. Heç deməzdim ki, nəsə çətinlik var. Çox bəyənirlər. Kimi görürsən, Azərbaycanda olubsa, ağızdolusu danışır. Biz özümüz orada yaşayanda diqqət etmirik, amma elə tərifləyirlər, hətta görməyənlər də tərifləyir: “Dəfələrlə taksi sürücüləri olub, biləndə Azərbaycandanam başlayırlar danışmağa. Deyirlər ki, kimsə Azərbaycanda olub tərifləyirlər ki, Bakı çox gözəl, müasir şəhərdir. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycan çox inkişaf edib. Hələ ki, mənfi fikir söyləyən olmayıb. Ola bilər, Azərbaycanda Rusiya ilə bağlı müsbət informasiya az görünür, amma Azərbaycana münasibət çox yaxşıdır. Hansısa ayrı-seçkiliyi heç vaxt hiss etməmişəm.

Azərbaycan kənardan belə görünür. Qürur duyulası məqamdır. Yadıma salmıram elə bir hal ki, Azərbaycana görə utanam. Rusiyanın xüsusilə bölgələrinə gedəndə Azərbaycanın bölgələri dəfələrlə inkişaf edib, yollar, infrastruktur və s. nəzərə çarpır”.

Fəridə xanım bildirir ki, Rusiya rəsmiləri mətbuata çox açıq olduğundan onlardan çox rahat şəkildə müsahibə almaq, istənilən tədbirdə gördükdə yaxınlaşmaq olur, çətinliklər isə dərhal aradan qaldırılır: “Keçən il bir çətinliyimiz oldu, bir ara miqrasiya məsələsi ilə bağlı. Bütün xarici jurnalistlərin Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyası olur. Bizə bir illik akreditasiya verilir ki, həmin il ərzində qeydiyyatda oluruq ki, müvəqqəti orada yaşayaq. Xarici İşlər Nazirliyindən məktub gətirməyimizə baxmayaraq, çətinliklər yaratmışdılar. Bizi ancaq üç aylıq qeydiyyata alırdılar, sonra deyirdilər ki, gərək ölkədən çıxasınız, yenidən qayıdasınız ki, sizə yenidən üç aylıq qeydiyyata alaq. Mən də Rusiya prezidentinin mətbuat xidmətinə zəng etdim. Onlara bu məsələni danışdım ki, bizə kömək etsinlər. Heç gözləmirdim bu reaksiyanı. Səhər mənə Miqrasiya Xidmətindən zəng etdilər, ən yüksək səviyyədə dinlədilər. Tək mənim üçün deyil, digər Azərbaycan jurnalistlərinin də problemi həll edildi.

Tək çətinlik odur ki, Vətəndən kənarda yaşamaq elə də asan deyil. AZƏRTAC-da iş elə qurulub ki, hər zaman bir-birimizə dəstək oluruq. Ona görə arxa cəbhədən ürəyin sakit olanda, işləmək də asan olur’.

12 ildir Türkiyədə Azərbaycan Televiziyasını təmsil edən Yalçın Tahiroğlu vurğulayıb ki, Türkiyədə işləmək həm də xüsusi məsuliyyət tələb edir:

“Azərbaycan Türkiyədən bəlkə başqa ölkələrlə müqayisədə daha aydın görünür. Türkiyənin bir vaxtlar iqtisadi çətinliklə içində olan Azərbaycana yardım göstərdiyi günlərdən, indi ölkəmizin Türkiyədə ən böyük xarici sərmayədara çevrildiyi günə gələn yolu müşahidə etmək həm maraqlı, həm də hazırda qürurvericidir. Bunu görüşdüyümüz bütün nüfuzlu siyasətçilər, ictimai xadimlər qeyd edirlər”.

Azərbaycana burada münasibət hər zaman çox müsbət olub. Lakin son illər, bu sevgi getdikcə daha da artır. Bu mənada Prezidentimiz cənab İlham Əliyevin Türkiyədə növbəti terror hadisələrindən birindən sonra Ankaraya gəlməsi və Prezident Ərdoğanla səmimi şəkildə sarılaraq, dəstəyini ifadə etməsi burada hər kəsi olduqca duyğulandıran hadisə kimi tarixə düşdü. Azərbaycana sevgini hər addımda, hər yerdə hiss etmək olur. Televiziya kanallarında, əyləncə məkanlarında səslənən Azərbaycan musiqisindən, müxtəlif qurumların keçirdiyi rəy sorğularında "Türkiyəyə dost ölkə" sualına verilən cavablarda Azərbaycaın yüksək faizlə şəksiz lider olmasına qədər.

Yalçın bəy ilk günlərdə başına gələn maraqlı hadisəni də paylaşır:

“Azərbaycanda Türkiyə kanalının nümayəndəsi olmuşam. 1995-ci illər Bakı-Tbilisi-Ceyhan neft kəməri gündəlikdə idi, qərar qəbul edilməmişdi. Türkiyə üçün çox əhəmiyyətli məsələ idi. Nümayəndə heyətlərindən Bakıya səfərində görüşlərlə bağlı gecə saat 11-də canlı yayıma bağlanmalıydım. Efirdə yorğun olduğumu görüblər. Qulağıma deyirlər ki, enerjili ol, mən də onu səhv başa düşmüşəm ki, canlı yayım başlamamış deyirəm ki, enerji məsələsi hələ müzakirə edilməyib. Onlar da deyirlər yox e, deyirik, canlı ol”.

Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm